22 may 2020 19:18
433

Ölkəmizdə gənc kadrlara geniş meydan verilməsi ənənə halını alıb

Son illər respublikamızda həyata keçirilən islahatlar gənclərin hərtərəfli inkişafına geniş şərait yaradıb. Bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Bu mənada gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir.

Üstəlik, gənclər daha önəmli vəzifələrə (nazir, icra başçısı) də təyin olunurlar. Elə mayın 21-də Prezident İlham Əliyevin sərəncamları ilə Elçin Rzayevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı, Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmələri də dediklərimizin əyani sübutudur. Bu, bir daha ondan xəbər verir ki, hazırda bizim gənclərimiz peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər.

Gənclərlə müntəzəm görüşən və onların fəaliyyətinə yüksək dəyər verən Prezident İlham Əliyev mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında demişdir ki, bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir: “Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək.” Şübhəsiz, Prezident İlham Əliyev tərəfindən gənclərə verilən yüksək qiymət həm də onların üzərinə daha böyük məsuliyyət qoyur.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağli “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu gün yüksək biliklərə yiyələnən vətənpərvər gənclərimiz müstəqilliyimizi gücləndirmək üçün həmişə öz üzərlərində çalışmaqda davam etməlidirlər: “Onların bu istiqamətdə fəaliyyətləri üçün ölkəmizdə hər cür imkan vardır. Gənclərimizin ən etibarlı qarantı isə cənab Prezidentimizin bu sözləridir: “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram.”

Bir müddət öncə Prezident İlham Əliyevin sərəncamları ilə Nahid Bağırovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmalarını xatırladan həmsöhbətimiz növbəti təyinatları həm də bizim kadr siyasətimizin göstəricisi kimi dəyərləndirdi: “Unutmayaq ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır. Bax, belə daha savadlı, daha bacarıqlı, daha vətənpərvər gənclərimiz ölkəmizi gələcəyə inamla aparacaqlar. Hesab edirəm ki, respublikamızda aparılan uğurlu gənclər siyasəti nəticəsində bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir. Məhz bu amil də cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara son qoymağa imkan verəcək.”

“Prezident İlham Əliyevin bir neçə rayonun icra hakimiyyətləri başçılarını dəyişməsi bir daha sübut edir ki, ölkədə gənc kadrlara, daha doğrusu, gənclərə meydan verilməsi artıq müsbət mənada ənənə halını alıb” sözləri ilə söhbətini davam etdirən müsahibimiz müşahidələrinə əsaslanaraq bu fikirləri də söylədi: “Cənab Prezidentimizin son illər təyin etdiyi kadrları şəxsən özünün qəbul etməsi, onlara ciddi tapşırıqlar verməsi, qarşılarına tələblər qoyulması onu göstərir ki, dövlət başçısı bütün təyinatlarda şəffaflığın günü-gündən genişlənməsinə çalışır. Bu da öz nəticəsini verməkdədir. Yəni, yeni islahatlar prosesində təyin olunan kadrlar artıq özlərini xalq qarşısında daha məsuliyyətli hiss edirlər. Belə ki, onlar mütəmadi olaraq vətəndaşlarımızın qayğıları ilə maraqlanır, insanları narahat edən məsələləri onların dilindən eşidir, qarşıya çıxan problemləri vaxtında aradan qaldırırlar. Cənab Prezidentin bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır”. Gənc nəslin nümayəndələri - İnam Kərimovun Kənd Təsərrüfatı naziri, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifələrinə irəli çəkilmələri ilə bu həqiqəti öz əməli işlərində nümayış etdirmədilərmi? Son illərin araşdırmaları da göstərir ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, orada dərhal dəyişikliklər özünü göstərir. Yeri gəlmişkən, onu da qeyd edim ki, fəaliyyətə başladıqları gündən indiyədək yeni kadrlar haqqında neqativ fikirlər də səsləndirilməyib. Bu isə o deməkdir ki, gənclər onlara göstərilən etimadı öz əməli işləri ilə doğruldurlar. Bax, budur, bizim gənclərimizin üstünlükləri. Burada bir məsələyə də toxunmaq istərdim. Koronavirus pandemiyasının genişlənməsinin qarşısının alınması istiqamətində dövlət başçısının yürütdüyü siyasətə ilk olaraq dəstək verən, milli birlik və həmrəylik nümayiş etdirən də məhz gənclərimiz-könüllülərimiz oldular. Bəli, bu gün gənclərimiz əmindirlər ki, ölkəmiz məhz cənab İlham Əliyevin rəhbərliyi ilə daha güclü inkişafına qovuşacaq. Buna görə milli və dövlətçilik təəssübkeşliyini rəhbər tutan gənclərimiz Prezident İlham Əliyevin ətrafında daha sıx birləşirlər.”

Qvami Məhəbbətoğlu, “İki sahil”