15 oktyabr 2019 10:33
1337

Prezident İlham Əliyev həqiqəti lazım olduğu yerdə, zamanında söyləyən müdrik liderdir

Azərbaycan xalqının, beynəlxalq ictimaiyyətin bu etirafını Soçi və Aşqabad görüşləri təsdiqlədi

Bir neçə gün əvvəl Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının sessiyasındakı çıxışında Ermənistanın baş naziri Nikol Paşinyanın  xəstə təfəkkürünün məhsulu olan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına verdiyi qətiyyətli cavabı ilə cəsarətli lider olduğunu “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə bildirən Prezident İlham Əliyev siyasi iradəsini və qətiyyətini Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bir daha bəyan etdi.

Mühüm məsələlərə dair geniş fikir mübadiləsi aparılan, Şuraya daxil olan dövlətlərarası münasibətlərə yeni məzmun gətirən 21 sənədin imzalandığı Zirvə Görüşünün yaddaqalan məqamlarından ən mühümü Prezident İlham Əliyevin məntiqli çıxışı oldu. “Bugünkü Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir” söyləyən cənab İlham Əliyev faşizm üzərində ümumi Qələbəyə ölkəmizin layiqli töhfə verdiyini xatırladaraq vurğuladı ki, Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi: “Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış bir oyuq, həmin oyuqda “Bakı” adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb “Bakı” sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı.”

O dövrdə azərbaycanlı alim Yusif Məmmədəliyevin elmi axtarışlarının nəticəsi olan yüksək oktanlı benzindən istifadənin qələbə üçün əhəmiyyətindən bəhs edən dövlət başçımız vurğulamışdır ki, bütün dövlət başçıları faşizm əleyhinə  mübarizədə görülən işlərdən danışsa da, Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbli, Reyxə,  alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulan Ermənistanın baş naziri Nikol Paşinyanın deməyə sözü olmamalıdır.

Həmin hadisələrdə MDB ölkələrindən olan bir qrup müharibə veteranı Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirsə də, qəddarlığı ilə alman faşizmini arxada qoyan, Reyxin törəməsi erməni faşizminin ideyalarını qanlarında daşıyan “yan”lar deyilənlərdən nəticə çıxarmadılar.

2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında”kı məruzəsində əks olunan “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb.” “Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir” sözlərini diqqətə çatdıran cənab İlham Əliyev Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədən də sitatlar gətirmişdir. “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur.”

Ermənistan paytaxtında Njdenin xatirəsinə ucaldılmış abidənin hələ də saxlanılması indiki iqtidarın da faşizmə qulluq etdiyini göstərir. Halbuki “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” sərsəm şüarının özü Böyük Vətən müharibəsi illərində həlak olan bütün şəhidlərə, veteranlara hörmətsizlikdir.

Ermənistanda Hitlerin ən yaxın adamlarından olan, Vermaxtın erməni düşərgəsinin legionu, general Njde kimi tanınan Qaragin Ter- Arutyunyana abidə ucaldılması faşizmə qarşı birgə mübarizə aparan insanlar tərəfindən lənətləndi. Faşizmi dəstəkləyən Ermənistan rəhbərlərinin Hitler və Himlerin cəlladları sayılan erməni generalları Njde və Dronu  (Drastamat Kananyan) qəhrəman kimi qələmə vermələri yeganə hal deyil. Nasist ideologiyası üçün “yararsız, qeyri-doğmalar” olan yəhudilərin alman həbs düşərgələrində kütləvi qırğınlarında da əli olan bu qatillər amansızlıqları ilə seçilmişlər. O zaman müharibə veteranları “Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı BMT Baş Assambleyasının 17 dekabr 2015-ci il tarixli Qətnaməsini və digər sənədləri əsas tutaraq bildirdilər ki, faşizmə qarşı mübarizədə həlak olanların xatirəsinə hörmətsizlik olan Ermənistanın bu hərəkətinə beynəlxalq ictimaiyyət tərəfindən qiymət verilməlidir. Dro və Njdenin şərəfinə əskinasların hazırlanması, filmlərin çəkilməsi, cəlladların adlarının əbədiləşdirilməsi faşizm ideologiyasının təbliği kimi pislənildi.

