27 fevral 2020 20:43
2737

Naxçıvan Muxtar Respublikası: qardaşlıq sevgisindən ruhlanan diyar

Azərbaycan Respublikası müasir müstəqillik illərinin yaradıcı ideya və təşəbbüslərlə zəngin davamlı sosial-iqtisadi inkişaf dövrlərini yaşamaqdadır. Regionda və dünyada sülhün, humanizmin, ədalətin, etibarlılığın, inkişafın və bu kimi digər yüksək dəyərlərin müəllifi olaraq özünü təsdiq edən ölkəmiz ardıcıl uğurların altına imza atmaqdadır. Dövlət başçısı cənab İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin həmişəyaşar ideyaları əsasında milli iqtisadiyyatın uzunmüddətli perspektivlərinin müəyyənləşdirilməsi sahəsində islahatları davam etdirməklə bu sahədə güclü potensial formalaşdırmışdır.

Həmin islahatlar makroiqtisadi proseslərin tənzimlənməsində, məqsədyönlü iqtisadi siyasətin sarsılmaz dayaqlarının yaradılmasında, dayanıqlı sosial mahiyyətli hədəf və prioritetlərin reallaşmasında təminatlı əlçatanlıq təşkil etməkdədir. Təbii ki, bu sahədə regionların sosial-iqtisadi inkişafının və davamlı istehsalın təmin olunmasında çevik iştirakı məsələləri öz aktuallığı ilə seçilməkdədir ki, burada da Naxçıvan Muxtar Respublikasının dinamik inkişafını qeyd edə bilərik. Həyata keçirilən məqsədyönlü tədbirlər, ardıcıl tənzimləmələr muxtar respublikanın daha etibarlı, daha dinamik sosial-iqtisadi inkişafını təmin etməkdədir. Bu sahədəki məhsuldar tədbirlərin məntiqi davamı olaraq, muxtar respublikanın strateji layihələrdə iştirakı və bunun mövcud potensialın daha da artmasına stimullaşdırıcı təsirini göstərmək olar.

Naxçıvan Muxtar Respublikası uzun illərdir ki, tarixi düşmənlərimiz ermənilərin təcavüzkar siyasətinin nəticəsində blokada şəraitindədir. Ancaq buna baxmayaraq, ulu öndər Heydər Əliyevin müdrik siyasəti və yüksək sosial-iqtisadi inkişaf potensialından ibarət ideyaları nəticəsində həm ölkəmiz, həm də onun regionları kimi, Naxçıvan Muxtar Respublikası davamlı inkişafına qovuşdu. Müasir müstəqilliyin hazırkı mərhələsində artıq Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərində çevik iştirakı ilə daha böyük uğurlar qazanmaqdadır. Dövlət başçısı cənab İlham Əliyevin böyük dövlətçilik təcrübəsi nəticəsində bütün regionlar kimi, Naxçıvan Muxtar Respublikasının da uzunmüddətli inkişaf mexanizmlərinin etibarlılığı artmışdır. Bunu keçən müddətlər ərzində muxtar respublikanın sosial-iqtisadi inkişafının təmin olunması sahəsində təsdiq olunan hüquqi tənzimləmə aktları da sübut etməkdədir. Çox sevindiricidir ki, həmin proseslər özünün ardıcıllığı və davamlılığı ilə keyfiyyətcə yeni mərhələnin əsaslarını başlatmaqdadır. Belə ki, hər birimiz üçün qürur və iftixar hissi olan Azərbaycan Türkiyə qardaşlığının növbəti təsdiqi kimi fevralın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının keçirilməsi bu sahədə növbəti tarixi nailiyyətdir.

Orada ölkələrimiz arasında sevincimizi və qürurumuzu artıracaq bir çox strateji məsələlərlə yanaşı, beynəlxalq mahiyyəti yüksək olan layihələrdə Naxçıvan Muxtar Respublikasının iştirakının təmin olunması və bununla da blokadanın təsirlərinin və təhdidlərinin minimuma endirilməsi də reallığa çevrilmiş, Ümummilli Liderimizin “BİR MİLLƏT İKİ DÖVLƏT” tarixi kəlamına sadiq qalaraq özünü nəqliyyat sahəsində bir daha təsdiqləmişdir. İki qardaş ölkənin birlikdə reallaşdırdığı Bakı-Tbilisi-Qars dəmir yolunun qarşıdakı dövrlər üzrə perspektivlərinin artmasına aktual məsələ olaraq yanaşılmış və Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumu imzalanmışdır. Həmin sənədin imzalanması ilə muxtar respublikanın:

