03 may 2019 16:23
1785

Qubada kəndlərin qazlaşdırılmasına başlanılıb

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Quba rayonunun Hacıhüseynli və Əliməmmədoba kəndlərinin qazlaşdırılmasına başlanılıb.

Tikinti işləri yekunlaşdıqdan sonra bu iki kənddə, ümumilikdə, 727 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.

Kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 46 min metrə yaxın olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkiləcək. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq.

Qazlaşdırma işlərinin iyul ayında başa çatdırılması nəzərdə tutulub.

Bu il Hacıhüseynli və Əliməmmədoba kəndləri ilə yanaşı, Quba rayonunun daha 9 yaşayış məntəqəsinin də təbii qazla təminatı planlaşdırılır. Rayonda il ərzində qazlaşdırılacaq yaşayış məntəqələrində, ümumilikdə, 1715 abonent qeydə alınıb.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Əlibaba Əliyev bildirib ki, il ərzində Xaçmazın Aşağı Ləgər, Digahoba kəndləri, eləcə də, Qusar şəhərinin yeni salınan yaşayış massivinin də təbii qazla təmin olunması nəzərdə tutulub.