15 iyul 2020 16:59
2370

Məhkəmə-hüquq sistemi: yeni islahatlar, böyük gözləntilər...

Müasir dövrün qlobal çağırışlarına cavab verən müstəqil Azərbaycanda bu gün mühüm islahatlar həyata keçirilir, uğurlu nəticələr əldə edlir. Təbii ki, bu islahatlar həyatın bütün sahələrini əhatə edir. Hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən, müstəqilliyini daha da möhkəmləndirən gənc respublikamız hazırda beynəlxalq aləmdə nüfuz, söz sahibi kimi öz yerini və rolunu gücləndirməkdədir.

Azərbaycanın demokratik dəyərlərə sadiq müstəqil dövlət kimi formalaşmasıda ümummilli lider Heydər Əliyevin böyük xidmətləri var. XX əsrin 90-cı illərinin əvvəllərində, müstəqilliyin bərpasının ilk vaxtlarında Azərbaycan böyük və çətin sınaqlarla üz-üzə qalmışdı, hətta dövlət olaraq var olmaq və ya yox olmaq kimi bir təhlükə ilə qarşı-qarşıya dayanmışdı. Hadisələr Azərbaycanın əleyhinə cərəyan edirdi, daxili qarşıdurmalar və xarici təzyiqlər isə müstəqillik və suverenliyimizin itirilməsi ilə nəticlənmək üzrə idi. Ta ki, ümummilli lider Heydər Əliyev ölkəmizdə növbəti dəfə hakimiyyətə gələnə qədər...

Ümummilli lider Heydər Əliyev həyatın bütün sahələrində, xüsusilə hüquqi, demokratik dövlət idarəçiliyinin yaradılması istiqamətində gördüyü işləri xüsusi olaraq qeyd etmək gərəkdir. O dövrdə yenicə müstəqillik əldə etmiş bir dövlətin inkişafında mükəmməl qanunvericlik bazasının yaradılması, qanunun aliliyinin təmin edilməsi mühüm şərt idi. "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” deyən dahi lider Heydər Əliyevin rəhbərliyi ilə zaman keçdikcə bu sahədə böyük uğurlar qazanıldı. Ümummilli Lider yeni Konstitusiya layihəsinin hazırlanmasını öz üzərinə götürdü və bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etdi. 1995-ci ilin noyabrında isə ümumxalq səsverməsi yolu ilə Konstitusiyamız qəbul edildi. Bu tarixi günlərdə ulu öndər Heydər Əliyev deyirdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin formalaşması ümummilli lider Heydər Əliyevin xüsusi diqqət mərkəzində olub. Konstitusiyanın qəbulu ilə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq qanunverici və icra hakimiyyəti ilə eyni statusu qazandı. Ulu Öndərin təşəbbüsü ilə 1997-ci ildə "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul edildi. Qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair Fərman imzalandı. Ümummilli Liderimizin rəhbərliyi ilə aparılan əsaslı məhkəmə-hüquq islahatları nəticəsində keçmiş yeni, üçpilləli müstəqil məhkəmə sistemi formalaşdırıldı. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis olundu.

Ulu öndər Heydər Əliyev ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına uyğunlaşdırılmasına başlanıldı. Bir çox mühüm islahatlarla yanaşı, yeni hakimlərin çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən ibarət olan seçimləri xüsusi şəffaflığına və obyektivliyinə görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirildi. Zaman keçdikcə yeni regional məhkəmə, apellyasiya məhkəmələri və inzibati ədliyyə sistemi yaradıldı, hakimlərin sayı 2 dəfə artırıldı, məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun sözlərinə görə, məhkəmə-hüquq islahatları Azərbaycanın dövlət siyasətində hər zaman prioritet istiqamətlərdən biri olub: “Biz son 2 ildə bu istiqamətdəki fəaliyyətin xüsusilə intensivləşməsinin şahidi oluruq. Qeyd edim ki, Milli Məclisin yaz sessiyasında müvafiq icra hakimiyyəti orqanından daxil olmuş layihə əsasında cinayət prosessual qanunvericiliyində əhəmiyyətli dəyişikliklərin edilməsi bu islahatların kifayət qədər vacib və mühüm həlqəsini təşkil etdi. Burada əsas məqsəd informasiya texnologiyalarının hazırkı inkişaf tendensiyası və mövcud imkanlarından ədalət mühakiməsinin daha təkmil və səmərəli formada həyata keçirilməsində istifadə etmək oldu. Hesab edirəm ki, qanunvericilikdə görünən formada biz bu məqsədlərə nail olmağı bacardıq”.

Bəhruz Məhərrəmov qeyd edir ki, digər məqsədlərdən biri informasiya texnologiyalarından istifadə etməklə məhkəmələrə əlçatanlığı asanlaşdırmaq, məhkəmələrdə video bağlantılar vasitəsilə iştirakdır: “Bununla məhkəmə prosesinin kənarda olan iştirakçılarının, məsələn şahidlərin əlavə enerji, güc, hər hansı maddi vəsait xərcləmədən ədalət mühakiməsində iştirakına cəlb olunması həyata keçiriləcək prosedurlara öz müsbət təsirini göstərəcək. Ümumilikdə son dövrlərdə məhkəmə-hüquq islahatları ilə bağlı həyata keçirilən tədbirləri müsbət qiymətləndirirəm. Hesab edirəm ki, islahatlar ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində yeni bir mərhələnin başlanğıcıdır. Bildiyiniz kimi, postpandemiya dövrü informasiya texnologiyaları  dövrüdür, bu həm də informasiya inqlabından sonrakı mərhələ deməkdir. Hesab edirəm ki, bu addımları atmaqla biz, eyni zamanda məhkəmə-hüquq sistemini yeni dövr üçün hazırlamış olduq”.

Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının sədri Akif Eyvazov “İki sahil”ə açıqlamasında son dövrlər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirdi: “Möhtərəm Prezidentimiz İlham Əliyevin məhkəmə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirərin davamı olaraq imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı xüsusi olaraq vurğulamaq lazımdır. Sənəddə qeyd edilir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır”.

Akif Eyvazovun sözlərinə görə, ötən dövrdə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələn həllivacib məqamlarla bağlı mühüm tədbirlər görülüb: “Təbii ki, bu istiqamətdə həyata keçirilən islahatlar bundan sonra da davam etdiriləcək. Azərbaycanda hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılması istiqamətində qanunvercilik və institusional islahatlar genişləndiriləcək. Bu və digər amillər isə bir daha onu deməyə əsas verir ki, demokratik və hüquqi dövlət quruculuğu prosesi ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Rəşad Bağırov,
“İki sahil” qəzetinin baş redaktorunun texniki məsələlər üzrə müavini

 

"Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür"