20 may 2020 17:19
1628

Ordumuzun əməliyyat-taktiki təlimləri: Qələbəyə gedən yolun başlanğıcı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, ordumuz genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb. Təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qisimlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılır. On min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimlər mayın 22-dək davam etdiriləcək.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu təlimlər ordumuzun döyüş qabiliyyətini, döyüş ruhunu artırmağa xidmət edir: “Bəri başdan deyim ki, belə təlimlərin bir sıra qoşun növlərinin iştirakı ilə keçirilməsi orduda koordinasiyanı gücləndirir. Məhz belə təlimlərdə bütün nöqsanlar, çatışmazlıqlar aşkarlanaraq aradan qaldırılır. Digər tərəfdən, ordumuza alınan yeni hərbi texnikaların, silah-sursatın, döyüş vasitələrinin istismarı yoxlanılır və şəxsi heyətə daha mükəmməl öyrədilir. Bu təlimlər həm də Azərbaycan Ordusunda aparılmış islahatların nəticələrini diqqətdən keçirməyə imkan verir. Yeri gəlmişkən qeyd edim ki, məhz həyata keçirilmiş tədbirlər sayəsində son illərdə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazanıb. Prezident İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalına müsahibəsində bildirmişdir ki, son illərdə ölkəmizdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Həmin zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Üstəlik qeyd etmişdir ki, respublikamız həm də hərbi təyinatlı məhsullar ixrac edir. Son illərdə onlarla hərbi şəhərcik də yaradılıb, hərbçilərin xidmət şəraiti günün tələblərinə uyğunlaşdırılıb, onların sosial problemləri öz həllini tapıb. Dövlət başçısı, həmçinin vurğulamışdır ki, son illərdə ən müasir texnika və silahlar alınıb. Şübhəsiz, bütün bunlar Silahlı Qüvvələrin maddi-texniki bazasının daha da möhkəmlənməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin güclənməsinə səbəb olub. Bu istiqamətdə atılan addımlar bu gün də uğurla davam etdirilir”.

Müsahibimizin fikrincə, təlimlər ordunu döyüşə hazırlamaq deməkdir: “Mən deyərdim ki, təlimlər qələbəyə gedən yolun başlanğıcıdır. Şübhəsiz, bunu Ermənistanın rəhbərliyi də yaxşı dərk edir. Odur ki, onlar bu təlimlərimizdən yenə təşvişə düşərək beynəlxalq aləmdə hay-küy salmağa çalışırlar. Amma onlar bir həqiqəti unudurlar ki, ordumuz təlimləri respublikamızın dünya miqyasında tanınmış sərhədləri çərçivəsində keçirir və burada beynəlxalq qanunların pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən, sual olunur: rəsmi İrəvan nə vaxtdan beynəlxaq normalara, sənədlərə hörmətlə yanaşmağa başlayıb? Əgər hörmətlə yanaşsaydı, ilk növbədə silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirərdi. Bu mənada demək olar ki, ordumuzun keçirdiyi təlimlərə işğalçı Ermənistanın bu cür reaksiya verməsi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaqdan başqa bir şey deyil”.

Müsahibimiz söhbətini bu sözlərlə tamamladı: “Bu təlimlər bir daha göstərir ki, bizim düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordumuz var: “2016-cı ilin Aprel döyüşlərində bunun bir daha şahidi olduq. Azərbaycan danışıqların nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını da gizlətmir. Məsələyə bütün parametrlərdən yanaşanda görürük ki, Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində belə bir addım atmağa haqqı da vardır. Yəni ordumuz hər an antiterror əməliyyatı apara və işğal altındakı ərazilərini azad edə bilər. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev istər ölkə ictimaiyyəti qarşısında, istərsə də başqa dövlətlərin, eləcə də bir sıra mötəbər qurumların rəsmiləri ilə görüşlərində bu fikri dəfələrlə vurğulayıb. Fikrimcə, növbəti zərbəmiz daha sarsıdıcı, hətta deyərdim ki, həlledici olacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”