04 iyun 2019 20:51
2294

SOCAR-ın prezidenti neftçiləri təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Ramazan bayramı münasibətilə neftçilərə təbriki

Əziz neftçilər!

Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı Allahın Yer üzünə bəxş etdiyi ali bəşəri dəyərləri özündə birləşdirərək, dünya müsəlmanları üçün əxlaq zənginliyi, mənəvi kamillik, xeyirxahlıq və şəfqətin qələbəsini təcəssüm etdirir. Əsrlər boyu Azərbaycan xalqı bu yüksək dəyərləri uca tutaraq, ən çətin zamanlarda belə müqəddəs Ramazan ayını sonsuz fərəh və sevinc hissi ilə bayram etmişdir. Artıq neçə illərdir ki, müsəlman dünyasının bu mübarək bayramı müstəqil Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Buna görə biz milli-mənəvi və dini dəyərlərimizə dərin hörmət və ehtiramı ilə daim xalqına nümunə olan ulu öndər Heydər Əliyevə borcluyuq.

Cəmiyyətdə qarşılıqlı etimadın, mərhəmət və xeyirxahlığın dərindən kök salması üçün bir vəsilə olan Ramazan bayramı gənc nəslin Vətəninə və millətinə bağlı, ümummilli mənafelərə sadiq, dürüst, sağlam, yüksək əxlaqlı bir nəsil kimi yetişməsində mühüm rol oynayır. Bu əziz günlərdə xalqımız bir nəfər kimi Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşir, hər yerdə dövlətimizin əmin-amanlığı, millətimizin firavanlığı, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün dualar oxunur, Vətən yolunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilir. Öz şərəfli tarixinin ən gözəl dövrlərindən birini, davamlı sosial-iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında milli birlik və həmrəyliyimizin get-gedə daha da möhkəmlənəcəyinə, düşmən üzərində tam və qəti qələbə çalınacağına, dövlətimizin daha da qüdrətlənəcəyinə əminliyini ifadə edir.

Əziz neftçilər!

Bütün xalqımız kimi, Azərbaycan neftçiləri də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən inkişaf və tərəqqi kursunun zəfər salnaməsinə yeni uğurlar yazmaqdan, ölkəmizin dayanıqlı inkişaf və hərtərəfli tərəqqi proseslərinə dəyərli töhfələr verməkdən sonsuz qürur duyurlar. Möhtərəm Prezidentimizin respublikamızda sülhün, sabitliyin  və əmin-amanlığın qorunması, tolerantlıq ruhunun yüksəldilməsi naminə  həyata keçirdiyi humanist siyasi xətti daim dəstəkləyən neftçilərimiz Azərbaycanın iqtisadi qüdrətinin artmasına, xalqın rifah halının günü-gündən daha da yaxşılaşmasına xidmət edən regional və qlobal əhəmiyyətli yeni-yeni layihələr həyata keçirir, daha parlaq, xoşbəxt gələcəyimiz uğrunda yorulmaq bilmədən çalışırlar. Bu bayram günlərində bir çox həmkarlarımız iş başındadır və Azərbaycanın yüksəlişi, gündən-günə çiçəklənməsi naminə qarşılarına qoyulan vəzifələri şərəflə yerinə yetirirlər.

Bu mübarək gündə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə səadət dolu günlər, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət, ölkəmizə sülh və əmin-amanlıq arzulayıram. 

Hörmətlə,                                      

Rövnəq Abdullayev

SOCAR-ın prezidenti