- iqtisadi sahədəki hədəfləri daha da əlçatan olacaqdır. Məlumdur ki, 2020 - ci il muxtar respublikada “İxrac İli” elan olunmuşdur. Bu, muxtar respublikanın yerli istehsal imkanlarının daha da artırılmasının gerçək ifadəsi olmaqla, təlabatdan artıq istehsal olunan məhsullarının ixracı sahəsində çox mühüm əlverişli imkanlar yaradacaq. Daha doğrusu, bu, muxtar respublikanın iqtisadi inkişaf sahəsində hədəflədiyi mərhələlərə nail olmaqda dövlətimiz tərəfindən stimullaşdırılmasının və onun beynəlxalq səviyyədə dəstəklənməsinin sübutudur. Buradan, belə bir qənaətə gələ bilərik ki, Naxçıvan Muxtar Respublikası özünün sosial-iqtisadi inkişafı ilə dünyanın hazırkı inkişaf çağırışları ilə səsləşə bilir, oradakı proseslərə uyğun potensial formalaşdırmağı bacarır və bu sahədə dövlətimizin reallaşdırdığı tədbirlərdə daha çevik və yaxından iştirak edir;

- çoxşaxəli iqtisadiyyat sahəsindəki inkişafa təminat verəcək. Yeni nəqliyyat perspektivləri iqtisadiyyatın sahə strukturunun həm də qarşılıqlı əlaqəlilikdə inkişafı üçün zərurət yaradacaq və onun mezoiqtisadi əhəmiyyətliliyinə təkan verəcək. Təsərrüfatçılığın müxtəlif formalarının inkişafı, məskunlaşmanın səmərəliliyi, kənd yerlərinin müasir infrastruktur ilə təminatının gücləndirilməsi, bununla da kəndlərin iqtisadi inkişafı və istehsal münasibətlərinin strateji daşıyıcısı olmaq etibarı ilə təşəkkülü məhz bu əsasda mümkün olacaq;

- müəyyən olunan prioritetlərinin reallaşmasında çox böyük əhəmiyyətə malik olacaqdır. Belə ki, müasir iqtisadi şəraitdə yenilikçi ideyalarla müşayiət olunan turizmin inkişafı və güclü infrastruktur dayaqlarının yaradılması sahəsindəki prosesləri sürətləndirəcəkdir. Zaman itkisi olmadan və əksinə, səfərlərin gerçəkləşməsi sahəsində əldə edəcəkləri vaxt turistlərin gəliş-gedişlərindəki hərəkətlənmələri artıracaqdır. Bununla yanaşı, mövcud turizm marşrutları ilə yanaşı yenilərinin də yaranmasına yol aça bilər. Bu isə təbii ki, muxtar respublikanın turizm məkanlarının öyrənilməsində və tanıdılmasında mühüm amildir;

- davam edən islahatlarına işıq salmaqla, oradakı uğurlara yeni səhifələr açacaq. Xüsusilə, ölkənin qeyri-neft sektorunun inkişafı, regional inkişaf üzrə Dövlət proqramlarının qarşıdakı dövrlər üzrə səmərəli icrası, məşğulluq (və özünüməşğulluq) imkanlarının əhatəsinin genişləndirilməsi, həmçinin əhalinin sosial müdafiəsinin güclənməsi və rifah göstəricilərinin yüksələn xətt üzrə artması hərəkətverici mexanizmlərlə təmin olunacaq;

- mövcud blokadanın təsir və təhdidlərinin məhdudlaşdırılmasında bir daha strateji güc mənbəyinə çevriləcəkdir. Muxtar respublikanın bu günə qədər keçdiyi davamlı inkişaf yolu və sözügedən nəqliyyat perspektivləri blokada qarşısında geniş və böyük müqavimətlilik, həmçinin alternativlik vəd etməkdədir. Bununla da muxtar respublikanın istehsal etdiyi məhsulların ərazi hüdudlarından kənara çıxmaq sahəsində ermənilərin çirkin niyyətləri tamamilə iflasa uğramış olacaqdır və muxtar respublika istər paytaxtla, istərsə də digər qonşularla əlaqələrini və əməkdaşlığını daha etibarlı şəkildə davam etdirəcəkdir.

Qeyd olunanlara əlavə olaraq, sosial dayanıqlığın gücləndirilməsi və istehsal imkanlarının artırılması məsələlərini də aid etdikdə, aydın olur ki, istər ixrac əməliyyatlarındakı artım dinamikasının qorunması, istərsə də turzim səfərlərinin əlverişliliyinin artırılmasındakı tədbirlərin davamlılığı, eyni zamanda, məşğulluq sahəsindəki etibarlılıq üçün əlverişlilik yaradacaqdır. Təbii ki, bu isə, həm iqtisadiyyatın sosiallaşmasında, həm də blokadanın məhdudlaşdırılmasında yeni gücdür.

