Son günlərin statistik rəqəmləri Avropanın bir çox ölkələrində koronavirus pandemiyasına yoluxma hallarının kəskin şəkildə artmasını göstərir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, bəzi dövlətlər yenidən karantin rejimini sərtləşdirməyə başlayıblar. Baxmayaraq ki, bir çox ölkələr artıq yumşalma tədbirləri həyata keçirməyə, hətta beynəlxalq uçuşların da bərpasına hazırlaşırdılar. Amma…
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru T.A.Qebreyesus Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə keçirilən beynəlxalq sağlamlıq virtual forumunda çıxışı zamanı deyib: “Təəssüf ki, pandemiya genişlənməkdə davam edir. Biz bilirik ki, pandemiyanın yaratdığı böhran səhiyyə sistemindəki böhrandan daha geniş və daha ağırdır. Bu, həm də iqtisadi, sosial, bir çox ölkələrdə isə hətta siyasi böhrandır. Bunun ağır fəsadları onillər boyu hiss olunacaq. Pandemiyanın doğurduğu əsas təhdid təkcə təhlükəli virusla bağlı deyil. Ən ciddi narahatlıq və təşviş doğuran amil bu sahədə qlobal həmrəyliyin və qlobal liderliyin olmamasıdır. Pandemiyanın siyasiləşdirilməsi yolverilməzdir və problemin həllini daha da çətinləşdirir.”
Hazırda bəşəriyyət COVID-19 pandemiyasından xilas olmaq üçün çözüm yolları axtarır. Pandemiyanın ilk günlərindən dünyada cərəyan edən proseslər, ölkələrin və ÜST-ün müəyyən etdiyi qaydalara və mübarizə metodlarına nə dərəcədə riayət edilməsi göstərdi ki, yoluxma riski və ölüm faktları müxtəlif ölkələrdə eyni deyil. Statistik göstəricilərə nəzər salsaq görərik ki, yoluxma sayına görə ilk onluğa ABŞ rəhbərlik edir. Sonrakı yerlərdə isə Braziliya, Rusiya ,Hindistan, Böyük Britaniya , İspaniya, Peru, İtaliya, İran dayanır. Onu da qeyd edək ki, dünyada 10 milyondan çox insan koronavirus pandemiyasına yoluxub. Hər gün artan statistik rəqəmlər isə insanı dəhşətə gətirir.
Dünyanın supergücü sayılan ABŞ-da belə yoluxma sayının artması, eləcə də digər inkişaf etmiş ölkələrdəki acınacaqlı vəziyyət bütün bəşəriyyəti narahat etməli, insanları düşündürməlidir. Bu günə kimi ABŞ-da koronavirus infeksiyasının yaratdığı xəstəlikdən vəfat edənlərin sayı Birinci Dünya müharibəsində həlak olmuş amerikalıların sayını keçib.
Çin pandemiyanın ölkədə bitmə sevincini yaşasa da, bu “xoşbəxtlik” uzun çəkmədi. Vətəndaş məsuliyyətsizliyi və gigiyenik qaydalara yetərincə əməl edilməməsi ölkədə virusun yenidən baş qaldırmasına səbəb oldu. Paytaxt Pekində bazarların birində koronavirus infeksiyası aşkar edildiyindən bazarın yerləşdiyi “Fentay” rayonunda vəziyyətin nəzarətdə saxlanılması üçün fövqəladə rejim tətbiq olunub. Uhan Universitetinin professoru Yan Çjançyunun sözlərinə görə, Pekin bazarında aşkar edilmiş koronavirus Uhanda dəniz məhsulları bazarında əvvəllər aşkar ediləndən daha yoluxucu ola bilər. Təkcə bu fakt bir daha sübut edir ki, pandemiyanın tamamilə aradan qaldırılması üçün zaman lazımdır.
Portuqaliyanın hakimiyyət dairələri paytaxt Lissabonda və şəhərətrafı qəsəbələrdə koronavirus infeksiyasının yayılmasında artımı müşahidə edərək karantin məhdudiyyətlərini yenidən gücləndiriblər. Belə ki, paytaxtdakı bütün mağaza və kafelərin axşam saat 9-dan sonra fəaliyyət göstərmələri qadağan olunub. Portuqaliyanın paytaxt bələdiyyəsinin ərazisinə daxil olan 15 rayonda bir sıra fəaliyyət növləri, o cümlədən ticarət və xidmət obyektlərinin iş saatları məhdudlaşdırılıb. Bundan başqa, 10-dan çox sakinin bir yerdə toplaşmasına icazə verilmir.
