16 dekabr 2016 15:57
781

BSU Türkiyə universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Türkiyənin Alaniya Alaaddin Keyqubat Universitetinin rektoru Əhməd Pinarbaşı Bakı Slavyan Universitetində olub.

BSU-nun mətbuat xidmətindən bildirilib ki, qonağı BSU-nun rektoru professor  Nurlana Əliyeva qəbul edib, ona universitetin fəaliyyəti, beynəlxalq əlaqələri, kadr hazırlığının istiqamətləri, türkiyəşünaslığın tədrisi və s. barədə ətraflı məlumat verib. Türkiyəli qonaq universitetin Ukrayna, Rusiya, Belorus Mədəniyyət Mərkəzlərində olub, tələbələrlə görüşüb.

Sonra universitetlər arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilə Alaniya Universitetinin Azərbaycanın ali təhsil müəssisəsi ilə imzaladığı ilk hüquqi sənəddir. Müqavilə universitetlər arasında tələbə və müəllim mübadiləsini, elmi tədqiqatlar və araşdırmalar sahəsində birgə fəaliyyəti nəzərdə tutur. Müqaviləyə əsasən, universitetlər birgə  beynəlxalq konfrans və simpoziumlar təşkil edə, elmi fəaliyyətin yekunu olaraq elmi toplu və məcmuələr nəşr edə biləcək.

Müqaviləni Bakı Slavyan Universiteti tərəfindən Nurlana Əliyeva, Alaniya Alaaddin Keyqubat Universiteti tərəfindən rektor Ahmet Pinarbaşı imzalayıblar.