05 dekabr 2019 12:05
711

Qobustanlılar güvəndikləri YAP-ın namizədlərinə səs verəcək - FOTO

23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar olaraq  Qobustan rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Növbəti görüş Qobustan rayon Təhsil işçiləri ilə  keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərərhagının Qobustan rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Füzuli Gülaliyev bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb.

 Füzuli Gülaliyev həyata keçirilən irimiqyaslı layihələrin, məhz Yeni Azəbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti İlham Əliyevin adıyla bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qarşısında baş verdiyini seçicilərin diqqətinə çatdırıb: “Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Ölkəmizdə son 16 ildə heç bir dövrdə olmayan qədər məktəblər tikilib, bir çox məktəblər üçün yeni korpuslar inşa olunub. Bu proses ən ucqar bölgələrimizi də əhatə edib.”

F.Gülalıyev YAP  tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirərək, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən təbliğat qrupunun üzvlərindən Valeh Əsgərov, Ruslan Şahbazov, Əlibəy Abduləzizov və digərləri çıxış edərək dekabrın 23-də seçkilərdə seçiciləri fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Orxan Vahidoğlu, “İki sahil”