KÖŞƏ

Vəli İlyasov

Sosial şəbəkə “dəllalları” və ya mənəviyyatımıza vurulan zərbələr...

08 aprel 2019 10:25
1942

Sosial şəbəkələr həyatımıza elə möhkəm daxil olub ki, bir çoxları hətta onun aludəçisinə çevrilib. Bu daha sivil əlaqə formasının meydanı geniş olduğu kimi, ondan istifadənin  spektrləri də əhatəlidir. Hərə ondan öz bildiyi şəkildə istifadə edir. Qoy belə olsun. Lakin elələri də var ki, sosial şəbəkələri  çirkin oyunlar meydanına çeviriblər. Sosial şəbəkələrdə biabırçı görüntülərdən, hədə və şantajdan tutmuş siyasi şoulara qədər mentalitetimizə zidd olan kadrlar və verilişlər nümayiş etdirilməsi artıq geniş yayılmaqdadır.

Bu günlərdə hamının ikrah hissi ilə müzakirə etdiyi bir mövzu geniş yayıldı. “Mövzu”   gənc oğlanın üç qızın çılpaq görüntülərini nümayiş etdirməsi  idi.  Təəssüf ki, o oğlan  tək deyil və onun kimilər çoxdur. Belə namərdlər bilməlidirlər ki, bizim ata-babalarımız qadın namusunu qorumaq üçün həyatlarını belə qurban veriblər. Yarıçılpaq gəzməyi mədəniyyət hesab edənlər digər millətlərin bizə yabançı  olan ənənələrini sosial şəbəkələr vasitəsi ilə bura gətirməsinlər. O ənənələr oralarda məqbuldur, bizdə yox!

Ancaq hər şey bunlarla qurtarmır. Avtobusda, metroda, hətta küçədə gənclər və yeniyetmələr sosial şəbəkəyə elə diqqət kəsilirlər ki, ətrafda nələr baş verdiyinin fərqinə belə varmırlar. Bir də görürsən ki, nəqliyyatda qulağında qulaqcıq əyləşən gəncin başı necə qarışıbsa yanında ayaq üstə duran babası və nənəsi  yaşında qocanı və qarını “görmür”. Hətta eləsi də tapılır ki, bunu ona irad tutanda utanmaq, ayağa qalxıb yer vermək əvəzinə üzünü bozardıb çımxırır. Təxminən bir həftə əvvəl metroda qatarda yarımçılpaq vəziyyətdə oturub telefonla məşğul olan bir qız yaşlı qadının ona abırlı geyinməsi üçün məsləhət verəndə “bomba” kimi açıldı. Anası yaşda qadına “belə ağıllısansa get, öz qızına  tərbiyə ver”-dedi. Şübhəsiz, gənclərdə belə tərbiyədənkənar münasibətlərin, aqressiyanın  yaranmasında və formalaşmasında sosial şəbəkələrin “xidməti” az deyil.

Bir neçə gün əvvəl Leyla adlı bir gənc qadın utanıb-çəkinmədən özünün lüt-üryan şəklini “facebook”a yerləşdirərək biabırçı elan verib. O, həmin elanda bədənini satmağa müştəri axtardığını bildirir və mobil telefon nömrəsini də əlavə edərək həyasızcasına tələb edir ki, filan məbləğdə pulu olmayanlar zəng eləyib baş-beynimi aparmasınlar. Bu, dəhşətdir! Mədəniyyətimizin, əxlaqımızın, ənənələrimizin dünyaya nümunə göstərildiyi bir zamanda  mənəviyyatsızlığın bu cür meydan sulaması qəzəb, təəssüf və ikrah doğurur. Gender bərabərliyi,  qadın azadlığı bu deyil axı!

Bu gün pornoqrafiya və seksual səhnələrin, heyvanlar arasında cinsi əlaqələrin  sosial şəbəkələrdə nümayiş etdirilməsi artıq heç kəsi təəccübləndirmir. Bir neçə gün əvvəl gözəl bir qadının şəklinin altındakı şərhdə yazılmışdı ki, bu xanım zoofildir, canavarla cinsi əlaqədə olub.

Haqlı sual çıxır ortaya: görəsən belə rüsvayçı kadrları, pornoqrafik şəkilləri və mətnləri yayanların məqsədi nədir? İki cavabı var: bunlar ailə tərbiyəsi görməyən əxlaqsızlardır, həm də xalqımızın düşmənləridir. Çünki ailəsinin tərbiyədən kənar səhnələrə baxmasını rəva görməyənlər onu heç başqaları üçün də  yayımlamazlar.

Gənc ailələr iki-üç yaşlı uşaqları bəzən mobil telefondakı yabançı əyləncəli verilişlərlə sakitləşdirirlər. Bu, olduqca təhlükəlidir. Əvvəla,  təhlükə hələlik yaxında olmasa da, ancaq yaxın illərdə onun peyda olacağı şəksizdir. Çünki smartfonlarda mövcud olan radiasiya körpələrin orqanlarını, xüsusilə əsəb, qan-damar sistemlərini vaxtından əvvəl sıradan çıxarır. İkincisi isə uşaqlar millilikdən uzaqlaşır, kosmopolitləşir və beləliklə, öz dilinə, xalqına, adət-ənənələrinə qənim kəsilməyə hazırlanır. Belə pis nümunələr artıq var.

Dahilərdən biri deyib ki, dünyada mədəniyyət inkişaf etdikcə vəhşilik də artacaq. Deyəsən gəlib həmin məqama çatmışıq axı.

Biz bu yazı ilə həyəcan təbili çalırıq ki, qoy hamı bu cür neqativ hallara qarşı fəal mübarizə aparsın. Hamı düşünsün ki, belə eybəcərliklərlə biz hara gedirik? Belə davam edərsə, onda bizim gələcək nəsillərimizin aqibəti necə olacaq? Gəlin, hamımız bu barədə düşünək.