23 yanvar 2021 18:26
2507

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş videokonfrans keçirilib FOTO

YAP Yasamal Rayon Təşkilatının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş videokonfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, cənab Prezident İlham Əliyevin ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinə göstərdiyi böyük diqqət və qayğı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli qeyd edib ki, Nizami yaradıcılığı xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri, “Xəmsə”si bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində misilsiz xidmət göstərir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Qocayeva çıxışında Nizami Gəncəvinin zəngin irsinin nəinki Azərbaycan xalqına, eyni zamanda, bütün bəşəriyyətə verdiyi misilsiz töhfələrdən, dahi şairin həm də mütəfəkkir, filosof kimi fəaliyyətindən danışıb.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov Nizami Gəncəvinin zəngin irsə malik olduğunu, dünyaca məşhur əsərlərinin humanizm, yüksək əxlaq, estetik zövq, insana məhəbbət kimi ali hissləri aşıladığını diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov Nizami Gəncəvinin “Sənsiz” qəzəlini səsləndirib. Bakı Dövlət Universitetinin Filogiya fakültəsinin tələbələri Aysel Seyidova, Arif Vəliyev Nizami Gəncəvinin qəzəllərini səsləndiriblər.

Qeyd edək ki, videokonfransda 250-dən çox gənc iştirak edib.