26 yanvar 2021 17:51
1403

Regionda yeni imkanlar əməkdaşlığa geniş qapılar açır

Dövlətimizin başçısı İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən bildirmişdir ki,  işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq

10 noyabr üçtərəfli razılaşmasına uyğun olaraq dekabrın 1-də Laçının qaytarılması sevincini xalqımıza çatdırarkən diqqəti Bəyanatın doqquzuncu bəndinə yönəldən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan  vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın  qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək: « Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər.» Regionda beştərəfli yeni əməkdaşlıq platformasının yaradıla biləcəyi xüsusi önə çəkilərək bu istək ifadə edilmişdir ki,  bölgədə uzunmüddətli sülh olsun. Bu isə öz növbəsində  əməkdaşlıqla təhlükəsizlik tədbirlərinin paralel şəkildə həyata keçirilməsini zərurətə çevirir. Azərbaycan daim   əməkdaşlığa hazırdır.  

Azərbaycan və Türkiyə prezidentlərinin 10 dekabr  Zəfər paradından sonra keçirdikləri mətbuat konfransında da  6 ölkədən -Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistandan ibarət əməkdaşlıq formatının yaradılması ideyasının  region üçün faydalı olacağı bildirilmişdi. Bunun ardınca yanvarın 11-də dövlətimizin başçısı İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri çərçivəsində keçirilən üçtərəfli-Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşü zamanı 10 noyabr razılaşmasının ayrı-ayrı bəndlərinin icrası geniş müzakirə olunaraq sonda imzalanan birgə Bəyanatda  nəqliyyat kommunikasiyalarının bərpası bir daha öz əksini tapmışdır. Qeyd edilmişdir ki, bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar.

Ümumiyyətlə, qonşularla münasibətlərin qurulması  hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Qonşu dövlətlərdən biri kimi İranla ölkəmizin  münasibətləri dərin tarixi köklərə malikdir. Xalqlarımız əsrlər boyu bərabər yaşayıblar.  Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib.  Hazırda İran İslam Respublikasında 25 milyondan çox azərbaycanlı yaşayır.

Qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasətinin əsas məsələsi ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsidir. Qonşu ölkələrlə əməkdaşlıq bu gün də prioritet məsələ kimi öndədir.  Dövlətimizin başçısı İlham Əliyev İranın xarici işlər nazirini qəbul edərkən əlaqələrimizin bugünkü səviyyəsinə xüsusi diqqət yönəltmişdir. Bir mühüm məqamı nəzərə alsaq, Azərbaycanın xarici siyasətinin iki əsas məsələsi Xəzərin hüquqi statusu, eyni zamanda, 30 ildən artıq həllini gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb, bölgədə yeni reallıqlar yaranıb, bu halda əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların mövcudluğunu geniş şərh etməyə ehtiyac yoxdur. Bu baxımdan ki, hazırkı dövrdə istər bu və ya digər ölkələrin rəsmilərinin qarşılıqlı səfərləri zamanı keçirilən görüşlərdə, istərsə də beynəlxalq əhəmiyyətli tədbirlərdə postmüharibə dövrünün reallıqlarından, hədəflərindən bəhs edilir. Onların gerçəkləşdirilməsi üçün dost, yaxın ölkələrin şirkətlərinin fəal iştirak edərək verə biləcəkləri töhfələr geniş müzakirə edilir.  Qeyd edilən qəbulda da bu kimi məsələlərə xüsusi diqqət yönəldilmişdir.

Dövlətimizin başçısı İlham Əliyev İran-Azərbaycan əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafından bəhs edərkən bunu şərtləndirən amilləri açıqlayaraq bildirir ki, dostluq, qardaşlıq münasibətləri, eyni zamanda, tarixi əlaqələrimiz əməkdaşlığımızın möhkəmləndirilməsinə geniş yol açır. Güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsidir. Son illərdə  İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verir. İqtisadi əlaqələrin möhkəmlənməsi fonunda hər iki ölkə iqtisadiyyata investisiya qoyuluşunu təmin etmiş və bu sərmayə qoyuluşu tərəflərin maraqlarına xidmət edir.

«Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  prezidentlər səviyyəsində 10-dan çox, eyni zamanda,  digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirilib. Planlaşdırılan  bütün işlər görülüb.  Bu gün diqqətdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla həyata keçirilir. Ötən il yükdaşımaların həcmi  20 faiz artıb.

Ölkə Prezidenti bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır: «Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər.»

