16 sentyabr 2020 16:38
1598

Ordumuz ən mürəkkəb döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə qadirdir

Ali Baş Komandan: Düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin

 

Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Ölkəmizdə ordu quruculuğunun yeni mərhələsinin başlandığını elan edən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq: «Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq».

Ordumuzun Qarabağdakı 2016-cı ilin şanlı Aprel döyüşlərindən sonra Naxçıvanın Günnüt kəndində, 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində erməni təxribatlarına qarşı sarsıdıcı zərbələri ermənilərdə ciddi narahatlıq yaradıb. Bu, o deməkdir ki, Azərbaycan hədəfinə doğru addım-addım irəliləyir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.

Təbii ki, bunlar gəlişigözəl sözlər deyildir, real gücə söykənən qəti fikirlərdir. Çünki Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb.

Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün nazirliyin tərkibində müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb. Ən mühüm amil isə odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahlarını xaricə ixrac edir. Artıq 10 ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. Son 10 ildə hərbi məhsullarımızın ixrac həcmi də 2,7 dəfə artıb

Son bir neçə ildə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi xeyli artıb.

Ən başlıcası isə nazirliyin müəssisələrində istehsal olunan məhsulların çeşidləri 1200-ü keçib. Eyni zamanda, Azərbaycan dövlətinin hərbi büdcəsi də bu il daha da artırılaraq müdafiə xərcləri 4,5 milyard manata çatdırılıb. Bu isə Cənubi Qafqazın iki ölkəsinin (Gürcüstanla, Ermənistanın) birlikdə hərbi büdcəsindən xeyli çoxdur. Ordumuzun hər iki uğuru mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər bir daha dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi.

Bu yaxınlarda başa çatan Beynəlxalq Ordu Oyunları da Azərbaycan hərbçilərinin peşəkarlığını bir daha əyani şəkildə göstərdi. Xatırladaq ki, Beynəlxalq Ordu Oyunlarına ümumilikdə 37 ölkənin hərbçiləri qatılıb. Azərbaycan Belarus, Özbəkistan, Vyetnam və Rusiya ilə yanaşı Oyunların ilk beşliyinə daxil olub və hərbçilərimiz bu yarışlar çərçivəsində keçirilən «Dəniz kuboku» və «Tank biatlonu» müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir . Ali Baş Komandanın bir əmri kifayətdir ki, Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın.

Elçin Zaman, “İki sahil”