KÖŞƏ

Vəli İlyasov

Paşinyan davakar ünsürləri neytrallaşdıra bilsə...

25 yanvar 2019 20:24
1644

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla MDB dövlət başçılarının sammiti çərçivəsində Düşənbədə bir dəfə görüşüb. Nikol  Paşinyan bu görüşdən sonra öz feysbuk səhifəsində İlham Əliyev haqqında tərifli ifadələrlə dolu  fikirlərini yazıb. Həmin yazısında Paşinyan Prezident İlham Əliyevin bacarıqlı və  uzaqgörən siyasətçi olduğunu bildirib. Daha sonra Sankt-Peterburqda da liderlərin zirvə çərçivəsində bir araya gəliblər. Davos Dünya İqtisadi Forumunda iki liderin yenidən görüşməsi Düşənbə və Sankt-Peterburqdakı qeyri-rəsmi görüşlərin davamı kimi dəyərləndirilə bilər. Ancaq  bu görüş əvvəlkilərdən fərqli olaraq ayaqüstü və tanışlıq formatında olmayıb. Bu görüşün  saat yarım davam etməsindən də göründüyü  kimi , 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin çözülməsində həlledici il ola bilər.

Politoloqların fikrincə, artıq siyasi şərhçilərin də vurğuladıqları kimi, bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündə əsas müzakirə mövzusu olan  xalqların sülhə hazırlanması məsələsi kifayət qədər mücərrəddir. Bu hazırlanma prosesi  Ermənistan tərəfinə daha çox lazımdır, Azərbaycanın əzəli torpaqlarına təcavüz edən odur. Ona görə də  xalqın sülhə hazırlanması, qonşu xalqlarla normal əlaqələr qura bilməsi işğalçı Ermənistan üçün daha vacibdir. Uzun illərdir ki, Azərbaycan tərəfi özünümüdafiə ilə məşğuldur. Heç bir səbəb olmadan əraziləri  iyirmi yeddi ildən də artıq işğal altında qalan Azərbaycanın sülhə hazırlıq prosesinə ehtiyac yoxdur.  Azərbaycan xalqı nəyi necə etmək barədə kifayət qədər məlumatlıdır. Yəni, ərazilərinin azad edilməsi müqabilində Azərbaycan sülhə hazırdır. Dövlətimizin başçısı cənab İlham Əliyev bu fikri beynəlxalq  tribunalardan da dəfələrlə bəyan edib.

Qətiyyətlə demək olar ki, münaqişənin həllində bütün məsuliyyəti  Ermənistan tərəfi daşıyır. Lakin mətbuata sızan məlumatlara görə, Ermənistanda bəzi qüvvələr münaqişənin sülh yolu ilə həll olunmasını istəmirlər. Ona görə də həmin qüvvələr bəri başdan haray-həşir salıblar. Onlar baş nazir Nikol Paşinyanın  Azərbaycanla danışıqlar aparmasını pisləyir və baş nazirin yeritdiyi xətdən ciddi narazılıqlarını bildirirlər. Təbii ki, bu qüvvələrin kimliyi bəllidir. Bunlar hakimiyyət hərisləri olan Robert Koçaryanın,  Serj Sarkisyanın və digərlərinin başçılıq etdikləri ünsürlərdir. Öz xalqını qonşularla  düşmənçiliyə sürükləmiş bir ovuc ambisiyalı cinayətkar şəxs münaqişənin həll olunmasına qətiyyən razı deyillər. Onlar hakimiyyətdə olduqları uzun illər belə mənfur ideyalarla iki xalqı barışmaz düşmənə çevirdilər.

Zaman onların səhvlərini düzəldəcək, ancaq törətdikləri cinayətlərə görə isə cavab verməli olacaqlar. Həmin məhkəməyə lap az qalıb.