KÖŞƏ

Vəli İlyasov

Şuşanı erməniləşdirmə planları iflasa uğradı

19 yanvar 2021 18:02
631

və ya özgə atına minən tez düşər

İşğal illərində Azərbaycanın bütün varidatını özününküləşdirməyə girişmiş “yazıq” ermənilər  Şuşa şəhərinin adından başlamış oradakı qədim dini məbədlərimizi, mədəniyyət ocaqlarımızı da özününküləşdirmək  üçün illərboyu məqsədyönlü işlər aparmışlar. Ancaq onlar özlərinə lazım bildiklərini saxlamış, digərlərini uçurub dağıdaraq izini belə qoymamışlar.

Ermənilər Şuşada tarixi binalarda yerləşən Şuşa Dövlət Musiqili Dram Teatrını, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeylərini, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeylərini, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialını, Dövlət Rəsm Qalеrеyasını, 4 texnikumu, 2 institut filialını, orta və orta ixtisas musiqi məktəblərini, кitabхanaları, 2 sanatoriyanı, görkəmli sənət adamlarının ev muzeylərini, 70 yerlik turist bazasını, 1200 yerlik internat məktəbini və s. yerlə yeksan ediblər.

Bu faktları  mətbuata Şuşada tarixi abidələrlə bağlı aparılan monitorinqdə iştirak edən mədəni dəyərlər üzrə tədqiqatçı- ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Faiq İsmayılov söyləyib. Onun sözlərinə görə, ermənilər eyni zamanda, 350 hektarlıq qoruq zonasındakı 300 tarixi və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin landşaftına ciddi zərər vurublar.

Ermənistan tətbiq etdiyi vandalizm aktını “humanist” addım kimi, guya yenidənqurma işləri aparıldığını təbliğ etmək məqsədilə «Shousi» Mədəniyyət Fondu hesabına Şuşada tarixi binaları və küçələri erməniləşdirmək üçün bir sıra layihələr həyata keçirməyi nəzərdə tutmuşdu. Erməniləşdirmə konsepsiyasının reallaşması üçün Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 tarix və memarlıq abidəsini və daş- qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilmişdi. Bu məqsədlə son iki il ərzində Ermənistan Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb bu evlərin "bərpa" üçün hazırlanmasını təmin etmişdilər. Ermənistan Maarif və Elm Nazirliyində, daha sonra Nazirlər Kabinetində bu konsepsiya və layihələrə baxılaraq bəyənilmiş,  Şuşa şəhərini dünya ermənilərinin dini və mədəniyyət mərkəzinə çevirmək üçün layihələrə dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılmışdı.

Əslində, sadə vətəndaşlarının doyunca çörək tapmadığı Ermənistanda Azərbaycanın qədim dini və mədəniyyət ocaqlarına pul xərcləməsi ağılsızlıqdan başqa heç nə deyildi. Görünür, ermənilər düşünməyiblər ki, bu şəhərin sahibləri gələcək və gördükləri işlər hədər gedəcəkdir. “Özgə atına minən tez düşər”. Yəqin ermənilər bu müdrik Azərbaycan atalar məsəlindən xəbərsiz idilər, olsaydı nəticə çıxarardılar. Belə də oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya səfəri və orada məscidləri, Xurşudbanu Natəvanın sarayını, Bülbülün ev muzeyini, Cıdır düzünü ziyarət etməsi göstərdi ki, bu şəhərin sahibi bizik. Prezident bildirdi ki, qısa vaxtda Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.  Bu il Şuşada Vaqif Poeziya günləri, “Xarı bülbül” festivalı, Natəvan günləri və digər tədbirlər keçiriləcək. Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərini ziyarət edən Prezident məscidlərin dağıdılmasını vəhşilik adlandıraraq, bəzi müsəlman ölkələrinin Ermənistanla isti münasibətlərini pislədi. Dövlətimizin başçısı bildirdi ki, müsəlman məscidlərində donuz və mal-qara saxlayan, divarlarına təhqiramiz sözlər yazan, onları dağıdıb yerlə yeksan edənlər İslamın düşmənləridir və müsəlman ölkələri ilə heç vaxt dost ola bilməzlər. Əgər kimsə başqa cür düşünürsə, deməli, o riyakarlıq edir. Qoy həmin müsəlman ölkələrinin rəhbərləri buradakı həqiqətlər barədə öz xalqlarına düzgün məlumat və ya hesabat versinlər.

Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi gözəl Şuşamızı bütün dünyaya tanıdacaqdır. Əsl həqiqət dünya ictimaiyyətinə çatdırılacaqdır, hamı görəcəkdir ki, 270 il əvvəl şəhəri tikənlər bu gün də onu abadlaşdırır, erməni vandalları tərəfindən çox hissəsi dağıdılmış şəhərin sosial simasını gözəlləşdirirlər.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?