Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
21 oktyabr 2020 14:45
600

SOCAR müasir tipli idman kompleksi tikəcək

SOCAR Marneulidə yaşayan soydaşlarımız üçün müasir tipli idman kompleksi tikəcək

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonunda oktyabrın 21-də yeni idman kompleksinin təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, SOCAR-ın sifarişi və maliyyəsi vəsaiti ilə rayonun Qızılhacılı kəndində inşa olunacaq idman kompleksinin təməlinin qoyulması mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili, parlamentin deputatları və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanın dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edib ki, müharibə şəraitində yaşayan Azərbaycan bu gün də soydaşlarımızı diqqətdən kənarda qoymur. Azərbaycan Prezidenti Gürcüstanda yaşayan soydaşlarımızın sosial problemlərinin həlli ilə bağlı tapşırıqlar verib. Gürcüstanda ən böyük sərmayədar olan SOCAR həmin tapşırığa əsasən bu ölkədə bir sıra sosial layihələr həyata keçirir. Soydaşlarımız da bu layihələrdən kənarda qalmırlar. Artıq Gürcüstanda bir sıra məktəblər, uşaq bağçası, idman və mədəniyyət kompleksləri tikilib istifadəyə verilib. Qızılhacılı kəndində tikiləcək yeni idman kompleksi də bu layihələrin tərkib hissəsidir.

Rövnəq Abdullayev bildirib ki, SOCAR Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinin həllinə də diqqət göstərir. Hər il azı 1500 tələbənin təhsil haqqını məhz SOCAR ödəyir. Əvvəllər gürcü dilini bilən, dövlət strukturlarında çalışan azərbaycanlıların sayı çox az idi. İndi isə SOCAR-ın dəstəyi ilə təhsil alan və dövlət strukturlarında çalışan azərbaycanlıların sayı yüzlərlədir.

SOCAR prezidenti Gürcüstanda həyata keçirilən qazlaşdırma işlərindən danışıb, bu gün bu ölkədə qazlaşdırmanın 80 faizə yaxın olduğunu bildirib.

R.Abdullayev Qarabağ məsələsində Azərbaycan Ordusuna, Prezidentinə və xalqına fəal dəstəyə görə soydaşlarımıza və Gürcüstan hökumətinə minnətdarlığını bildirib.

Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili Gürcüstanda həyata keçirdiyi layihələrə və investisiyalara görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR şirkətinə minnətdarlıq edib.

Digər çxış edənlər də göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Soydaşlarımız hər zaman Azərbaycan Prezidentinə və şanlı Ordumuza dəstək verəcəklərini qeyd ediblər.

Sonra kompleksin təməli qoyulub. Bildirilib ki, səkkiz aya tikilib istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə mini futbol, voleybol, basketbol meydançaları, üzgüçülük hovuzu, 150 nəfərlik qapalı tribuna, konfrans zalları yaradılacaq. Kompleksin ümumi sahəsi 1175 kvadratmetr olacaq.