21 iyun 2019 18:46
3433

Qarabağ qazisi: “İrəli” əmrindən o qədər xoşum gəlir ki...

“Aprel döyüşlərində Azərbaycan oğulları igidlik salnaməsi yazdılar. Onlar həmin döyüşlərdə böyük bir zəfərin əsasını qoydular. Bununla  ruhumuzda da bir yüksəliş yaratdılar”. Bu fikirləri aprel döyüşlərinin iştirakçısı, II qrup Qarabağ əlili, 28 yaşlı Sahib Vəliyev “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, döyüşlərin gedişatı zamanı hətta yaralı zabitlərimiz, gizirlərimiz və müddətdən artıq hərbi qulluqçularımız, əsgərlərimiz döyüş meydanını tərk etmək haqqında fikirləşmir, əksinə, yaralanmalarına belə əhəmiyyət vermədən düşmənə ağır zərbələr vurmağa çalışırdılar: “Aprelin 4-də Lələtəpə istiqamətində gedən döyüşlərdə bir sürücü-mexanik kimi idarə etdiyim texnikanın yerini dəyişdirərkən komandirimlə birgə mina və artilleriya atəşinə məruz qaldım və yaralandım. Yaralanmağıma baxmayaraq, döyüşü davam etdirməyə səy göstərdim. Amma... nə qədər cəhd etdimsə, yerimdən tərpənə bilmədim. Məni döyüş yoldaşlarım ərazidən uzaqlaşdırdılar. Həmin yer o qədər təhlükəli zona idi ki, oradan yaralıları çıxarmaq özü də bir taktika tələb edirdi. Onu da deyim ki, şəxsən mən həmin döyüşlərdə ağ ciyərimdən, başımdan yaralanmağımı özümə dərd etmirəm. Ümumiyyətlə, tək mən yox, bütün döyüşçülərimiz döyüşlərə atılanda hər an düşmən gülləsinə tuş gəlib yaralana, yaxud şəhid ola biləcəklərini dərk edirlər. Bunu bilmələrinə rəğmən, qorxmadan döyüşlərə atılırlar ki, təki torpaqlarımız düşməndən azad olunsun”.

S.Vəliyev, həmçinin vurğuladı ki, bir neçə cərrahi əməliyyat keçirdiyindən bir çox hadisələri xatırlamaqda çətinlik çəkir.

 Müsahibimiz bir məsələyə də toxundu: “Dövlətimiz sağ olsun. Şəhid ailələrinə, Qarabağ qazilərinə hər cür qayğı göstərir. Şəxsən mənə də mənzil verilib. Bu yaxınlarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işlə də təmin olunacağam. Yeri gəlmişkən, buna görə Komitənin sədri Rövşən Rzayevə minnətdarlığımı bildirirəm. Bir sözlə, mən bir Qarabağ qazisi kimi şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailə üzvlərinə dövlət səviyyəsində göstərilən bu qayğı və diqqəti yüksək qiymətləndirirəm.

Amma mən hərdən eşitdiyim belə bir fikirlə heç cür razılaşa bilmirəm: bəzilərində belə bir psixologiya formalaşıb ki,  Vətən uğrunda döyüşmüsənsə, hamı sənə borcludur. Mənim fikrimcə, bu bizim Vətən qarşısında borcumuzdur, Vətəndən isə nəsə ummaq doğru deyil”.

Müsahibimiz aprel döyüşlərində iştirak edən bir hərbçi kimi gözlərinin qabağından silahdaşlarının heç zaman çəkilmədiyini də vurğuladı: “Hətta yuxularımda belə aprel döyüşlərini görürəm. Hə, bir də görürəm ki, Şuşada, Kəlbəcərdə, Xankəndidə, o cümlədən anadan olduğum Füzulinin Aşağı Veysəlli kəndində bayrağımız dalğalanır. Şübhəsiz, bu yaxınlarda bütün bunlar çin olacaq. Çox güman ki, toyumu da kəndimizdə edəcəyəm. Mən buna tam əminəm. İnanıram ki, doğma kəndimizi görmək, onun suyundan içmək, havasından udmaq mənə nəsib olacaq. Yaralanmağımla əlaqədar 8 ay müalicə almağıma, bu gün də həkim nəzarəti altında olmağıma baxmayaraq, Ali Baş Komandanın əmrinə hər zaman hazıram. Üstəlik,  Vətən torpaqlarının işğaldan azad olunması naminə keçiriləcək növbəti döyüşləri səbirsizliklə gözləyirəm. Onu da deyim ki, mənim “İrəli” əmrindən o qədər xoşum gəlir ki...”

Müsahibimiz bildirdi ki, onun qardaşları - Zaur, Kamil, Habil də hərbçidirlər: “Hərbçi olmağımızda atamın rayonumuz, eləcə də ermənilərin vəhşilikləri, xüsusən Xocalıdakı qəddarlıqları ilə bağlı danışdıqları mühüm rol oynayıb. Ona görə də biz başqa sənətin dalınca qaçmadıq. Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olaraq həyatımızı işğal altındakı torpaqlarımızın azad olunmasına həsr etdik. Bundan da heç birimiz peşman deyilik. Onu da deyim ki, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucov mənim idealım olub. Bu gün də mən asudə vaxtlarımda onunla bağlı internet materiallarını maraqla izləyirəm. Fikrimcə, belə qəhrəmanlardan çox şey öyrənməliyik”.

Qvami Məhəbbətoğlu, “İki sahil”