30 oktyabr 2020 18:49
865

Nikol Paşinyan kapitulyasiyanın bir addımlığında

Həmişə danışıqlar prosesini pozan, cəbhə bölgəsində, eləcə də sərhədyanı ərazilərdə təxribatlar törətməkdə davam edən və bütün bunlara görə döyüş meydanında Azərbaycan Ordusu tərəfindən cəzalandırılan Ermənistanda hazırda siyasi-iqtisadi böhran pik nöqtəyə yaxınlaşıb. Şübhəsiz bu, iki il bundan öncə  hakimiyyəti zəbt edən, idarəçiliyin nə olduğunu bilməyən, siyasi demaqoqluqla məşğul olan Nikol Paşinyanın yürütdüyü işğalçılıq siyasətinin acı nəticəsidir. İşğalçı ölkənin bəzi siyasi xadimləri, eləcə də  sabiq baş nazir Vazgen Manukyan, sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan və digərləri də bu fikirdədirlər. Onlar bildirirlər ki, hazırda ən biabırçı günlərini yaşayan Ermənistanın tarixində Nikol Paşinyan kimi savadsız, siyasi dünyagörüşü zəif olan ikinci bir dövlət başçısı olmayıb.

Döyüş meydanında Azərbaycanın texnoloji üstünlüklərindən istifadə edərək işğalçı ölkənin bahalı hərbi obyektlərini, hava hücumundan müdafiə sistemlərini, tanklarını, zirehli texnikasını, artilleriyasını, hərbi binalarını və ordusunun şəxsi heyətini məhv etdiyini xatırladan bu şəxslər üstəlik vurğulayırlar ki, artıq Nikol Paşinyanın siyasəti ucbatından Ermənistanın və erməni xalqının gələcəyi də təhlükə altındadır. Onlar Nikol Paşinyanın könüllü şəkildə istefaya getmək vaxtının çatdığını və bununla da Ermənistana ən böyük fayda vermiş olacağını açıq şəkildə bəyan edirlər. Onların fikrincə, bu, hazırkı vəziyyətdən yeganə çıxış yoludur.

Artıq Ermənistandakı partiyaların liderləri və sabiq dövlət rəhbərləri ilə yanaşı, erməni əsilli iş adamları da gülüş və istehza hədəfinə çevrilən Nikol Paşinyanı istefaya səsləməkdədirlər. Məsələn, Rusiyada fəaliyyət göstərən erməni əsilli iş adamı, “Monarx” şirkətlər qrupunun rəhbəri Sergey Ambartsumyan 2018-ci ildə yalan vədlərlə xalqı aldadaraq onun hakimiyyəti zəbt etmiş Nikol Paşinyana açıq məktub ünvanlayaraq hakimiyyəti milləti birləşdirəcək liderə təhvil verməli olduğunu bildirib. Onun fikrincə, əks halda hazırda ümidsizlik, böhran içində boğulan Ermənistan daha da ağır günlərin şahidi olacaq. Siyasətçilərin fikrincə, qiyam yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanın sivil yolla onu tərk edəcəyi ağılabatan görünmür. Amma görünən budur ki, Nikol Paşinyanın xəstə təxəyyülü üzərində qurduğu daxili və xarici siyasəti Ermənistanda və digər ölkələrdə istehza və ikrah doğurur.

Bəzi siyasətçilər bildirirlər ki, hazırda işğalçı ölkədə vəziyyət elə həddə çatıb ki, kimsə hakimiyyətə yiyələnib Nikol Paşinyanın böhrana yuvarladığı, əgər belə demək mümkünsə, kor qoyduğu Ermənistana sahib çıxmaq istəmir.  Təkcə bir faktı xatırladaq ki, 2020-ci il sentyabr ayının 27-dən etibarən Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatları nəticəsində Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 3 milyard ABŞ dollarına yaxınlaşıb. Bu müddətdə Ermənistana vurulan hərbi ziyan bu ölkənin ümumi hərbi xərclərini 4 dəfə üstələyir. Mütəxəssislərin fikrincə, işğalçı ölkənin döyüş bölgəsində itirdiyi hərbi texnika və sursatı bərpa etməyə təxminən 25 il vaxt lazımdır. Digər tərəfdən, bu yaxınlarda məlum olub ki, ölkənin xarici borcu son iki ildə sürətlə artaraq 8 milyard dolları ötüb. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bank rezervləridir. Onlardan istifadə edilə bilməz. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir.

...Bütün bunlara rəğmən, müharibə ritorikasından əl çəkməyən, nasizmi  dövlət siyasətinə çevirən, uğursuzluqdan daha da quduzlaşan, hakimiyyət naminə hər cür rəzalətə getməyə hazır olan  Nikol Paşinyan hələ öz ampluasındadır. Belə ki, o,  bu gün də sülh danışıqlarına getmək istəmir, işğal siyasətini israrla davam etdirir, ərazi bütövlüyünün bərpasını qarşıya prioritet vəzifə kimi qoyan Azərbaycana münasibətində riyakar əməllərindən əl çəkmir. Düşmənin döyüşlər getdiyi ötən bir ay ərzində üç dəfə imzalanan humanitar atəşkəsi pozması, beynəlxalq hüququn norma və prinsiplərinə nümayişkaranə hörmətsizlik göstərərək çox sayda terror aktları törətməkdə davam etməsi bunun bariz nümunəsidir. Şübhəsiz, bütün bunlar işğalçı ölkənin, eləcə də Nikol Paşinyanın məğlubiyyətini daha qaçılmaz hala gətirir.

Bu məqamda Prezident İlham Əliyevin “Haber Türk”ə müsahibəsindəki bu sözlərini xatırlatmaq yerinə düşərdi: “Hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. O, Soros tərəfindən idarə olunan bir adamdır. Bu, postsovet məkanında baş vermiş çevrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq deyil. O, nə qədər çox qalsa, bizim üçün bir o qədər də yaxşıdır.”

Qvami Məhəbbətoğlu, “İki sahil”