Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
21 oktyabr 2020 16:43
818

SOCAR Gürcüstanda kəndlərə qaz xəttləri çəkir FOTO

Oktyabrın 21-də Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların kompakt şəkildə yaşadığı İlməzli kəndinə SOCAR Georgia Gas MMC tərəfindən çəkiləcək qazpaylayıcı xəttin əsası qoyulmuşdur.Təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Kvemo-Kartlinin qubernatoru Şota Rekviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini David Tvalabeişvili iştirak etmişlər. Mərasimdə qeyd olunmuşdur ki, SOCAR-ın sərmayəsi ilə tikiləcək 13.145 metrlik şəbəkə bir sıra yaxın yaşayış məntəqələrini əhatə edəcək və potensial olaraq 227 abonentin təbii qazla təminatı üçün imkan yaradacaqdır. SOCAR Georgia Gas MMC 2020-ci il ərzində 13-ü Kvemo-Kartlidə, 2-si Msxeta-Mtianetidə olmaqla 15 yaşayış məntəqəsində qazpaylayıcı şəbəkənin tikntisini tamamlamağı planlaşdırır. Ümumi uzunluğu 129 kilometr olacaq bu şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra daha 2483 potensial abonent qazla təmin olunacaqdır.

Gürcüstan əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan Marneuli bələdiyyəsində bu vaxtadək 26 247 abonenti əhatə edən 784 kilometr uzunluğunda qaz kəməri çəkilmişdir. Azərbaycanlıların yaşadığı bu məntəqələrə qaz xətti əsasən SOCAR-ın sərmayəsi ilə inşa olunur. 78 yaşayış məntəqəsindən 60-ı artıq qazlaşdırılmışdır. Plana uyğun olaraq, 2020-ci ildə daha 7 kənddə 1111 abonent üçün ümumi uzunluğu 7,3 kilometr olan qaz kəmərləri çəkilir. Marneuli üzrə qazlaşdırmanın səviyyəsi 80,2% təşkil edir.

SOCAR-ın prezidenti daha sonra Dmanisi bələdiyyəsində azərbaycanlılar yaşayan Yırğançay kəndinə qaz təchizatının başlanması mərasimində iştirak etmişdir. Mərasimdə həmçinin Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Kvemo-Kartli regionunun qubernatoru Şota Rexviaşvili və digər rəsmi şəxslər iştirak etmişlər. Yırğançay kəndinin qazlaşdırılması nəticəsində 496 yeni abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılmışdır.

Məlumat verilmişdir ki, Dmanisi bələdiyyəsində ümumilikdə 295 kilometr uzunluğunda qaz boru kəməri inşa edilmiş, 7 029 abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılmışdır. 2020-ci ildə burada daha iki kəndin qazlaşdırılması planlaşdırılır. Dmanisi bələdiyyəsi üzrə ümumi qazlaşdırma səviyyəsi 83,1% təşkil edir.

Ümumiyyətlə, bu ilin sentyabrın 1-ə olan məlumata görə, SOCAR tərəfindən bütün Gürcüstan üzrə 10 297 kilometrdən artıq qaz kəməri çəkilmiş və 306 504 abonent qazlaşdırılmışdır. 2020-ci il üçün 15 yaşayış məntəqəsində 2483 potensial abonenti əhatə edəcək 128,9 kilometrlik qaz şəbəkəsinin çəkilişi planlaşdırılıb. SOCAR bu ölkədə ümumilikdə 24 300 kilometrlik qazpaylayıcı şəbəkənin operatorluğunu həyata keçirir və 742 000-dən çox abonenti təbii qazla təmin edir. Şirkətin xidmət arealında qazlaşdırmanın səviyyəsi 76,9% təşkil edir.