17 mart 2020 15:43
3002

“SOCAR Marine” beynəlxalq dəniz yanacağı bazarında lider olub

600 min tonluq satışla şirkətin bazar payı 25 faizi ötüb

2013-cü ildən beynəlxalq dəniz yanacağı sektorunda fəaliyyət göstərən “SOCAR Marine” 2019-cu ildə 600 min tonluq satışla sektorun lideri olub. Sektorun gənc iştirakçısı olan “SOCAR Marine”nin bazar payı 25 faizi ötüb.

SOCAR-dan bildirilib ki, Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Turkey”in sərmayələrinə paralel olaraq sürətlə böyüyən “SOCAR Marine” markası beynəlxalq dəniz yanacağı sektorunun liderliyinə yüksəlib. 2019-cu ildə “SOCAR Marine”nin satışları 600 min tonluq həcmi aşıb. Bosfor və Dardanel boğazlarından keçən, Türkiyə limanlarında yük əməliyyatlarını yerinə yetirərək xaricə çıxan, yaxud da ölkəyə daxil olan gəmilərə satışları əhatə edən bu həcmlə şirkətin bazardakı payı 25 faizi keçib.

Türkiyədə 7 ildən bəri fəaliyyət göstərən “SOCAR Marine”nin Dəniz Satışlarının Direktoru Zəki Tarakçı deyib: “Sektorda yeni iştirakçılardan olmağımıza baxmayaraq, yüksəkkeyfiyyətli məhsul və xidmət anlayışımız, müştərilərimizi və onların ehtiyaclarını daim diqqət mərkəzində saxlamağımız qısa müddətdə lider mövqeyi i əldə etməyimizə imkan yaratdı. Bu gün Türkiyənin Qara dəniz, Mərmərə dənizi, Egey və Aralıq dənizi bölgələri ilə yanaşı, Cəbəlütariqdən Sinqapura, Rotterdamdan Cənubi Afrikaya qədər bütün beynəlxalq limanlarda həyata keçirdiyimiz yanacaqdoldurma fəaliyyəti “SOCAR Marine” markasının beynəlxalq müstəvidə gücünü günbəgün daha yüksək səviyyəyə qaldırır. Əldə etdiyimiz bu güclü mövqe 2020-ci ildən etibarən daxili bazarın dənizçilik sektorunda da fəaliyyətə başlamağımıza imkan verir. Bu çərçivədə ölkədaxili yük və sərnişin daşıması ilə məşğul olan dənizçilik şirkətlərinin, turizm gəmilərinin və balıqçıların ehtiyaclarını ödəyə biləcək xidmətlərimiz və rəqabətədavamlı yanaşmamız ilə bu sektorda da fərqlənəcəyimizə inanırıq”.

Beynəlxalq bazarlarda, ilk növbədə Türkiyədə dəniz və enerji sektorlarında daim keyfiyyətli xidmət göstərməyi hədəfləyən “SOCAR Marine” liderliyə gedən yolda ən böyük sinerjini “SOCAR Turkey”in həyata keçirdiyi nəhəng layihələr hesabına qazanıb. 2018-ci ildə fəaliyyətə başlayan beynəlxalq səviyyəli enerji layihələri - TANAP və “Star” neft emalı zavodu ilə yanaşı, “Petkim” və “SOCAR Depolama”nın sahib olduğu limanlar vasitəsilə “SOCAR Terminal”dakı gəmilərə xidmət göstərən və dünyanın qabaqcıl enerji şirkətlərindən olan SOCAR dənizçilik sahəsində də Türkiyənin ən mühüm şirkətləri arasında yer alır. SOCAR bu gün artıq “SOCAR Marine” markasını gücləndirərək yalnız Türkiyənin deyil, Aralıq dənizi hövzəsinin ən böyük şirkətinə çevrilmək istiqamətində möhkəm addımlarla irəliləyir.