30 oktyabr 2020 23:38
1073

Odessa konqresmenləri və azərbaycanlıları təşkilatının nümayəndələri şəhid və hərbçi ailələrlə görüşüb

Bu gün Azərbaycanın əzəli və tarixi torpağı olan Qarabağın düşmən işğalından azad olunması üçün Vətən müharibəsi gedir. Bu müharibə bütün azərbaycanlıların milli qürur məsələsidir və bu mənada hər bir Azərbaycan vətəndaşı cəbhəyə can atır, Qarabağın azad olunmasına özünün töhfəsini verməyə çalışır. Belə bir zamanda şəhid olan hərbçilərin, eləcə də cəbhədə döyüşənlərin ailələrinə diqqət və qayğı xüsusilə nəzərə çarpacaq bir məsələyə çevrilib. Hazırda cəmiyyətimiz bu kateqoriyadan olan ailələrin dəstəklənməsi üçün müxtəlif tədbirlər görür, layihələr həyata keçirir. Belə vacib işləri reallaşdıranlardan biri də Odessa konqresmenləri və azərbaycanlıları təşkilatıdır.
Odessa konqresmenləri və azərbaycanlıları təşkilatının nümayəndələri Sumqayıt şəhərində, Xocahəsən, Novxanı və Əmircan qəsəbələrində şəhid və hərbçi ailələrlə görüşüblər. Natiq Nağıyevin, Cəlil Astanovun, Elxan Əbilovun, Vüqar Osmanovun, Şamil Quliyevin, Hacı Qabilin və başqalarının iştirakı ilə keçirilən görüşlərin məqsədi şəhid olan hərbçilərin, eləcə də cəbhədə döyüşənlərin ailələrinə maddi və mənəvi dəstək verməkdir.
Görüşlərdə qeyd edilib ki, son bir ay ərzində Silahlı Qüvvələrimizin böyük Qələbələr əldə etməsi, qısa müddətdə bir sıra yurd yerlərimizin işğaldan azad edilməsi Ordumuzun gücünü, qüdrətini bir daha nümayiş etdirir. İşğaldan azad edilən ərazilərimizdə Azərbaycan bayrağı qaldırılır və bu, bütün xalqımızda sonsuz qürur hissləri oyadır.
Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinin, bu döyüşlərdə sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsi də daim dövlətin diqqətindədir.
Çıxış edən şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar Ordumuzun Qələbələrindən, torpaqlarımızın işğaldan azad edilməsindən, düşmənə sarsıdıcı zərbələr vurulmasından fərəh hissi keçirdiklərini, şəhidlərimizin qisasının düşməndən layiqincə alındığını vurğulayıblar. İşğal altında olan digər
torpaqlarımızın azad ediləcəyi günün də uzaqda olmadığına əminliklərini ifadə ediblər.

Zamin Məmmədov, “İki sahil”