KÖŞƏ

Taleh Turqut

Azərbaycan-İsrail münasibətləri yeni mərhələdə

14 dekabr 2016 14:00
3503

İsrailin Baş naziri Beyamin Netanyahunun dekabrın 13-də Azərbaycana baş tutan səfəri bu və digər tərəfləri ilə beynəlxalq medianın və siyasi şərhçilərin diqqət mərkəzindədir. İki dövlət arasında əməkdaşlığın səviyyəsi olduqca yüksək qiymətləndirilsə də, son 20 ildə ilk dəfədir ki, İsrailin hökumət rəhbəri Bakıya rəsmi səfərə gəlir. Səfərin diqqət mərkəzində olmasının səbəblərindən biri də təbii ki, budur. Analitiklər bu səfərdən sonra İsrail-Azərbaycan münasibətlərinin daha da inkişaf edəcəyini birmənalı olaraq vurğulayırlar.

İki dövlət arasında münasibətlərin inkişaf etməsinin təməlləri hələ ötən əsrin 90-cı illərində-Azərbaycanın müstəqilliyinin ilk illərində atılmışdır. Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevrilib və beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər. 

Qeyd edək ki, Benyamin Netanyahunun Bakıya səfəri zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən yüksək səviyyəli sazişlər imzalanmışdır.

Vurğulayaq ki, İsrailin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini B. Netanyahunun səfər öncəsi jurnalistlərə verdiyi açıqlamalardan da görmək mümkündür. İsrail hökumətinin başçısı bildirib ki, Azərbaycan İslam aləminin ən vacib və böyük dövlətlərindən biridir. Bu baxımdan İsrail onunla tərəfdaşlığa xüsusi önəm verir.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir müddət əvvəl “Forum Daily” yəhudi qəzetinə verdiyi müsahibədə bildirmişdi ki, Azərbaycan-İsrail münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. O bildirib ki, İslam dünyasının tərkib hissəsi olan Azərbaycan, eyni zamanda, həm bütün İslam ölkələri, həm də İsrail ilə dostluq əlaqələri saxlayır: “Azərbaycan hesab edir ki, müasir dünyada milli və dini qarşıdurmalara, ərazi iddialarına, milli və dini dözümsüzlüyün, zorakılığın və düşmənçiliyin süni şəkildə qızışdırılması yolu ilə gərginliyin artırılmasına yer yoxdur. Bütün məsələlər beynəlxalq hüquq, konstruktiv dialoq və qarşılıqlı anlaşma çərçivəsində həll edilməlidir. Lazım gəldikdə ölkəmiz Yaxın Şərqdə, İsrail ilə İslam dünyası arasında sülhün və sabitliyin möhkəmlənməsi işinə öz töhfəsini verə bilər”.

Siyasi əlaqələrin möhkəmliyi ilə yanaşı, İsrail və Azərbaycan xalqları arasında yaranan sıx dostluq əlaqələri də bu tərəfdaşlığın əhəmiyyətini artırır. Azərbaycanda yaşayan 20 minlik yəhudi icmasının və İsraildə yaşayan 70 minlik azərbaycanlı icmasının müxtəlif məsələlərdə birlik nümayiş etdirməsi hər zaman müşahidə edilir. Bu ilin aprel ayında qoşunların təmas xəttində baş verən “Dördgünlük müharibə” dövründə  İsrailin Netanyahu şəhərində onlarla yəhudi Azərbaycana dəstək aksiyası keçirmişdi. Aksiya iştirakçıları, həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və Xocalı soyqırımını pisləyən bəyanatlarla çıxış etmişdilər.

Azərbaycanla İsrail arasında hərbi əməkdaslıq yüksək səviyyədədir. Bu gün Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsində, müdafiə sənayesinin inkişafında İsraillə münasibətlərin ayrıca yeri vardır. Baxmayaraq ki, bu amil bir sıra dövlətlərdə müəyyən qısqanclıq yaradır, lakin bu əməkdaşlıq iki dövlətin müstəqil iradəsinin təzahürü kimi meydana çıxır. Xatırladaq ki, Azərbaycan uzaq mənzilli raketlərin alınması üçün qonşu İrana dəfələrlə müraciət etsə də bu, nəticəsiz qalmışdır. Lakin İsrail müharibə şəraitində olan Azərbaycanın demək olar ki, bütün müraciətlərini müsbət qarşılamışdır.

Energetika sahəsində də iki dövlətin münasibətləri ən yüksək səviyyədədir. Yalnız bir fakt bu əməkdaşlığın hansı müstəvidə olduğunu nümayiş etdirir: İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Bu rəqəm İsrailin enerji təminatında ölkəmizin oynadığı rolun səviyyəsini nümayiş etdirir.

Azərbaycanın İsraillə münasibətləri, eyni zamanda, tolerantlığın siyasi nümunəsi kimi də yüksək dəyərə malikdir. Bu model bütün müsəlman dövlətləri üçün nümunə kimi qəbul edilə bilər. Bu çağırışlar bu gün Yaxın Şərqdə baş verən bir sıra gərginliklərin həll edilməsində mühüm platforma ola bilər.