01 aprel 2019 17:02
566

“Standart” qəzeti Elçin Əhmədovun 31 mart soyqırımı ilə bağlı məqaləsini yayıb

Bolqarıstanın nüfuzlu “Standart” qəzetinin saytında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədovun 31 mart soyqırımı ilə bağlı məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti geniş təhlil edilir. 1918-ci il 31 mart soyqırımının XX əsrdə azərbaycanlılara qarşı kütləvi soyqırımı cinayətlərinin ən qanlı mərhələsi kimi qiymətləndirilən məqalədə göstərilir ki, erməni daşnakları tərəfindən həmin ilin mart-aprel aylarında Bakıda və Azərbaycanın digər ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilib. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 azərbaycanlı amansızlıqla öldürülüb.

Bundan əlavə, bu dövrdə ermənilər tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılıb və yandırılıb, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilib. Bu dövrdə Quba qəzasında 167, Şamaxı qəzasında 110, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılıb, dağıdılıb və talan edilib. 1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilib, İrəvan quberniyasında 132 min azərbaycanlı qətlə yetirilib.

Məqalədə qeyd edilir ki, ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılıb, maddi-mədəniyyət nümunələri məhv edilib.

Bununla yanaşı, diqqətə çatdırılır ki, Ermənistanın bu cinayətkar siyasətini sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.

Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür: https://www.standartnews.com.