KÖŞƏ

Vəli İlyasov

Paşinyan siyasi labirintdən çıxa bilmir

25 aprel 2019 10:56
2050

Son günlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada apardıqları müzakirələrin nəticələri ilə bağlı təhlili məqalələr mətbuatda daha çox yer alır. Siyasətçilər, politoloqlar, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və analitiklər bununla bağlı müxtəlif məzmunlu ehtimallar irəli sürürlər. Məqalə müəlliflərini daha çox nazirlərin cəmiyyətlərin sülhə hazırlanmasından bəhs etmələri maraqlandırır. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyi verdiyi açıqlamada da qeyd edib. Ancaq Ermənistan mətbuatında həmin mövzu ilə bağlı dərc edilən məlumatların qısa təhlili göstərir ki, burada hər şey göründüyü kimi deyil.  Ermənistan tərəf real vəziyyəti təhrif edən fikirlər ifadə edir. Onlar “sülhə hazırlıq” məsələsini cəmiyyətə özlərinin təsəvvür etdikləri kimi təqdim etməyə çalışırlar.

Bu bir tarixi həqiqətdir ki, bütün müharibələrin sonu sülhlə nəticələnir. Artıq otuz ilə yaxındır ki, ipə-sapa yatmayan ermənilərə bu adi həqiqəti qəbul etdirmək mümkün olmur. Onlar xarici havadarlarının köməyi ilə müharibədə əldə etdikləri müvəqqəti üstünlüyü özlərinin “əbədi qələbəsi” kimi təqdim etməkdən  xilas ola bilməyiblər. Hətta onlar utanmadan Aprel döyüşlərində erməni ordusunun və xalqının “qəhrəmanlığı”ndan bəhs edirlər.

Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşündə  tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Ermənistan XİN də buna oxşar açıqlama yayıb.  Qeyd etməliyik ki, BMT-nin baş katibi müzakirənin nəticələrini müsbət qiymətləndirib. Avropa İttifaqı konkret nəticələrin alınmasını “səbirsizliklə gözlədiyini” bildirib. Ancaq qəbul olunmuş ümumi fikirlərə isterik münasibət göstərən bir çox erməni KİV-lərində Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasına aqressiv fikirlər səslənməkdədir.

Yeri gəlmişkən, müzakirələr ATƏT-in Minsk qrupu formatı çərçivəsində aparılıb və təbiidir ki, onlar da nəticələrə öz münasibətlərini bildiriblər. Həmsədrlər danışıqların müsbət ruhunu vurğulayır, regional əməkdaşlığın potensialının artırılması zərurəti baxımından bunu ümidverici addım kimi qiymətləndiriblər.

 Vyana görüşündən sonra Ermənistan beynəlxalq aləmdə “sülhsevər” olduğunu nümayiş etdirməyə çalışsa da köhnə əməllərini davam etdirir. Bunun bir neçə səbəbi var. Birincisi, Ermənistan rəhbəri Nikol Paşinyan cəmiyyətdə birlik formalaşdıra bilmir. İkincisi, erməni diasporunun və xarici ağalarının razılığı olmadan addım ata bilmir. Digər tərəfdən də daxildə ona müxalif olan qüvvələrin, xüsusilə “Qarabağ klanı”nın təzyiqlərinə davam gətirmək üçün gah bu, gah da digər bir-birinə zidd fikirlər söyləməyə məcbur olur. Ona görə də sərbəst siyasət aparmağı bacarmayan baş nazir Nikol Paşinyan “nala-mıxa” döyə-döyə qalıb. Əvvəllər “boş qalmış Azərbaycan torpaqları bizə lazım deyil” deyən Paşinyan indi işğal müddətini uzatmağa çalışır.

Ermənistanın müdafiə naziri David Tonoyanın sərsəm bəyanatları da bundan qaynaqlanır. Bir tərəfdən “sülhə hazırıq” deyən Ermənistan rəhbərliyində təmsil olunan bu adam o biri tərəfdən “müharibə yeni Azərbaycan ərazilərini işğalıdır” kimi sarsaq bəyanatlar verir. Buna cavab olaraq Azərbaycanın müdafiə naziri Zakir Həsənovun “müharibə başlayacaqsa, Tonoyanla İrəvanda görüşəcəm” sözləri Ermənistanda təşvişə və müzakirələrə səbəb olub.

Seçim etməkdə çətinlik çəkən işğalçı Ermənistan rəhbərliyi siyasi labirintdə yol axtarır.Heç özlərinə də məlum deyil ki, onlar bu labirintdən nə vaxt çıxacaqlar, ümumiyyətlə, çıxa  biləcəklərmi?