Koronavirus epidemiyası başlanan günlərdə İsveçin hakimiyyət dairələri ölkədə sərt karantin qaydalarının tətbiqindən imtina etdilər. İndi bu “cəsarətli” qərarın nə qədər yanlış olduğunu hesab edənlərin sayı artır ki, azalmır. Belə ki, bu günədək İsveçdə 55 mindən çox insanın təhlükəli infeksiyaya yoluxduğu bildirilir. Bunlardan 5 mindən çox insan dünyasını dəyişib. Hazırda İsveç COVID-19 pandemiyası səbəbindən ölkə əhalisinin hər milyon nəfərinə düşən ölüm halların sayına görə Skandinaviya ölkələri arasında birinci yerdədir.
Fransanın Nitsa şəhərində yenidən sakinlərə sərbəst surətdə küçə və bulvarlara çıxmaq qadağan olunub. Nitsada şəhər polisi karantin rejiminə ciddi nəzarət edir. Maraqlıdır ki, ictimai asayiş keşikçilərinə qaydaları pozan şəhər sakinlərini “tanımaq üçün” dronlar da kömək edir. Şəhərdə hazırda hətta gündüz saatlarında belə sahil parklarına daxil olmağa icazə verilmir.
Bolqarıstanda da vəziyyətin pisləşdiyi barədə məlumatlar yayılır. Ölkə paytaxtında bütün qapalı ictimai müəssisələrdə sakinlərdən yenidən qoruyucu maskalardan istifadə etmələri ciddi tələb edilir. Bu tələbi pozanlar cərimə olunurlar. İyunun 7-dən 22-dək ölkədə koronavirus infeksiyasına yoluxan aktiv xəstələrin sayı 626 nəfər çoxalıb. Yoluxma hallarının artmasının səbəbi, ilk növbədə, əhalinin böyük qisminin sanitar normalara və sosial təcridlə bağlı tələblərə biganə yanaşmalarıdır. Vəziyyətin ağırlaşması ilə bağlı Bolqarıstanda kütləvi mədəni tədbirlərin keçirilməsinə yenidən müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlanılıb. Bütün qapalı müəssisələrdə, o cümlədən, teatrlarda, konsert və idman zallarında hər kəsdən maska taxması tələb olunur. Bundan başqa, ölkədəki bütün mağazalar və başqa ticarət obyektlərinə daxil olan şəxslərdən ən azı 1,5 metr məsafə saxlamaları istənilir.
Digər dünya ölkələri ilə müqayisədə pandemiya ilə bağlı vəziyyət ölkəmizdə tam qənaətbəxş olmasa da, acınacaqlı da deyil. Belə ki, indiyədək Azərbaycanda 17 minə yaxın insan koronavirusa yoluxub. Onların 7 mindən çoxu hazırda aktiv koronavirus xəstəsidir. Dünyanın əksər ölkələrində pandemik vəziyyət nəzarətdən çıxsa da, Azərbaycanda durum hələki nəzarət altındadır. Azərbaycanda tətbiq edilmiş sərt karantin qaydaları və görülən digər işlər koronavirusa yoluxma sayının azalmasına müsbət təsir etmişdisə, qaydaların yumşaldılmasından sonra vətəndaşlar arasındakı “virus artıq bitdi”,”virus yoxdur”, “niyə mənim yaxınlarım arasında yoluxan yoxdur” kimi yanlış ifadələrlə bugünkü durumun yaranmasının əsas səbəbkarı oldular. Hətta iyunun 24-də virusa yoluxma rekord həddə 590-a qədər yüksəldi. Bəzi vətəndaşlarımız tibbi maskadan istifadə etməməklə, sosial məsafəni ictimai yerlərdə gözləməməklə özləri də bilmədən neçə-neçə insanın həyatını təhlükəyə atırlar. Əslində, sağlamlıq naminə bu qaydalara əməl etmək heç də çətin deyil: tibbi maska tax, ələrini qoruyucu vasitələrlə, spirtlə və digər məhlullarla dezinfeksiya et və sosial məsafə saxla. Bizim müdafiə əzmimiz, həmrəyliyimiz, məsuliyyətimiz koronavirusdan güclü olub, ona qalib gəlməlidir!
Yaqut Ağaşahqızı,
“İki sahil”