Sağlamlığı qorumaq üçün çoxlu səy göstərmək lazımdır. Lakin bəzi insanlar bu barədə də ifrata varır və nəticədə sağlamlığı möhkəmləndirmək əvəzinə, ona daha da zərər vururlar. Aşağıda sağlamlıqla bağlı doğru bildiyimiz yanlışlarla tanış ola bilərsiniz:
1. Gündə ən az 8 stəkan su içmək lazımdır
Bu su-duz tarazlığını normallaşdırmaq və toksinləri bədəndən çıxarmaq üçündür. Əslində, şübhəsiz ki, insan orqanizmi müəyyən miqdarda maye tələb edir və bu, həqiqətən də təxminən 2 litrə bərabərdir, lakin bəzi tibb mütəxəssisləri mayenin bir çox içki və qidada olduğunu nəzərə almırlar. Bir çox meyvə və tərəvəzlər məhz elə sudan ibarətdir. Buna görə də məcburi şəkildə su içməyə dəyməz. Orqanizminiz tələb etdiyi qədər için. Əsasən isti havalarda və fiziki yüklənmə zamanı maye itkisinin qarşısını almaq lazımdır. Bir də nəzərə alın ki, sudan artıq istifadə böyrəklərə ziyan vura bilər.
2. Şirniyatlar hiperaktivliyi artırır
Bəli, şirniyyatlar sürətli enerji istehsal etmək üçün istifadə olunan karbohidratlardır. Ancaq əslində şirniyyat yeməyin (hətta uşaqlarda) aktivliyin artmasına səbəb olduğuna dair heç bir elmi dəlil yoxdur. Bundan əlavə, şəkərin sinir sistemində rahatladıcı və sakitləşdirici təsiri olan serotonin hormonunun istehsalını stimullaşdırdığı məlumdur. Yəni, hiperaktivliyin şirniyyatla bağlı olaraq artması mifdən başqa bir şey deyil.
3. Zəif işıqlandırılmış məkanda kitab oxumaq gözlərə ziyandır
Bütün analar bu barədə uşaqlarına, eləcə də bəzən oftalmoloqlar xəstələrinə xəbərdarlıq edirlər. Bəli, zəif işıqda oxumaq çox rahat deyil, amma məlum olduğu kimi, görmə itiliyinə heç bir şəkildə təsir etmir.
Əks təqdirdə demək olar ki, bütün əcdadlarımız eynək taxardı və zəif görərdi, çünki əvvəllər heç bir floresan lampa yox idi, insanlar kifayət qədər işıq verməyən kerosin lampalarının işığı altında oxuyurdu. Ancaq əksinə o dövrlərdə indiki qədər miyopiyadan əziyyət çəkən insanlar yox idi. Kompüter arxasında çox oturmaq, tüstü, toz gözə daha çox mənfi təsir edən amillərdir.
4. Saqqız bədəndə illərlə həzm olunmadan qalır və bağırsaq keçməzliyinə səbəb ola bilir
Uşaq vaxtı çoxlarımız bu cümləni eşitmişik. Əslində isə ildə-ayda bir dəfə udulmuş saqqız ciddi nəticələrə səbəb olmaz. Saqqız udularsa, iki variantda xaric olunur: ya mədəyə düşərək mədə turşuları tərəfindən emal olunur, ya da həzm edilmədən bağırsağa düşür və təbii yolla olduğu kimi xaric edilir.
5. Şokoladdan istifadə üzdə sızanaqlar yaradır
Əslində isə üzdə sızanaqların yaranma səbəbi hormonal pozuqluq, epidermis qatının çirklənməsi, məsamələrin tutulması, piy vəzilərinin fəallığı və s. ola bilər.
Qidalanma birbaşa dəriyə təsir etmir, təbii şokolad isə ümumiyyətlə, dəriyə zərər verməz, əksinə əhval-ruhiyyəni yüksəldərək müsbət təsir göstərir.
6. Yatmazdan öncə yemək çəkini artırır
Bəli, əslində gecə yemək və ya çox yemək qətiyyən faydalı deyil. Bu, ilk növbədə, yuxu pozuqluğuna səbəb olur. Bunun səbəbi həzm sisteminin layiqli bir gecə istirahəti əvəzinə, yediyiniz qidanı həzm edərək işləmək məcburiyyətində qalmasıdır.
Yalnız axşam yeməyindən kökəlməklə bağlı iddia real deyil. Əlbəttə ki, axşamlar mütəmadi olaraq çox yeyirsinizsə, kökələcəksiniz. Ancaq axşam 6-dan əvvəl çox yeyirsinizsə də bədən çəkiniz artacaq.
7. Karies şəkər yeməkdən yaranır
Əvvəllər şirniyyatlardakı şəkərin dişlərin səthində və ağızda qaldığı və bakteriyaların böyüməsi üçün əlverişli şərait yaratdığına inanılırdı. Ancaq əslində bu, belə deyil. Son araşdırmalar göstərdi ki, dişlərin çürüməsinə səbəb dişlərdə qalan qida qalıqlarıdır. Eyni zamanda, şəkərin tərkibində olan sürətli karbohidratların ağız boşluğundan tüpürcəklə çox tez yuyulduğu aşkar edildi. Çörək məhsullarının, meyvələrin, dənli bitkilərin və ət məhsullarının bir hissəsi olan kompleks karbohidratlar çox uzun müddətə həzm edilir və bu cür məhsulların həzmi birbaşa ağız boşluğundan başlayır, tüpürcək və tərkibindəki mikroorqanizmlər bu prosesdə iştirak edirlər. Kariesə də məhz bu mikroorqanizmlərin fəaliyyəti səbəb olur.
8. Kofe zərərlidir
Əslində bu gümrahlaşdırıcı içki faydalıdır, arterial təzyiqi qaldırmır, damarların tonusunu artırır və gümrahlıq gətirir.
Tədqiqatlar göstərir ki, kofedən istifadə edən insanlar 30 % daha az şəkərli diabetdən əziyyət çəkirlər. Bu içkinin parkinson xəstəliyi riskinin qarşısını aldığı və zehni fəallığı artırdığı müəyyən edilib. Əlbəttə ki, hər bir şey kimi onu da qədərində istifadə etmək məsləhətdir.
9. Orqanizmi tez-tez zərərli maddələrdən təmizləmək lazımdır
Özünüzü yaxşı hiss edirsinizsə, xroniki xəstəlikləriniz yoxdursa, narahat olmağa dəyməz, zərərli maddələr özü orqanizminizi tərk edir. Qida ilə daxil olan bütün şlaklar qaraciyərin köməyilə xaric olunur. İçkilərlə daxil olan toksinləri isə böyrəklər xaric edir. Orqanizmi təmizləməklə bağlı bəzi prosedurlar zərər verə və hətta bəzən təhlükəli ola bilər.
Eşitdiyiniz informasiyanı həmişə dəqiqləşdirin, miflərə inanmayın və sağlamlığınızın daim qeydinə qalın.
Nubar Süleymanova, “İki sahil”