23 aprel 2019 10:45
972

Mənəvi dəyərlərimizi maddi maraqlara qurban verməyək!

Bu gün cəmiyyətdə bir ideoloji mübarizə gedir. Mübarizənin bir tərəfində milli mənəvi dəyərlərimizi qoruyanlar, digər tərəfində ona qənim kəsilənlər durur. Həmin ictimai mənzərə əslində belə görünür: ziyalı ilə cahil, peşəkarlarla qeyri-peşəkarlar açıq müstəvidə savaş aparırlar. Təəssüf ki, cəmiyyət  uzun  illər  məhz ikincilərin hərəkətlərinə o qədər loyal yanaşdı ki, onlar da bu münbit şəraitdən istifadə edərək bütün mənəvi dəyərləri ayaqlar altına atmağa imkan tapdılar.

Rusların  atalar sözü var: “Həyasızlıq ikinci xoşbəxtlikdir.” Bu mənada indi şou-biznes adlı ifrat mədəniyyətsizlik mühitində “at oynadanlar” istedadlarına deyil, həyasızlıqlarına güvənənlərdir. Bu işdə təbii ki, bəzi telekanallar və mətbuat orqanları ziyalının tərəfini az tutur. Ona görə ki, orada çalışanların böyük əksəriyyəti qeyri-peşəkarlardır.

Əslində, peşəkar jurnalistlərin qəniminə çevrilmiş bəzi telekanallardan ziyalı mövqeyi, intellektual verilişlər gözləmək də mümkün deyil. Əvəzində efirlərdə  küçə əxlaqı tüğyan edir. Həmin əxlaqı aşılayanlar anlasınlar ki, bu bir bumeranqdır. Hədəfə çatmayanda qayıdıb özlərinə dəyəcək.

Mətbuat kommersiya vasitəsidir, yoxsa cəmiyyətin ideoloji avanqardı? Müstəqilliyini yeni qazanan və yeni ictimai sistemdən digərinə keçid dövrünü yaşayan ölkəmizdə indi bu sual daha aktualdır. Qənaətimizcə, mətbuatın kommersiya vasitəsi olmasından çox ideoloji vasitə olması xüsusi önəm daşıyır. Ona görə ki, yarandığı ta qədim dövrlərdən  mətbuatın bir ali vəzifəsi olmuşdur: Kütlənin səviyyəsini onun düşünən beyinlərinin,  ziyalılarının səviyyəsinə qaldırmaq. O yerdə ki, qəzetlər,  televiziyalar bu vəzifənin öhdəsindən gələ bilmirlər, orada ideoloji aşınmaların və  sapmaların baş verməsi faktları mövcuddur.

İndi Azərbaycan cəmiyyətinin məhz kütlənin səviyyəsini yüksəldən  mətbuata və televiziyalara ehtiyacı daha çoxdur. Ona görə ki, bizim işğalda qalan torpaqlarımız, Ermənistan kimi düşmənimiz var və biz  güclənməliyik, qüdrətli ölkəyə çevrilməliyik. Bunun yolu  isə  təbii ki, elmdən, yüksək təhsildən, ziyalı cəmiyyətdən keçir.

Böyük qüsurdur ki, indi bəzi televiziyalarda şou-verilişlər, maarifləndirici və intellektual verilişləri birəbeş nisbətdə üstələyib.  Məhz bu qüsurlara görə, ötən illərdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev televiziyalarımızın milli mənəvi dəyərlərə sayğısızlığını tənqid edən möhtəşəm elmi-təhlili  məqalələrlə çıxış etdi. Məqalələrdə ölkənin iqtisadi inkişafı dövründə mədəni, ziyalı cəmiyyətin formalaşması istiqaməti geniş təhlil edilmişdi.

Belə bir məşhur bir ifadə var: “Herostat şöhrəti”. Qədim dövrlərdə bir qul məşhurlaşmaq və hamının diqqətini cəlb etmək üçün məşhur məbədi yandırır. İndi bəzi televiziya kanallarımız çox vaxt tamaşaçının diqqətni cəlb etmək üçün, cəmiyyətin qəbul etmədiyi davranışlara intellektual verilişlərdən daha çox önəm verirlər.

Ən dəhşətlisi isə odur ki, son illərdə meyxanalarda və replərdə kriminal aləm, narkomaniya, avtoxuliqanlıq, əyyaşlıq açıq mətnlə təbliğ edilir. Gənclərin avtomobildə ən çox oxutduqları meyxanaların mətninə diqqət yetirin: “İynə vururam, zırranıram, kayf tuturam qəşəng-qəşəng...”   

Və yaxud: “Tı druq, ya druq, mı kriminalnıy kruq” meyxanasında əsl kriminal aləm təbliğ edilməklə ədəbsiz  ifadələr, güllə səsləri. Və yaxud Azərbaycan qadınlarına yönəlik aşağılayıcı meyxanalar: “Şəhər partlayır- qızlar gəzir onnan-bunnan, qız axtarırsan bulvarda tonnan”. Avtoxuliqanlığı təbliğ edən onlarla meyxana var ki, hələ də artmaqda davam edir.

Təbii ki, bu meyxana və replər xüsusi studiyalarda yazılırsa məsuliyyəti onlar da daşıyırlar. Ona görə ki, belə əxlaqsız və cinayətə meyilli meyxana və replərin meydana çıxmasında bilavasitə onların da günahı var.

Bu gün Prezident İlham Əliyevin həqiqi ziyalılara göstərdiyi diqqət və qayğı, onların sənətinə verdiyi yüksək qiymət də cəmiyyətimizdə birmənalı olaraq təqdir edilir. Azərbaycanın mədəniyyət xadimləri, elm adamları sözün həqiqi mənasında dövlətin hərtərəfli qayğısından razılıq edirlər. Bundan başqa, milli mənəvi dəyərlərimizin qorunması ölkəmizin başçısı tərəfindən həmişə diqqətdə saxlanılıb. O, həqiqi ziyalıların, istedadlı insanların qayğısına qalmaqla bərabər, onların  hörmət və nüfuzunun artması istiqamətində real addımlar atıb. Xüsusən ölkə başçısı elan edib ki, biz mədəniyyətimizi və mənəvi dəyərlərimizi bazar iqtisadiyyatına qurban verməyəcəyik. Təbii ki, hər birimiz bu işdə cənab  Prezidentə dəstək olmağa borcluyuq.

Bu bir həqiqətdir ki, Azərbaycanın dilini, tarixini, milli mənəvi dəyərlərini, əxlaqını qoruyan və onu zənginləşdirən məhz sözün həqiqi mənasında jurnalistlər olublar. Amma bu həqiqət indi hiss olunmur. Biz bu fikirlərimizlə iddia etmirik ki, qloballaşmanın və müasirliyin əleyhinəyik. Biz deyirik ki, qloballaşma təhsilin yuksəlməsi, ziyalı cəmiyyətin qurulması ilə təmin edilir. Bu işdə mətbuatın fəaliyyətini düzgün istiqamətləndirmək bir həyat məsələsidir. Əks halda,  cəmiyyətdə nümunə göstəriləsi insanlarımız ziyalılar yox, ziyanlılar olacaq.

Bir önəmli faktı da qeyd edək ki, son dövrlər meyxana və replərdə kriminal aləmi, narkomaniyanı, avtoxuliqanlığı və əyyaşlığı təbliğ edənlərə qarşı hüquqi mübarizə başlayıb. Artıq bir neçə əyyaşa qarşı qanuni ölçü götürülüb k, bu da cəmiyyət tərəfindən müsbət qarşılanır.

Elçin Zaman, “İki sahil”