Dövlətimizin başçısı bu barədə demişdir: “...Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır. Bu anlaşmaya görə minnətdaram. Eyni zamanda, Naxçıvanın gələcək fəaliyyəti, uğurlu inkişafı haqqında da fikir mübadiləsi aparıldı. Üç il bundan əvvəl Naxçıvandan Türkiyəyə ixrac edilə biləcək malların siyahısı da tutuldu...”

Qeyd edək ki, bu sahədə həyata keçirilən tədbirlər bir-birini əvəz edən illərin ardıcıl inkişaf xronikalarını təşkil edir. 2017-ci ildə Türkiyənin İğdır şəhərində Türkiyə-Azərbaycan biznes forumu keçirilərkən hər iki qardaş ölkənin nümayəndə heyətləri arasında qarşılıqlı əməkdaşlığın inkişafının yeni imkanlarına dair razılaşmalar əldə olunmuşdur. Bunlar əsasən bir çox sahələrlə yanaşı, yeni əməkdaşlıq imkanlarına, reallaşdırılan layihələrə, ticarət dövriyyəsinin artırılması sahəsində görülən işlərə dair olmuşdur. Həmin forumda da Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarının genişləndirilməsi sahəsindəki perspektivlərin artırılması məsələlərinə diqqət yetirilmişdir. Qeyd edək ki, Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan və ya istehsal potensialı olan 43 adda məhsulun (bunlardan 13-ü kənd təsərrüfatı, 30-u isə sənaye məhsulu olmaqla) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilmişdir. Həmin qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsulların qardaş Türkiyəyə rüsum ödəmədən ixrac olunması nəzərdə tutulmuşdur. Buradan bir daha aydın olur ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının uzunmüddətli inkişafı üçün zəruri təminat mexanizmləri yaradılmışdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun dünyəvi əhəmiyyətini nəzərə almaqla, Naxçıvan Muxtar Respublikasının bu böyük layihəyə interqasiyası elə onun dünya iqtisadiyyatının bir parçası olmaqla daha dinamik fəaliyyətini təmin edəcəkdir. Bununla da Azərbaycan Respublikası, həmçinin milli iqtisadi potensialı ilə yanaşı, həm də regional inkişafı ilə də dünyanın iqtisadi xəritəsinə rəng qatacaqdır. Eyni zamanda, bununla, muxtar respublika Naxçıvan məhsullarının dünya bazarlarına çıxarılması üçün böyük imkanlar əldə etmiş olacaq. Hər birimizə məlumdur ki, hazırda muxtar respublikanın məhsulu olan mineral sular, vafli məmulatları, daş məhsulları, sement, məsaməli beton, gips, gön-dəri, travertin məhsullarının Türkiyə, Gürcüstan, Qətər, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya kimi ölkələrə ixracı reallaşır ki, bununla da muxtar respublika uzaq gələcək üçün müəyyən olunan hədəflərinə qətiyyətli addımlarla irəliləyir.

Burada digər sosial-iqtisadi əhəmiyyəti yüksək olan məsələ muxtar respublikanın təbii qazla təminatının gücləndirilməsindən ibarətdir. Bu barədə qardaş ölkənin prezidenti demişdir: “Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək.”

Beləliklə, artıq bu gün Azərbaycan bütün dünyaya ölkələrin ərazi bütövlüyünün qorunmasının zəruriliyini, əhalisinin təhlükəsizliyinin və sosial müdafiəsinin təminatını, rifah göstəricilərinin yüksəldilməsinin yollarını, dövlət - xalq sevgisinin və bu sevgidən yaranan qırılmaz birliyinin varlığını bəyan etməkdədir. Təbii ki, bütün bunlar həm ölkə daxilindəki sabitliyin güclənməsinə, həm etibarlı tərəfdaşlığın perspektivliliyinə, həm də bütün tərəfləri ilə dünya iqtisadiyyatına inteqrasiya olunmasına yol açmaqdadır. Daha doğrusu, ölkəmiz iqtisadiyyatın regional və milli mahiyyətinin məhsuldar vəhdətindən ibarət güc yaratmaqla, eyni zamanda, dünya iqtisadiyyatına öz töhfələrini verməkdədir. Öz növbəsində bu dəyərlər isə ölkəmizdə makroiqtisadi məqsədlərə xidmət etməkdədir ki, bütün bunların reallaşmasında da Naxçıvan Muxtar Respublikası güclənən mövqeyi ilə söz sahibidir.

Cavadxan Qasımov,

iqtisad üzrə fəlsəfə doktoru, dosent