25 aprel 2019 15:31
784

“SOS Kinderdorf” təşkilatının yaranmasından 70 il ötür

Aprelin 25-də “SOS Kinderdorf” Beynəlxalq Humanitar Təşkilatının yaranma günüdür.

AZƏRTAC xəbər verir ki, bu gün dünyanın müxtəlif qitələrində 600 min uşaq və ailələri müxtəlif proqramlar çərçivəsində himayə edən təşkilatın əsası 1949-cu ildə Avstriyanın Tirol əyalətinin İmst şəhərində qoyulub. İkinci dünya müharibəsindən sonra yetim uşaqların acınacaqlı həyatından sarsılan gənc tələbə Hermann Qmayner bir qrup həmfikiri ilə birlikdə İnnsbruk şəhərində „Societas Socialis“ təşkilatını yaradır. İctimai təşkilatın əsas hədəfi yetim və valideyn qayğısından məhrum uşaqları ailə şəraitində himayə və qayğı ilə təmin etmək idi. Yerli əhalini “hər ay bir şillinq“ ianə etməyə çağıran H.Qmayner 1949-cu ildə İmst şəhərində yetim uşaqlar üçün ilk evi açmağa müvəffəq oldu. 1950-ci ildə təşkilatın adı „SOS Kinderdorf“ olaraq dəyişdirildi.

Tirol ləhcəsində „Danışmaqdansa, nəsə bir şey edin“ devizi ilə yola çıxan H.Qmayner on il ərzində uşaq kəndlərinin sayını iyirmiyə çatdırır və bu kəndlərin bir neçəsi qonşu ölkələrdə (Almaniya, İtaliya və s.) açılırş. Hazırda „SOS Kinderdorf International“ dünyanın 135 ölkəsində uşaq kəndləri, bağçaları, məktəb və tədris mərkəzlərinə malik beynəlxalq təşkilata çevrilib. Təşkilat, həmçinin böhran regionlarında tibbi təminat və fəlakətlər zamanı yardım xidməti də göstərir.

Qeyd edilməlidir ki, təşkilatın Azərbaycanda iki kəndi (Bakı və Gəncədə) fəaliyyət göstərir.