15 yanvar 2020 18:09
1546

“Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanıldı

SOCAR və BP şirkətləri elan edir ki, 13 yanvar 2020-ci il tarixində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun (SAX01) qazılmasına başlanılıb.

“İki sahil” SOCAR-a istinadən xəbər verir ki, “Şəfəq-Asiman” bloku üzrə hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) SOCAR və BP şirkətləri hər biri 50 faiz olmaqla bərabər iştirak payına malikdirlər. Layihənin kəşfiyyat mərhələsinin əməliyyatçısı BP şirkətidir. Quyunun qazılmasını SOCAR-ın Caspian Drilling Company şirkəti həyata keçirir.

SAX01 quyusu bu müqavilə sahəsində qazılacaq ilk quyudur və onun qazılması 2011-ci ildə Azərbayca Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənmiş sazişin şərtlərinə uyğundur.

Bu quyunun ümumi dərinliyinin 7000 metrə çatacağı, qazma işlərinin isə təxminən doqquz ay davam edəcəyi planlaşdırılır. Sonra quyunun göstəriciləri təhlil ediləcək. Uğurlu olduğu təqdirdə nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bir müddət əvvəl biz tərəfdaş BP şirkəti ilə birlikdə “Şəfəq-Asiman” strukturunda seysmik kəşfiyyat işlərini uğurla başa çatdırdıq. İndi növbəti mərhələyə qədəm qoyaraq, kəşfiyyat quyusunun qazılmasına başlayırıq. Kəşfiyyat qazması strukturun potensialının tam dəqiqləşməsinə imkan yaradacaq. Qürurla deyə bilərik ki, bu gün “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Şəfəq-Asiman” kimi mürəkkəb layihələr çərçivəsində qazma işlərindən tutmuş dərin özüllərin inşasına kimi bütün əsas xidmətlər məhz Azərbaycan şirkətləri, SOCAR-ın müəssisələri tərəfindən həyata keçirilir. Bu da müstəqillik dövründə Azərbaycan neftçilərinin qazandığı ən mühüm nailiyyətlərdən biridir.”

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz demişdir: “Biz “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu dəniz blokunun böyük potensialı var və kəşfiyyat işləri uğurlu olarsa, bu, irimiqyaslı qaz ehtiyatlarının kəşfi ilə nəticələnə bilər. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün böyük hazırlıq işləri aparılıb. Bunun üçün ixtisaslaşmış və yüksək motivasiyalı komanda çalışacaq və təzyiqi idarə etməklə qazma imkanlarına malik olan qazma qurğusundan istifadə edəcəyik.“

SAX01 quyusunun qazma işləri SOCAR-ın “Caspian Drilling Company” (CDC) tərəfindən idarə olunan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilir. Bu qurğu 2019-cu ilin noyabr ayında SAX01 quyusu üçün müqavilə əsasında götürülüb və qazma əməliyyatlarının başlanmasına hazırlıq aparmaq üçün quyu sahəsinə göndərilib.