KÖŞƏ

Taleh Turqut

Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi

10 iyul 2018 16:27
3291

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, milli inkişaf konsepsiyasını özündə ehtiva edən siyasətin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi, uğurla həyata keçirilməsi Azərbaycan xalqının dövlət başçısına etimadını zaman keçdikcə gücləndirmiş, ildən-ilə möhkəmləndirmişdir.

Bunun nəticəsidir ki, son 15 ildə ölkədə keçirilən bütün seçkilərdə Prezident İlham Əliyev və onun siyasi komandası hər zaman xalqın böyük dəstəyini qazanmışdır. Lakin bu dəstək yalnız seçkilərdə və digər siyasi aksiyalar dövründə müşahidə edilməyib. Zaman-zaman baş verən bir sıra hadisələr fonunda da xalqın dövlət başçısına dəstəyi ən yüksək səviyyədə təzahür edib. Əlbəttə, bu dəstəyin kökündə Prezidentin xalqın bütün arzularının və istəklərinin təminatçısı kimi özünü dəfələrlə isbat etməsi dayanır...

Ölkəmizdə baş verən son hadisələr bir daha göstərdi ki, ortaya çıxan təsadüfi hadisələr və digər subyektiv amillər Azərbaycan xalqının öz rəhbərinə olan etimadını və inamını zəiflətmir, əksinə, xalq seçdiyi Prezidentin hər bir çətinlikdən onu alnıaçıq xilas edəcəyinə inanır. İyulun 3-də baş vermiş hadisədən sonra yaranmış vəziyyət bunu bir daha sübut etdi. Bu hadisə Prezident-Xalq birliyinin sarsılmazlığını ən bariz formada nümayiş etdirdi.    

Yuxarıda qeyd edilən tarixdə respublikamızın enerji təminatında mühüm rol oynayan, Mingəçevirdə yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarının birində baş verən qəzadan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Xüsusi Dövlət Komissiyası yaradıldı.  Ölkəmizin başçısının tapşırığına uyğun olaraq müvafiq qurumlar operativ şəkildə qəzanın nəticələrinin aradan qaldırılması istiqmətində ciddi addımlar atdılar.

Prezident baş vermiş xoşagəlməz hadisəyə dərhal müdaxilə edərək mümkün mənfi təzahürlərin qarşısının alınmasında ciddi səylər göstərdi.

Hadisədən dərhal sonra Prezidentin yanında keçirilən müşavirədə diqqət çəkən məqamlardan biri də ölkə başçısının xalqın baş vermiş qəzanın nəticələrindən və miqyasından asılı olmayaraq özünü necə səbrli, analayışlı aparması ilə bağlı səsləndirdiyi fikirlər olmuşdur: “Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövıükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür edirəm. Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.

Bu, həm də xalq qarşısında məsuliyyət və vəfa hissinin ən yüksək təzahürü kimi qiymətləndirilməlidir. Məlumdur ki, Prezident İlham Əliyev hər zaman dövlət məmurlarının vətəndaşlara qarşı diqqətli və qayğıkeş yanaşmasını özünün idarəçilik fəaliyyətində prioritet hesab etmişdir. Prezident bütün davranışlarında həm də bunun ən yaxşı nümunələrini sərgiləmişdir. Dövlət başçısı məmuru, rəhbər şəxsləri hər zaman xalqın qulluqçusu adlandırmış və özünü də bu sıradan ayırmamışdır. Məhz bu təvazökarlığın qarşılığı olaraq Azərbaycan vətəndaşı bütün çətinliklərə və çatışmazlıqlara rəğmən öz Prezidentinə sonsuz rəğbət və etimad nümayiş etdirdi.

Prezidentin xalqın dəyanətli davranışını yüksək qiymətləndirməsinin bir sıra siyasi əsasları da mövcuddur. Məlumdur ki, sözügedən qəza baş verdikdən dərhal sonra həm ölkə daxilində, həm də xaricdə marığa yatan bir qrup insanlar bundan siyasi şou düzəltməyə, çirkin məqsədləri üçün istifadə etməyə cəhdlər göstərdilər. Bu satqın qüvvələr sosial şəbəkələrdə vəziyətin guya həddən artıq ağır olduğunu əsas gətirərək xalqı kütləvi itaətsizliyə və xaosa səsləyirdilər. Lakin hər zaman olduğu kimi, Azərbaycan xalqı ayıq-sayıqlığını itirmədi, belə pozucuların niyyətinə uymadı və dövlətinin hər bir anında - istər yaxşı günündə, istərsə də çətin məqamında onun yanında olduğunu ləyaqətlə nümayiş etdirdi.

Prezident xalqın məhz bu ləyaqətinə işarə edərək vətəndaşına təşəkkür etməyi özünə borc bildi.

Taleh Turqut,

İki sahil