KÖŞƏ

Taleh Turqut

“Qarabağ klanı” Paşinyana qarşı : münasibətlər gərginləşir

08 yanvar 2019 11:36
394

2019-cu ilin Ermənistanda daha ağır keçəcəyi fikri erməniləri ciddi narahat edir. Bu, həm sosial-iqtisadi şərait, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsi baxımından əhəmiyyətli olacağını söyləməsi, bunun ardınca xarici işlər naziri Elmar Məmmədyarovun bu il münaqişənin həlli ilə bağlı real ümidlərin olması barədə dedikləri erməniləri bir az da həyəcanlandırıb.

“Hər şey ona doğru gedir ki, bu ilin yazında və ya yayda, hava şəraiti imkan verəndə Bakı Dağlıq Qarabağda tammiqyaslı müharibəyə başlayacaq”. Bunu Ermənistan mediasına müsahibəsində erməni hərbi ekspert Vaan Ambarsumyan deyib. Ekspertin iddiasına görə, 2018-ci ilin aprelindən bu yana Azərbaycan təmas xəttində quru qoşunlarını toplayır və təkmilləşdirir. V. Ambarsumyan Azərbaycanın Ermənistanla sərhəddə Sərhəd Qoşunlarını yerləşdirməsini də bu planın tərkib hissəsi kimi qiymətləndirir və etiraf edir ki, bu qoşun növləri də ayrılıqda böyük gücə sahibdir: “Öz gücünə görə Azərbaycanın sərhəd qoşunları balaca müdafiə nazirliyini xatırladır, ordu içərisində ordudur. Qoşunların bu növünün silahlanmasında hücum texnikası yer almır, əsasən müdafiə təyinatlı texnikaya malikdir, 24 Mi-35M zərbə-döyüş vertolyotu istisna olmaqla”.

Bundan əlavə, separatçı rejim “başçısının” “məsləhətçisi” Tiqran Abramyan da 2019-cu ildə yeni hərbi toqquşma ehtimalının olub-olmaması ilə bağlı jurnalistlərin suallarına cavab verərkən müharibə qorxusunu gizlətməyib: “Yaxın günlərdə yeni bir toqquşmanın olacağını təxmin etmək bir az çətindir, lakin orta və uzun müddətli perspektivlərdə bir çox risklər var. Dağlıq Qarabağ məsələsində qarşıdan gələn görüşdən çox şey asılıdır. Səhv etmirəmsə, 2019-cu ilin yanvarında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bir müddət sonra isə məntiqlə dövlət başçıları səviyyəsində görüş keçirilməlidir. Hesab edirəm ki, yanvarın sonunadək, fevralın əvvəlində Qarabağ məsələsində  mənzərə müəyyən dərəcədə aydın olacaq”.

Ermənilərin Azərbaycanın hərbi gücü qarşısındakı təşvişləri ilə yanaşı, daxili ictimai-siyasi vəziyyətlə bağlı da əndişələri mövcuddur. Xüsusən Ermənistandakı “Qarabağ klanı” ilə yeni Paşinyan hakimiyyəti arasındakı ziddiyyətlərin getdikcə kəskinləşməsi fonunda bu əndişələr daha da artmaqdadır.

“Qarabağ klanı”nın “xaç atası” hesab edilən keçmiş prezident Robert Koçaryanın həbsindən sonra bu münasibətlər qırılma nöqtəsinə yaxınlaşmaqdadır. Uzun müddətdir ki, siyasi aləmdən uzaq gəzən separatçı rejimin sabiq “rəhbəri” Arkadi Qukasyan da artıq səhnədə görünməyə başlayıb. O, keçmiş “ağsaqqalı”nın müdafiəsi məqsədilə fəaliyyətə başlayıb. Ermənistanın “news.am” saytına müsahibəsində A. Qukasyan deyib ki, o, cinayət işinə hüquqi qiymət verə bilməz, lakin “Kimin günahkar olub-olmamasına məhkəmə qərar verir. Nifrət, düşmənçilik, dözümsüzlük ədalət mühakiməsi ilə bir araya sığmır. Mən məhkəmənin Robert Koçaryan barədə qətimkan tədbirini dəyişəcəyinə və ədalətli mühakimənin təmin olunacağına ümid edirəm”. A. Qukasyan Robert Koçaryanın həyat yolunu tam qaralamağın düzgün olmadığını bildirib.

Bununla yanaşı, Yeni ilin ilk günlərində Dağlıq Qarabağdakı separatçıların rəhbəri Bako Saakyan da Paşinyan hökumətinə xoş getməyən addımları ilə diqqət mərkəzində olub. Bir neçə gün əvvəl o, Xankəndidə Ermənistan parlamentinin sədri, Serj Sarkisyanın Respublikaçılar Partiyasının hakimiyyətdəki sonuncu ən yüksək vəzifəli nümayəndəsi olan Ara Babloyanla təkbətək görüşüb. Bununla kifayətlənməyərək ona “xidmətlərinə görə” “Mesrop Maştots” ordeni də verib. Onu da əlavə edək ki, bu, Saakyanın yeni ildə Paşinyana qarşı atdığı ikinci addımıdır. Bundan əvvəl onun xeyir-duası ilə Dağlıq Qarabağdakı “siyasi partiyalar” Koçaryanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış etmişdilər.