15 iyul 2019 10:57
2202

“SOCAR karbamid”in gübrə məhsulunun ilk satışı

SOCAR-ın Karbamid zavodunda istehsal olunan gübrənin "Aqrolizinq" ASC-yə ilk satışı həyata keçirilib

SOCAR-ın Karbamid zavodunda istehsal olunan  karbamid məhsulunun Azərbaycanın əsas gübrə tədarükçülərindən olan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə ilk satışı həyata keçirilmişdir. Bununla əlaqədar təşkil edilmiş  mərasimdə Karbamid zavodunun direktoru Xəyal Cəfərov və “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov iştirak etmişlər.

Bildirilmişdir ki, əsas vəzifələrindən biri yerli sahibkar və fermerləri güzəştli şərtlər əsasında gübrə məhsulu ilə təmin etmək olan “Aqrolizinq” ASC indiyədək karbamid tədarükünü idxal yolu ilə həyata keçirmişdir. SOCAR-ın Karbamid zavodunun fəaliyyətə başlaması ilə bu sahədə idxaldan asılılığı aradan qaldırıldığından, artıq karbamid gübrəsinin “Aqrolizinq” ASC tərəfindən həmin zavoddan satın alınması və güzəştli şərtlərlə yerli sahibkar və fermerlərə tədarük edilməsi planlaşdırılır.  

May ayından daxili və xarici bazarlarda gübrə satışına başlayan Karbamid zavodunda hazırkı dövrədək təxminən 60 min ton karbamid istehsal edilmiş və bu məhsulun təxminən 45 min tonu tender yolu ilə əsasən Türkiyə və Ukrayna bazarlarına, habelə yerli bazarda “Azfert” MMC-yə satılmışdır. Hazırda zavodda istehsal edilən karbamidin tədarükü avtomobil və dəniz yolları vasitəsilə həyata keçirilir, yaxın gələcəkdə, zəruri infrastrukturun yaradılmasından sonra məhsulun əsasən dəmir yolu vasitəsilə tədarük edilməsi nəzərdə tutulur.

Karbamid zavodunun direktoru Xəyal Cəfərov demişdir: “Bu, bizim “Aqrolizinq” ASC ilə ilk əməkdaşlığımızdır. Bu əməkdaşlıq nəticəsində ölkə fermerlərinin ən keyfiyyətli gübrə məhsullarından olan karbamiddən münasib qiymətlərlə istifadəsinə imkan yaranır. Bu isə öz növbəsində məhsuldarlığın yüksəlməsinə, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq.”

“Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov SOCAR-ın Karbamid zavodu ilə əməkdaşlığı yüksək dəyərləndirərək demişdir: “İnanıram ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilmiş karbamid zavodu layihəsinin uğurla başa çatdırılması və zavodun istehsala başlaması ölkənin kənd təsərrüfatının inkişafında xüsusi rol oynayacaq, yerli istehsal olan karbamid gübrəsi kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə töhfə verəcəkdir”

Xatırladaq ki, Sumqayıt şəhərində yerləşən və illik 650-660 min ton karbamid istehsalı gücünə malik olan SOCAR-ın Karbamid zavodu istismara 16 yanvar 2019-cu il tarixində verilmişdir. Zavodun istehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək.