KÖŞƏ

Taleh Turqut

Ermənistanda sular durulmur

18 dekabr 2018 00:59
2233

9 dekabr seçkilərindən sonra Ermənistanda nisbi siyasi passivlik müşahidə edilir. Lakin proseslər göstərir ki, bu “sabitlik” daha çox tufanqabağı sakitliyi xatırladır. Əslində ölkədə siyasi qarşıdurmaların gərginləşəcəyi proqnozlaşdırılır.

Digər tərəfdən, baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan hələ yerini bərkitməmiş Ermənistandakı “Qarabağ klanı” ilə mübarizəni daha da dərinləşdirib. Bu isə Dağlıq Qarabağdakı separatçı rejimlə Ermənistan hakimiyyəti arasınd ciddi gərginliyin yaranmasına səbəb olub. Ekspertlərin fikrincə, Paşinyan Robert Koçaryan və Serj Sarkisyan klanının Qarabağdakı “əsas yuvası”nı dağıtmaqla “Qarabağ klanı”ndan xilas olmağa çalışır. Bir neçə gün əvvəl separatçı rejimin üç “vəzifəli” şəxsinin istefaya göndərilməsi və baş separatçı Bako Saakyanın dəyişdiriləcəyi ilə bağlı yayılan söhbətlər Paşinyanın niyyətinin reallaşacağını göstərir.

Xatırladaq ki, seçkidən əvvəl N. Paşinyan Dağlıq Qarabağda onun ideyalarını tənqid edən şəxslərlə (istefaya göndərilən hər üç şəxs Paşinyanın yaxın kadrlarından olan Sasun Mikayelyanın “aprel inqilabı Qarabağ savaşındakı qələbədən daha böyükdür” açıqlamasını sərt tənqid etmişdilər) haqq-hesab çürüdəcəyini seçkidən sonraya saxladığını bəyan etmişdi.

Ekspertlər hesab edirlər ki, Paşinyan bununla Sarkisyan və Koçaryanın Dağlıq Qarabağda illərlə yaratdıqları şəbəkəni dağıtmağa çalışıır və özünə sadiq qüvvələri vəzifələrə gətirəcək.

Lakin əsas məsələ bundan sonra Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə baxışlarının dəyişib-dəyişməyəcəyidir. Ziddiyyətli və bəzən qızışdırıcı çıxışlarına baxmayaraq siyasi ekspertlər yeni hakimiyyətin problemin həllində konkret addımlar atmağa məhkum olduğunu bildirirlər və hesab edilir ki, Paşinyan və onun komandası da bu zərurətin fərqindədir. Əks halda onlar özlərindən əvvəlki iqtidarların taleyini daha tez dadacaqlar.

Proseslərin Azərbaycanın xeyrinə getdiyi demək olar ki, hər kəs tərəfindən etiraf edilir. Hazırda Ermənistanın beynəlxalq dayaqları demək olar ki, tamamilə zəifləyib. Onun ən yaxın müttəfiqi hesab edilən Rusiya ilə münasibətləri qırılma nöqtəsindədir. Artıq bunun ilk əlamətləri görünməkdədir. 9 dekabr seçkisindən bir neçə gün sonra İrəvan küçələrində bir qrup şəxs Rusiyanın əleyhinə “İvan, İrəvanı tərk et!” şüarları ilə etirazlar keçiriblər. Bu və digər faktlar Paşinyan hökumətinin Rusiyadan qopmaq istəyinin real olduğunu göstərir. Erməni ekspertlərinin özləri belə etiraf edirlər ki, belə olan halda onlar Azərbaycanla meydanda tək qalacaqlar və bu, faktiki olaraq Ermənistanın məhvinə gətirəcək.

Qeyd edək ki, Ermənistanda Azərbaycanın hərbi gücündən yaranan təşviş gündən-günə dərinləşməkdədir. Bir neçə gün əvvəl Azərbaycanın Qazax və Ağstafa rayonları ərazisində Ermənistanla sərhəddə sərhəd qoşunlarının yerləşdirilməsi bu təşvişi bir az da artırıb. Vaxtilə Ermənistanın sərhəd qoşunlarının komandanı olmuş general Levon Stepanyan Azərbaycanın sərhəd qoşunlarını təmas xəttinə yerləşdirməsi haqqında danışarkən yerli mediaya bildirib ki, Azərbaycan Ordusu həmin mövqelərində qalacaq. Onun sözlərinə görə, Azərbaycan sərhəd qoşunlarını həmin mövqelərə qoymaqla sərhədin bu cür strateji istiqamətində müdafiəni zəiflədən deyil: “Xüsusən də Azərbaycan tərəfinin bəyanatında deyilir ki, burada məqsəd yeni ehtiyat qüvvələrin formalaşdırılmasıdır”.

Azərbaycan Ordusunun hazırlıq və peşəkarlıq səviyyəsini nəzərə alsaq ermənilərin təşvişi əbəs deyil. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə son görüşündə məhz bunu nəzərdə tutaraq deyib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir”.

Ermənistanda başa düşürlər ki, yaranmış siyasi vəziyyət onların son şansıdır. Əks halda son sözü Azərbaycan Ordusu deməli olacaq...