KÖŞƏ

Vəli İlyasov

“Məxməri” baş nazir Paşinyanın sarsaq oyunları...

30 yanvar 2020 10:33
2943

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətinin ikinci ildönümü, daha dəqiq desək, erməni xalqına “haqq-hesab” verəcəyi gün yaxınlaşır. Mayın 8-i yaxınlaşdıqca baş nazirin təlaşı da artır. Səbəb isə təkcə üsyançı ermənilərə verdiyi vədləri yerinə yetirə bilməmək deyil. Reallaşmayan və lağlağı mövzusuna çevrilən “iqtisadi möcüzə” məsələsi də öz yerində, sırada həll olunmamış digər daha ciddi problemlər də var. Ən ciddi  problem ondadır ki, Nikol Paşinyan iki ilə yaxın müddətdə ələ keçirdiyi hakimiyyətin dayaqlarını da möhkəmlətməyi bacarmayıb.

Bir sıra dövlət postları hələ də ona quyu qazanların əlindədir.  Nikol Paşinyanla Konstitusiya Məhkəməsinin sədri, keçmiş rejimin tərəfdarlarından sayılan Qrayr Tovmasyanın, Dağlıq Qarabağda oyuncaq rejimin başçısı Bako Saakyanın, Eçmiədzin kilsəsinin rəhbərləri və digər vəzifəli şəxslərin  münasibətlərinin indiyədək gərgin qalması baş nazirin bu adamlara “dişinin batmamasından” xəbər verir.  “Məxməri” baş nazir hələ də onları  vəzifələrindən uzaqlaşdıra bilməyib.  Artıq “ekslər” onunla açıq düşmənçilik yeridirlər. Bako Saakyanla üç il davam edən mübarizə yaxın aylarda bitməlidir. Paşinyan ona nail olmağa çalışır ki, Bako bu dəfə quldur rejimin başçısı seçilməsin və o “posta” öz adamını  yerləşdirsin. Çünki Bako Saakyan Serj Sarkisyanla Robert Koçaryanın sədaqətli dostudur. Görünən budur ki, Paşinyan daxildə bir neçə cəbhədə mübarizə aparmaq zorunda qalıb və keçirdiyi əsəb gərginliyi  onu xəstəxanaya salıb.      

 Nikol Paşinyanın kəskin nevroz xəstəliyi ilə tibbi yardıma müraciət etdiyi haqda xəbər yayılıb. Belə bir iddia ilə “Master Pera” teleqraf kanalı çıxış edib. Məlumata görə, Paşinyana tibbi yardımı Ermənistan Səhiyyə Nazirliyinin baş psixoterapevti, nevroz klinikasının direktoru Çolak Akopyan göstərib. Baş nazirə kəskin nevrotik pozuqluq diaqnozu qoyulduğu bildirilir.

Əlbəttə, tibbdən azacıq anlayışı olanlar bilirlər ki, nevrotik pozuqluq hələ psixi pozuqluq, dəlilik  deyil. Ancaq əqli sağlam deyil və onu sarsıdan ciddi problemlərin həll yolunu tapa bilmir.

“Məxməri” baş nazirin reytinqi azaldıqca Dağlıq Qarabağ məsələsindən daha çox çəkinir. Odur ki, məsuliyyəti separatçı rejimin üstünə atmağa çalışır. Onun Qafanda keçirdiyi son mətbuat konfransı buna bariz sübutdur.             

Politoloqların fikrincə bu onun göstəricisidir ki, Nikol Paşinyan əvvəlcədən Bakı ilə Qarabağ danışıqlarına heç bir töhfə vermək niyyətində olmayıb. O, hətta Serj Sarkisyan dönəmindəki formal danışıqlara qayıtmağa belə hazır deyil. İndi məntiqi zəncir alınır: hakimiyyətə gələndən Paşinyan Dağlıq Qarabağ təmsilçilərinin də danışıqlar stolu arxasında oturmasının vacibliyini bəyan edirdi, indi isə həmin təmsilçilərin dilindən bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağı bəyan edilir. Beləcə, danışıqlar prosesi avtomatik sıfırlanır, ona görə ki, Azərbaycan üçün danışıq predmeti daha qalmır. Bundan əlavə, Ermənistanın baş naziri baş verənlərə görə bütün məsuliyyəti öz üzərindən ataraq,  onu “qarabağlı”ların üstünə qoyur.

Rusiyalı analitikə görə, yaranmış durumda çox şey Azərbaycandan asılı olacaq.  Azərbaycanda isə cəmiyyətin böyük əksəriyyəti müharibə tələb edir.

“Hakimiyyət erməni cəmiyyətini inandırmağa çalışır ki, Dağlıq Qarabağ ətrafında ərazilərin işğal altında saxlanması milli təhlükəsizlik məsələsidir və guya 25 ildən çox davam edən iqtisadi blokadanı önləməkdən az önəm daşımır. Ancaq blokadaya məhz erməni tərəfinin ultimativ mövqeyi səbəb olub. İşğalın Ermənistana iqtisadi inkişaf üçün heç bir şans verməməsinə baxmayaraq, ondan hələ də ideoloji marker qismində istifadə olunur.”

Bunu isə erməni siyasi şərhçi  Mamikon Babayan “Vestnik Kavkaza” portalındakı məqaləsində yazıb.

Beləcə, Nikol Paşinyanın son açıqlamaları və ona separatçı rejimdən verilən sarsaq reaksiyalar belə bir qənaəti yaradır ki, reallıq hissini itirən düşmən təhlükəli bir oyuna girib və sülhü yox, müharibəni seçir.  Əgər danışıqlar yolu tükənsə,  onda sözü hərbçılər deməli olacaq. Azərbaycan hərbçiləri, Azərbaycan Ordusu...