05 dekabr 2019 17:14
2156

Neft bazarlarının nəbzi “Vyana”da döyünür

6 dekabr tarixində Avstriyanın Vyana şəhərində OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclası keçiriləcək. Bu iclas neft qiymətlərinin gələcək tendensiyası baxımından böyük əhəmiyyət kəsb edir və neft bazarlarının nəbzi  bir növ “Vyana”da döyünür. Çünki, OPEC+ formatı bazarda tələb və təklif arasındakı balansın, habelə qiymətlərin tənzimlənməsi istiqamətində mühüm rol oynayır. Beləliklə, iclasda   qiymətlərə biləvasitə təsir göstərəcək müxtəlif mövzuların müzakirə olunacağı istisna edilmir. 

Səudiyyə Ərəbistanı əvvəlki strategiyasını dəyişdirə bilər

Sentyabr ayında Səudiyyə Ərəbistanında energetika nazirliyi postuna Əbdüləziz Bin Salman təyin edilmişdi. Əvvəlki nazirin əsas startegiyası bazarda qiymətlərin tənzimlənməsi idi və buna demək olar ki, nail olunmuşdu. Belə ki, brent markalı neftin bir barrelinin qiyməti OPEC+ razılaşmasından sonra 2016-2018-ci illər arasında 58,1% artaraq 45,1 dollardan 71,3 dollara yüksəlib. Ancaq, bununla yanaşı Səudiyyə Ərəbistanı qlobal neft bazarındakı payının bir hissəsini itirib. Ötən ilin oktyabr ayında ölkənin hasilatı gündəlik 11,2 milyon barrel təşkil edirdisə, bu miqdar 2019-cu ilin noyabr ayında 9,85 milyon barelə düşüb. Bunun müqabilində, ABŞ-ın neft hasilatında kəskin artım müşahidə edilib və bu ilin noyabr ayında ölkənin hasilatı gündəlik 13 milyon barrelə qədər yüksəlib. Səudiyyə Ərəbistanı eyni hadisə ilə 2008-ci il qlobal maliyyə böhranından sonra da üzləşmişdi. Belə ki, ABŞ şist neft hasilatının kəskin artması fonunda, Səudiyyə Ərəbistanının bazar payı azalmışdı. Bu səbəbdən, Səudiyyə Ərəbistanı bazar payının daha da azalmasını istəmir və bunun qarşısını almaq üçün hasilatın  daha böyük həcmlərdə azaldılmasını təklif etməyərək mövcud müqavilənin hazırkı şərtlərlə davam etməsini dəstəkləyə bilər. Bazarın hazırki vəziyyəti nəzərə alındıqda, bu versiyanın çox da güclü olmadığı düşünülməkdədir.

Mövcud müqavilənin müddətinin uzadılması

Hazırda ABŞ-ın neft-qaz sənayesi çətin dövrdən keçir. Baxmayaraq ki, ölkənin neft hasilatı noyabr ayında gündəlik 13 milyon barrelə yüksəlib, birjalarda enerji şirkətlərinin dəyəri son 1 ildə təqribən 41% düşüb. Şirkətlər nağd pul axınında problem yaşayır. Bunun da əsas səbəbi, şist neft sahələrinin əvvəlki səmərə ilə işləməməsidir. Məlum olduğu kimi, ABŞ-ın ən böyük neft ehtiyatları Permian hövzəsində yerləşir və ölkənin ümumi neft hasilatının 35%-i, şist neft hasilatının isə 50%-i bu hövzənin payına düşür. Ancaq, son zamanlarda bu sahədə qazılan yeni quyuların məhsuldarlığı əvvəlkilərlə müqayisədə 6% daha aşağıdır. Hasilatının artırılması üçün əlavə investisiyaların qoyulması labüddür. Ancaq, bazardakı volatillik və mövcud qiymət səviyyəsi investisiyaların qarşısında ən böyük əngəl kimi qəbul edilir. Bu səbəbdən, enerji şirkətləri maliyyə təşkilatlarından uzun müddətli kreditlər almaqda çətinlik çəkir. Beləliklə, ABŞ-da neft hasilatının artım tempinin əvvəlki proqnozlardan fərqli olaraq növbəti illərdə azalacağı düşünülür. Məsələn, “Goldman Sachs” şirkəti hesab edir ki, gələn il ölkənin hasilatı gündəlik sadəcə 600 min barrel artacaq. Bu da, 2019-cu il ilə müqayisədə təqribən 54% azalma deməkdir. OPEC ölkələri də öz növbəsində, ABŞ-dakı mövcud vəziyyətin fərqindədir. Bu çərçivədə, bəzi ölkələr hesab edir ki, hasilat azaldılmasının dərinləşdirilməsi üçün hər hansı əsas yoxdur. Ancaq, qiymətlərin tənzimlənməsi üçün mövcud müqavilənin müddətinin artırılması labüddür. Beləliklə, müqavilənin iyun ayının sonuna və yaxud 2020-ci ilin sonuna qədər artırılmasının təklif ediləcəyi ehtimal olunur.

