23 noyabr 2020 18:30
1355

Qələbənin müzəffər akkordları

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bu sözlər milli birliyimizin ifadəsi olaraq son günlərin başlıca şüarına çevrilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətinə sadiq qalaraq Dağlıq Qarabağı düşmən ünsürlərdən təmizləyərək Vətən müharibəsini uğurla başa çatdırmaqla yeni tarix yazan şanlı Azərbaycan Ordusu möcüzələr yaratdı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük cəsarəti, mərdliyi və dönməzliyi sayəsində xalqımızı əvəzsiz utancdan qurtarması ilə “Əsrin müqaviləsindən əsrin qələbəsinə” aparan milli-tarixi missiyanı qətiyyətlə başa çatdırdı.

Qarabağ savaşı-Vətən müharibəsi bir daha göstərdi ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrasının təmin edilməsində ermənilərlə yanaşı, çoxları maraqlı deyildi. Təəssüf ki, bu mənzərə gözlərimiz önündə cərəyan edən acı reallıq idi. Dözdük, səbir etdik. Amma əyilmədik. Öncə sosial-iqtisadi islahatlarla ölkəmizi dirçəltdik, idarəetmə sistemini modernləşdirik, milli təhlükəsizlik sferasını, o cümlədən ordu quruculuğunu mobilləşdirdik, bir çox beynəlxalq miqyaslı sosial-iqtisadi və mədəni-humanitar layihələrlə ölkənin nüfuzunu qaldırdıq. Hər şeyi təmin etməklə müqəddəs məqsədə hazırlaşdıq. Şükürlər olsun ki, bu anı dəqiq müəyyənləşdirməklə ümumxalq səfərbərliyinə arxalanaraq düşmən üzərinə yürüdük. Qara bəxtimizə çevrilmiş Qarabağımızı yeni ağ günlərimizin meyvəsinə çevirdik. Ən müasir silahlarla ən mobil ordu ilə ən sivil Vətən müharibəsi apardıq və qalib gəldik. Şükürlər olsun bu günləri bizlərə bəxş edən Ulu Tanrıya, cəsarətli Prezidentə və Müzəffər Ali Baş Komandana, nəhayət, şanlı Milli Orduya və dəmir yumruğa çevrilmiş xalqımıza!

Qələbənin şərtləndirən bir neçə amili xüsusilə qeyd etmək isyəyirəm.

- Ən son, ən müasir “beşinci nəsil” silahlar adlandırılan döyüş texnologiyalarına malik olan ordumuz dünyanın ən inkişaf etmiş ölkələrinin Silahlı Qüvvələri ilə müqayisə ediləcək müdafiə qabiliyyəti nümayiş etdirdi.

- Xalqımızı zəngin döyüş təcrübəsinə malik olan ehtiyatda olan əsgər və zabitlərimizin könüllü olaraq orduya yazılma kampaniyasının vüsəti döyüş bölgəsinin daha çevik malik hərbi birləşmələrlə komplektləşdirilməsi qələbəmizə təkan verən mühüm amil oldu.

- Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığı, peşəkar hərbi təlim səviyyəsi ilə bərabər milli-vətənpərvərlik ruhu da qələbəmizin rəmzi idi. Bu, Şuşanın azad edilməsi zamanı çətin coğrafi şəraitdə göstərilən müzəffər qələbə ruhunun nümayişi olaraq Vətən müharibəsinin şanlı səhifəsi idi. Xüsusilə, döyüş bölgəsində düşmən tərəfinin xəstələri ilə, əsgərləri ilə, mülki əhalisi ilə davranışları baxımından da döyüşçülərimiz yüksək mənəvi səviyyə göstərdilər.

- Arxa cəbhədə xalqımızın milli birliyinin nümayişi də əsgərlərimizin yüksək döyüş ruhunun təmin edilməsinə güclü təsir göstərdi.

- Ali Baş Komandana göstərilən ümumxalq dəstəyi, onun daha qətiyyətli və əzmkar qərarlarına rəğmən xalqımızın yüksək milli həmrəylik və vətəndaş yekdiliyi nümayiş etdirməsi Vətən müharibəsində xalqla iqtidar birliyinin əzəmətini göstərdi.

- Ölkə Prezidenti və Ali Baş Komandan olaraq cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətləri təkcə siyasi publisistikanın klassik nümunəsi deyildi, daha çox ailədən gələn milli-vətənpərvərlik ruhunun coşqusu idi, nəhayət, onun bir sərkərdə olaraq yüksək hərbi peşəkarlığına istinad edən ağsaqqallıq məharətini də göstərdi. Onun çıxışları nəinki hərbi səfərbərlik ruhu aşılayırdı, həm də xalqın və ordunun milli ruhunu silkələyir, döyüş əzmini və orduya dəstək vüsətini təmin etmək baxımından, nəhayət, döyüşün başlamasından bitməsinədək atılan addımların beynəlxalq hüquq və sivil müharibə qaydaları ilə bağlayan tamamlayıcı çıxışlar olaraq da tarixə düşmüşdür.

Bir sözlə, ikinci Qarabağ savaşı-Vətən müharibəsi kimi tarixə düşmüş 44 günlük müharibənin dərsləri illərlə öyrəniləcək tariximizin şanlı səhifəsi olaraq təqdir olacaq, ölkəmizi İlham Əliyevin simasında yeni-yeni uğurlara aparacaqdır.

Bir şəxsiyyət də var ki, bu Vətən davasında onu xüsusi xatırlamaq ədliyyə işçisi kimi bizlərə borcdur. İllərdir könüllü olaraq doğulduğu Cəbrayılı və digər düşmən tapdağındakı torpaqlarımızı azad etmək eşqi ilə yaşayan, Ədliyyə Nazirliyinin əməkdaşı, ədliyyə qulluğunu nöqsansız yerinə yetirən Xəlilov Ruhin Müzəffər oğlu. O, vaxtilə öz doğma torpağından məcburi köçkün düşmüş, bu nisgili içində hər daim böyütmüş, gücünü Vətən sevgisindən almış və uzun illər sonra bir müsəlləh əsgər kimi döyüşlərə can atıb könüllü olaraq ordu sıralarına qoşulmuşdur. Vətən sevdası müqabilində ailəsindən, 3 körpə övladından ayrılan Ruhin düşmənin onun qəlbində yaratdığı dağ boyda dərdi elə düşmənin özünə dağ çəkməklə intiqama çevirmiş, bütün varlığı ilə döyüşüb öz xalqının və dövlətinin adını uca tutmuş, qəhrəmancasına vuruşaraq müqəddəs olan şəhid adını qazanmışdır. Kollektivin, qohum-əqrəbasının və əsgər-döyüş yoldaşlarının qəlbini vətənpərvərliyi, mehribanlığı, dürüstlüyü, məsuliyyəti və qabiliyyəti ilə fəth edən qəhrəmanımız bu ali zirvəni də fəth etmişdir. Bizi Vətənimizə qovuşduran, xalqın ən böyük şərəfi, qüruru olan şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Bayram Bayramov,
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin məsləhətçisi