İki əsrdən bəri Azərbaycan xalqına, türklərə qarşı kütləvi qırğınlar törətməklə qatil olduqlarını sübut edən ermənilərdən ibarət terror şəbəkələri dünyanın demək olar ki, bütün qitələrində qanlı əməlləri ilə tanınır, lənətlənir.  Aşqabad görüşündəki səbatsız çıxışı ilə njdelərin “fəaliyyətini” türklərə qarşı mübarizə adlandıran Paşinyan bu gün də terroru dəstəklədiklərini etiraf edir.

Genlərində daşıdıqları qəddarlığı, insanlığa nifrətlərini ABŞ-da, Kanadada, Fransada, Avstriyada, Lüksemburqda, İspaniyada, İtaliyada, Türkiyədə, Rusiyada... ən başlıcası isə Azərbaycanda törətdikləri soyqırımla  bildirən “hay”ların adları ən faciəli qırğınların müəllifi kimi tarixə yazılıb.  Erməni qəddarlığının nümunəsi olan Xocalı soyqırımı ötən əsrin qan yaddaşında qəddarlığı ilə fərqləndi. Hitler faşizminin generalı Njde və Dro kimi, Fransa aeroportunda terror törədən, “Avo” ləqəbli Monte Melkumyanı, iyirmidən artıq türk diplomatını qətlə yetirənləri milli qəhrəman elan edən erməni iqtidarının terroru dəstəkləməsi yeganə hal deyil.

“Komsomolskaya pravda” qəzetinin portalında Azərbaycan politoloqu Mixail Zabelin “Yerevanın mərkəzində Hitlerin sovet məhkəməsi tərəfindən məhkum edilmiş əlaltısının heykəli açılıb” sərlövhəli məqaləsində hərbi caninin adının Ermənistanda əməlli-başlı pərəstiş obyektinə çevrilməsini pisləyir: “Hitlerin əlaltısının şərəfinə xatirə sikkələri zərb edilir. Ermənistanın hakim respublikaçılar partiyasının proqramında açıq-aydın deyilir: “Tanrının adı ilə erməni xalqının dərindən dərk edilmiş ali məqsədi vətəndə əbədi olmaq, öz həyat qabiliyyətini, yaradıcılıq dühasını və azad iradəsini bərqərar etməkdir. Bu hədəfin reallaşdırılmasının təminatı erməni milli ideologiyasıdır. Ermənistan respublikaçılar partiyasının qəti inamına görə Qaregin Njdenin təlimi bu ideologiyada mühüm yer tutur”. Yerevanda bir meydana Qaregin Njdenin adı verilib. Lakin Rusiyanın rəsmi strukturları, o cümlədən RF-nin Ermənistandakı səfirliyi susublar və yenə susurlar. Rusiya kino ulduzlarının iştirakı ilə Njde haqqında “bioqrafik film” çəkilişlərinə heç bir rəsmi münasibət bildirilmədi.”

Dünya ictimaiyyətinin maraqla izlədiyi Soçi və Aşqabad görüşlərində Paşinyana verdiyi cavabı ilə qətiyyətini, siyasi iradəsini, cəsarətini göstərən cənab  İlham Əliyevin qarşısında acizliyini  arqumentsizliyi, tarixdən və siyasətdən xəbərsizliyi ilə təsdiqləyən, şok vəziyyətinə düşən Paşinyanı daha ciddi nokautlar gözləyir.

Bu cür tədbirlərdə arzuolunmaz şəxs hesab olunan, etinasızlıqla qarşılaşan Paşinyanın gəldiyi məkana, “küçə diplomatiyasına” dönəcəyi gün də yaxındadır. Artıq xalqına deyəcəyi sözü, verəcəyi yalan vədləri qalmayan baş nazirin özü də yaxşı bilir ki, belə qlobal məsələlərin, dünya siyasətinin aktual problemlərinin müzakirə olunduğu masaların ətrafında əyləşməyə haqqı, səriştəsi, savadı yoxdur. Sözün qiymətini zamanında dəyərləndirməyi bacardığını dəfələrlə sübut edən Prezident İlham Əliyev diplomatik cəsarətini müdriklərimizdən ərməğan qalan hikməti Aşqabaddakı məntiqi çıxışı ilə də təsdiqlədi: Düzgün adam həqiqəti hər yerdə deyir, ağıllı adam isə həqiqəti lazım olduğu yerdə deyir.

Xuraman İsmayılqızı, “İki sahil”