06 dekabr 2019 19:47
1301

Seçkilərin vaxtının önə çəkilməsi islahatlar prosesinin davamına yeni impuls verir

Dövlətimizin başçısı İlham Əliyevin “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncamı davamlı inkişafa, təkmilləşməyə xidmət etməklə yanaşı, eyni zamanda, demokratik dəyərlərə sadiqliyin sözdə deyil əməldə təsdiqin növbəti təzahürüdür

2003-cü ildə  seçicilərin  böyük əksəriyyətinin səsini qazanaraq  Prezident seçilən cənab İlham Əliyev hər addımı ilə ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini təsdiqləməklə yanaşı, müsirləşmənin, yeniləşmənin dövlət siyasətinin əsası olduğunu diqqətə çatdırır. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi qüdrətini daha da artırır,  əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasına geniş imkanlar açır.

Cənab İlham Əliyevin Prezident kimi fəaliyyət başladığı ilk gündən “neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürməsi və bu istiqamətdə mühüm addımlar atması qısa zamanda özünün uğurlu nəticələrini verdi. Bu gün ölkəmizdə həyata keçirilən iqtisadiyytın şaxələndirilməsi siyasəti təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 16 ildə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya qoyulub ki, burda daxili  investisiyalar çoxluq təşkil edir. Ən əsası qeyri-neft sektorunun payına düşür. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. 16 ildə enerji sektorunda əldə edilən uğurlara diqqət yetirək. “Əsrin müqaviləsi”nin 20 illiyi Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi isə “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə yadda qaldı. Ötən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, TANAP istifadəyə verildi.  Dövlətimizin başçısı “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində bildirmişdir ki,  “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi.

“Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bu gün  görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki,  uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da  elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin.

Məhz sabitlik fonunda Azərbaycan  əldə olunan uğurlara söykənərək, yeni-yeni hədəflər müəyyənləşdirir və onlara nail olmaq üçün mühüm addımlar atır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının  ardınca müxtəlif istiqamətləri əhatə edən, davamlı inkişafa yol açan Yol Xəritələrinin hazırlanması və icrası da deyilənlərin təsdiqidir. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı dövründə  Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bu problemlərdən az itki ilə çıxmasına səbəb oldu. Ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində, maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqdadır. Azərbaycanın islahatçı ölkə kimi nüfuz qazanması da uğurlu sosial-iqtisadi göstəricilərinə əsaslanır.

Cənab İlham Əliyev  əsas diqqəti uğurlarımızın əsasında dayanan xalq-iqtidar birliyinə yönəldir.  Hər bir çıxışında “Hakimiyyətin yeganə mənbəyi xalqdır” söyləyən cənab İlham Əliyev bu dayağa güvəndiyini, uğurlu addımlarda stimul olduğunu xüsusi vurğulayır. Bu birliyə, həmrəyliyə əsas verən amil isə təbii ki, dövlətin siyasətinin əsasında vətəndaş amilinin dayanması təşkil edir. Xalq hər addımda özünə diqqət və qayğının şahididir.  Bircə faktı qeyd etmək kifayətdir ki, dünyanı bürüyən iqtisadi və maliyyə böranı dövründə dünya dövlətlərində  sosial ödəmələr azaldığı halda, Azərbaycanda bütün sosial layihələr uğurla icra edilmiş, sosial müdafiənin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılıb. Ən əsası Azərbaycan özünü dünyaya sosial dövlət  kimi təqdim edib. Təkcə cari ilin ötən dövründə imzalanan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Təsdiqlənən davamlı sosial paketlər insan amilinə verilən dəyəri bir daha ortaya qoydu. O da məlumdur ki, 2009-cu ildə keçirilən ümumxalq səsverməsi zamanı “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi  insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların yüksək rifahının təmin edilməsidir. Azərbaycanın hərtərəfli inkişafının  bələdçisi olan xalqımız hər bir vədin  konkret əməli işdə öz təsdiqini tapdığını görür, ən əsası Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqətindədir. İnsan amilinə, ölkəmizdə təkmil hüquq sisteminin formalaşdırılmasına göstərilən diqqətin bariz nümunələrindən biri cənab İlham Əliyevin Sərəncamı  ilə 17 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunub. Həmçinin son 24 ildə, yəni Konstitusiyanın qəbulundan bu günədək 3 dəfə referendum keçirilib. Ümumxalq müzakirəsinə çıxarılan əlavə və dəyişiklərin bir hissəsi  insan hüquq və azadlıqların qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə  idarəçilik sistemində təkmilləşməyə xidmət edir. 206-cı ildə keçirilən ümumxalq səsverməsində  müzakirə olunan və xalq tərəfindən böyük dəstək qazanan əlavə və dəyişikliklərdən  biri vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qədər uzadılması,  yaş məhdudiyyətlərinin ardan götürülməsi, eyni zamanda  Milli Məclisin buraxılması ilə bağlı Prezidentə səlahiyyətlərin verilməsidir. Həmin əlavə və dəyişikliklərdə “Milli Məclis nə zaman buraxıla bilər” sualı ətrafında fikirlər geniş şəkildə  öz əksini tapıb.  Bu məsələ ətrafında geniş fikir bildirməyimizə səbəb təbii ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə  parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsinin  son günlər siyasi gündəmin əsas müzakirəsinə çevrilməsidir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın dinamik inkişafı, zamanın və dövrün tələblərinə görə təkmilləşmə, sistemli və ardıcıl islahatların həyata keçirilməsi hakimiyyətinin hər üç qolunda- qanunvericilik, icra və məhkəmə-hüquq sistemində yeniləşmənin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. Əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sistemində təkmilləşmə aparmaq, kadr hazırlığını sürətləndirmək mütləqdir. Əsas hədəf  iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Antiinhisar tədbirlərinin gücləndirilməsi,  “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası, “ASAN” xidmətin fəaliyyətinin coğrafiyasının genişləndirilməsi,  həmçinin “ABAD”, “DOST” mərkəzlərinin yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan  sahibkarlığın inkşafına geniş yol açan mühüm addımlardandır. Ailə biznesinə asan dəstəyin göstərilməsi, hər bir ailənin istehsal etdiyi məhsullarla tanınması üçün onlara zəruri olan köməkliyin edilməsi, eyni zamanda, sosial müdafiənin gücləndirilməsinə xidmət edir. Məqsəd  təbii ki, iqtisadi imkanların genişlənməsi fonunda hər bir vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına nail olmaqdır. “Doing Business 2019” hesabatında kiçik və orta sahibkarlara dəstəyə görə Azərbaycan ikinci yerdə qərarlaşıb.

