23 sentyabr 2019 13:25
97

MTRŞ-da Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş keçirilib

Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş keçirilib.

MTRŞ-dan "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanın kabel şəbəkə yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub.

MTRŞ sədri Nuşirəvan Məhərrəmov kabel şəbəkələrində bəzi xarici kanalların retranslyasiyası zamanı milli maraqlar baxımından yaranan narahatlıqlar, şəbəkə operatorlarının xidmətində olan bəzi çatışmamazlıqlar, retranslyasiya olunan kanalların sayının çox olması, onların yayımının müəlliflik hüquqları, operatorların təqdim etdikləri əlavə audiovizual xidmətlərin qeydiyyatı sahəsində olan problemlər barədə məlumat verib.

Kabel televiziyalarının nümayəndələri bu kimi problemlərin aradan qaldırılmasında səylərin birləşdirilməsi, operatorlar arasında qarşılıqlı faydalı əlaqələr baxımından kabel yayımçılarının ümumi maraqlarını qoruyan ictimai bir qurumun yaradılmasını təklif ediblər. Yaxın gələcəkdə bütün kabel və IP şəbəkə operatorlarının nümayəndələrinin iştirakı ilə belə bir qurumun yaradılması məsələsinin daha dərindən müzakirə edilməsi tövsiyə olunub.