Hasilat azaldılması ilə bağlı əlavə miqdarların təklif edilməsi

Səudiyyə Ərəbistanın dövlət neft şirkəti olan “Saudi Aramco” şirkəti səhmlərinin 1,5%-ni İlkin İctimai Təklif (IPO) əsasında ölkənin “Tadawul” birjasında 4 dekabr tarixindən etibarən satışa çıxarıb. Beləliklə, neft qiymətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri satışlara biləvasitə təsir göstərəcək. Bu səbəbdən, ehtimal var ki, Səudiyyə Ərəbistanı “kvota”nın əlavə 300 min vəya 400 min barrel artırılması ilə bağlı təklif irəli sürsün. Bu təklif eyni zamanda “OPEC”in ikinci ən böyük hasilatçısı olan İraq tərəfindən də irəli sürülüb. Burada, əsas məsələ Rusiyanın razı salınmasıdır.

Bununla yanaşı, ABŞ-Çin ticarət savaşı fonunda tələb faktorunda daralma müşahidə edilir. Tərəflər arasında müzakirələr davam etsə də, bir çox məsələdə qarşılıqlı anlaşmazlıqlar davam edir. Bu səbəbdən, yaxın günlərdə tərəflərin razılıq əldə edəcəyi ehtimalı zəif görünür. Digər tərəfdən, ABŞ-ın neft hasilatı ötən il ilə müqayisədə bu il gündəlik 1,3 milyon barrel artıb. Eyni zamanda, Kanada və Norveç kimi ölkələrin hasilatında kəskin artım müşahidə edilir. Bazarın tənzimlənməsi üçün, tələb və təklif arasındakı balansın qorunması vacibdir. Bu səbəbdən, hasilatın əlavə miqdarlarda azaldılması təklifi mövcud şərtlər altında real görünür.

OPEC+ ölkələri arasında nəzarətin gücləndirilməsi.

Bildiyiniz kimi, OPEC+ sazişi çərçivəsində ötən ilin dekabr ayında neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı qərar qəbul edilmişdi. Bu miqdarın 400 min barreli qeyri- OPEC ölkələrinin (10 ölkə), 800 min bareli isə 11 OPEC ölkəsinin ( qərar İran, Venesuela və Libiyaya şamil edilməmişdi) payına düşür. Ən çox öhdəliyi isə Səudiyyə Ərəbistanı öz üzərinə götürmüşdü (gündəlik 500 min barrel). Ancaq, İraq və Nigeriya kimi OPEC ölkələri öz öhdəliklərinə əməl etməkdə çətinlik çəkirdi. Bu səbəbdən, hər iki ölkənin hasilatında kəskin artım müşahidə edilir. Noyabr ayında İraq və Niqeriyanın hasilatı müvafiq olaraq gündəlik 4,85 milyon barrelə və 2,04 milyon barrelə qədər yüksəlib. Ötən ilin analoji dövrü ilə müqayisədə İraqın hasilatı 7%, Nigeriyanın hasilatı isə 18% artıb. Bu səbəbdən, yük əsasən Səudiyyə Ərəbistanın “çiyinlərinə” düşürdü. Belə ki, Səudiyyə Ərəbistanı noyabr ayında öz öhdəliyini 180% yerinə yetirmişdir. Beləliklə, Səudiyyə Ərəbistanı əlavə miqdarların təklif edilməsi yerinə, OPEC ölkələri arasında nəzarətin daha da gücləndirilməsi təklif ilə çıxış edə bilər.

OPEC+ “kvota”sından kondensatın çıxarılması

Rusiyanın qaz hasilatı qış aylarında kəskin artır. Bu da, öz növbəsində ölkənin kondensat həcmlərinin yüksəlməsinə səbəb olur. Belə olduğu halda, Rusiya öz öhdəliklərinə əməl etməkdə çətinlik çəkir. Bu çərçivədə, Rusiya OPEC+ “kvota”sından kondensatının çıxarlmasını, sadəcə xam neftin hesablanmasını təklif edəcək. Bunu, Rusiyanın energetika naziri Aleksandr Novak da iclas öncəsi bəyan edib. Ancaq, belə bir addım atılarsa, bazarda təchizat bolluğu yaşana bilər. Bu səbəbdən, kondensatın “kvota”dan çıxarılması çox zəif ehtimal olaraq görünür.

Bütün hallarda, bazarda gözlənti var ki, müqavilənin müddəti ən pis halda iyun ayına qədər ən yaxşı halda isə, 2020-ci ilin sonuna qədər uzadıla bilər. Bununla yanaşı, hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin qərarlaşdırılması heç də surpriz olmayacaq. Bu qərar qəbul edildiyi təqdirdə, qiymətlər üzərindəki təzyiqin bir miqdar azalacağı və yüksəlişə keçəcəyi proqnozlaşdırıla bilər.

Emin Axundzadə,

Energetika məsələləri üzrə ekspert, fəlsəfə doktoru