Dövlətimizin başçısı  İlham Əliyevin cari ilin yanvarında ənənəvi keçirilən  Davos İqtisadi Forumu çərçivəsində jurnalistin “ Bu balansı tapmaq üçün Sizdən nə tələb olunur? Biz artıq bunun müsbət və mənfi tərəflərini on illərdir ki, görmüşük. Lakin Sizə və ölkənizə ən yaxşı balansı tapmaq üçün nə lazımdır? Yeri gəlmişkən, bunu tapmaq o qədər də asan deyil. Siz bu balansa necə nail olursunuz” sualına “Daxili və iqtisadi siyasət baxımından, əlbəttə, düşünürəm ki, bizim nailiyyətlərimizdən biri neft və qazdan əldə etdiyimiz gəlirlərin düzgün idarə edilməsinə nail olmağımızdır. Neft bizim iqtisadiyyatımıza, bizim xalqımıza, bizim infrastruktura, sosial problemlərin həllinə böyük dəstək olub. Bu kimi işlərin aparılması çox düzgün idi. Biznes dairələri, investorlarla qarşılıqlı fəaliyyət nöqteyi-nəzərindən biz çox yaxşı investisiya mühiti yaratdıq” cavabı iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının, ən əsası idarəetmədə təkmilləşmənin yol açdığı uğurların aydın mənzərəsini yaradır. Cari ilin 14 yanvar tarixində “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın imzalanmasında da məqsəd dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək idi.  Dövlətimizin başçısı İlham Əliyev hələ  Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında  “mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur” söyləməklə yanaşı onu da bildirmişdir ki,  ancaq mən həmişə narazı oluram: “Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər.”

2019-cu il tarixə struktur və kadr islahatları ili kimi daxil olur. İslahatlar kursu dövlət idarəçiliyi ssteminin təkmilləşdirilməsi, optimallaşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədi daşıyır. Ölkədə ali icra hakimiyətini həyata keçirən Azərbaycan Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsini, dəyişikliklərə, yeni çağırışlara uyğunlaşdırılmasını tələb edirdi. Administrasiyanın təsdiq olunmuş yeni strukturu bu istiqamətdə atılan uğurlu addım kimi dəyərləndirilir. Prezident Administrasiyasının yeni strukturu səmərəli idarəçiliyi, qərarların çevik qəbulunu və onların icrasına nəzarətin gücləndirilməsini təmin edəcək. Struktur bölmələrinin fəaliyyət sahəsi, vəzifələri dəqiq ifadə olunur, təkrarçılıq istisna edilir. Təsdiq olunmuş struktur müasir dövrün çağırışlarına uyğun yeni istiqamətləri və fəaliyyət sferalarını nəzərdə tutur.

Müasir dövrün yeni çağırışlarına cavab vermək, ölkə qarşısında duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək  məqsədilə idarəetmə sisteminin keyfiyyətinin yüksəldilməsi və dövlət aparatının optimallaşdırılması istiqamətində atılan addımlar əhali tərəfindən müsbət qarşılanır.

İqtisadi tərəqqini sürətləndirən əsas amillərdən birinin  demokratikləşmə prosesinin olduğunu nəzərə alsaq, bu gün məhkəmə-hüquq sistemində həyata keçirilən tədbirlərə, bu yönümdə imzalanan Prezident Sərəncamlarına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında qeyd olunduğu kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının  parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü də bu istəkdən irəli gəlirdi. Bütün sahələri əhatə edən islahatların qanunverici orqanda da öz əksini tapması dövrün, zamanın tələbi kimi  diqqətə çatdırıldı. Məhz bu niyyətdən irəli gələn və atılan  ardıcıl  addımların nəticəsi olaraq   dövlətimizin başçısı İlham Əliyev 5 dekabr 2019-cu il tarixdə “Beşinci çağırış Azərbaycan Respublikası  Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzaladı. Davamlı inkişafa, təkmilləşməyə xidmət edən bu addım, eyni zamanda,  demokratik dəyərlərə sadiqliyin sözdə deyil əməldə təsdiqin  növbəti təzahürüdür. Azərbaycanın dayanıqlı inkişafına, yeni-yeni hədəflərin gerçəkləşməsinə böyük töhfələr verən, səylərini  günbəgün artıran Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seəkilərinə də böyük inamla, qələbə  istəyi ilə addımlayır. Seçkilərin vaxtının önə çəkilməsi müasir çağırışlara adekvat parlamentin formalaşmasını sürətləndirir və islahatlar prosesinin davamına yeni impuls verir.

Yeganə Əliyeva, “İki sahil”