Bu gün ölkəmizin həyatında yeni dövr başlayıb. İşğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı mühüm Tədbirlər Planı hazırlanıb. Dövlətimizin başçısı İlham Əliyev bu bərpa, quruculuq işlərin daha çox dost, qardaş ölkələrin şirkətlərinin cəlb ediləcəyini bildirib. İranın xarici işlər naziri ilə görüşdə də dövlətimizin başçısı bildirmişdir ki,  biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq: «Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var.»

Hər zaman qeyd etdiyimiz kimi, qarşılıqlı  səfərlər  əlaqələrin inkişafında, əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Yuxarıda da qeyd etdiyimiz kimi,  Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması regional əməkdaşlığa böyük töhfədir. O da məlumdur ki, bu məsələnin uzun illər öz həllini tapmamasına səbəb sahilyanı dövlətlərin yanaşmalarında fərqlilik idi. İran neçə illər idi ki,   Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyirdi. Eyni vaxtda 90-cı illərin əvvəllərində Xəzər dənizinin dibinin və səthinin, o cümlədən mineral resurslarının birgə istifadə olunmasını təklif edirdi. Ən əsası   Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edirdi.  Bu məsələdə İranla Türkmənistan eyni mövqedən çıxış edirdi.

Konvensiyanın  siyasi və iqtisadi əhəmiyyətindən bəhs edərkən təbii ki, ilk növbədə bu mühüm hadisədə  Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələrin stimulverici amil rolunu oynadığını xüsusi qeyd etməliyik. İllər keçdikcə İran və Türkmənistanla aparılan danışıqlar mövqenin beynəlxalq hüquq normalarına uyğun formalaşmasına səbəb oldu. Ölkəmizin Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığının bugünkü səviyyəsi göz önündədir. Bu günlərdə Azərbaycan  Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması da bunun təsdiqidir. Ötən yazımızda da qeyd etdiyimiz kimi,  Memorandumun  Azərbaycanın bu gün bölgədə və dünyada  yaratdığı  yeni reallıqlar fonunda  perspektivləri, istər  iki ölkə arasındakı münasibətlərə, istərsə də  regional, həm də qlobal əməkdaşlığa verəcəyi töhfələr daha aydın görünür.  

Cənab İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrini xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində region dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur.  Son illərdə ölkəmizin regional əməkdaşlığa verdiyi davamlı töhfələr göz önündədir. Yeni əməkdaşlıq formatlarının təşəbbüsçüsü məhz Azərbaycandır.  Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya  ilk növbədə  Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz təsirini göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, İranla Azərbaycan arasında indiyədək  imzalanan hər bir  sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq münasibətləri sayəsində gerçəkləşib, ədaqələrin inkişafına böyük töhfədir.

Bir əsas məqamı da qeyd edək ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  həllində də qonşu dövlət kimi İranın mövqeyi ölkəmiz üçün daim xüsusi əhəmiyyət kəsb edirdi.  İran Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib. İran Prezidenti Həsən Ruhani bəyanatlarında daim bildirirdi ki,  bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir.

Qeyd edək ki, iki ölkə arasında əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam edir.

İran və Azərbaycan BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində daim bir-birilərinə  dəstək göstərirlər.  Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, tolerant və multikultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr vermək istəyini ortaya qoyub. Cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, həmçinin IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi də İslam həmrəyliyinə ölkəmizin verdiyi töhfələrin davamlı olması istəyindən qaynaqlanırdı. İslam Əməkdaşlıq Təşkilatı bu birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsində, ortaq mövqenin, yanaşmanın ortaya qoyulmasında əhəmiyyətli rol oynayır. İƏT-in  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə dövlətimizin mövqeyi dəstəklənib, Ermənistanın işğalçılıq siyasəti pislənib. Cənab İlham Əliyev daim münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğundan bəhs edərkən digər qurumlar kimi, İslam Əməkdaşlıq Təşkilatının da mövqeyini yüksək dəyərləndirmişdir.

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan milli-mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir. Xalqımızın milli-mənəvi və tarixi irsindən bəhrələnən Azərbaycanın ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün qürur mənbəyidir. Bir sözlə, tolerantlıq və multikultural mədəniyyət hər bir dövləti gücləndirən və onun birliyini təmin edən amildir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün İran-Azərbaycan  münasibətləri bu möhkəm tarix və mədəni köklər üzərində uğurla qurulur və inkişaf edir.

Yeganə Əliyeva, «İki sahil»