03 iyul 2019 10:03
330

Sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bir daha bu reallığa işıq saldı ki, milli mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliği, eyni zamanda, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaq dövlət siyasətimizin əsas tərkib hissələrindəndir. Bu mühüm hadisə ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafına, eyni zamanda, əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın milli mənəvi dəyərlərin qorunmasına və təbliğinə verdiyi önəmdən irəli gəlir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə bir daha vurğulamışdır ki, dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. “Azərbaycanın UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır” söyləyən Mehriban Əliyeva bildirmişdir ki, son 10 ildə dünya mədəni irsinin qorunması istiqamətində fəaliyyətin coğrafiyası daha da genişlənib.

Azərbaycanla UNESKO arasında əlaqələrin bugünkü inkişaf səviyyəsinə nəzər salmadan öncə milli mənəvi, dini dəyərlərimizin, tariximizin, mədəni irsimizin qorunması istiqamətində atılan addımlara qısaca diqqət yetirək.  Təbii ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli mənəvi dəyərlərində ehtiva olunur. Əbəs yerə deyilmir ki, bir millətin, xalqın dəyərlərinin, dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə mədəniyyətimizin, milli mənəvi sərvətimizin qorunması istiqamətində mühüm addımlar atmış və bu çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli mənəvi dəyərlərimizi unutmamalı, tariximizi, ana dilimizi bilməli və qorumalıdırlar. Sovetlər dövründə xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Ümummilli Lider Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Məhz onun mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Dahi şəxsiyyətin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.

Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həmin dövrdə əsası qoyulan ənənələr davam etdirildi, milli mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə davamlı addımlar atıldı. Ulu öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, eyni zamanda milli mənəvi dəyərlərimizin qorunmasına xidmət edən 2001-ci il 13 avqust tarixli bəyanatı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı, cəmiyyətin hər bir üzvünün qarşısında öz dilinə, milli mənəvi dəyərlərinə bağlılığı bir vəzifə kimi qoydu.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Sovetlər birliyinin dağılması ilə yaranan, dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün də əsl sınağa çevrildi. Bu baxımdan tarixən tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynadı.

Son 15 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu istiqamətdə də atılan davamlı addımlardan daha aydın görünür. Prezident İlham Əliyev bildirir ki, milli dəyərlərimizə sadiq olmalı, qloballaşma adı altında milli mentalitetə xas olmayan keyfiyyətlər aşılanmamalıdır. Cənab İlham Əliyevin tariximizin, milli mənəvi dəyərlərimizin, dilimizin, mədəniyyətimizin qorunması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında daim bu məqam önə çəkilir ki, Azərbaycan xalqlar, dövlətlər arasında körpü roluna yeni əlavələr etməklə beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Müasir dünyamızın əsas çağırışı olan multikultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr vermək yönümündə Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm ölkəmizdə dövlət siyasətidir.

Ermənilərin əsassız torpaq iddiası nə

ticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər dağılıb, yaxud ciddi dağıntıya məruz qalıb.

Bunların fonunda bir daha bu reallıq qeyd olunub ki, qloballaşma əslində təkcə mənsub olduğun xalqın milli - mədəni irsinin deyil, bütünlükdə bəşəri dəyərlərin mənfi təsirlərdən qorunması istiqamətində nəyəsə nail olmağın özü insandan fədakarlıq, qətiyyət və dünyamızda gedən proseslərə dərindən bələd olub, layiqli qiymətləndirmək bacarığı tələb edir. Bu baxımdan Azərbaycan mədəniyyətinin, milli mənəvi sərvətlərinin qorunub saxlanılmasında, həmçinin Azərbaycan-UNESKO əlaqələrinin inkişafında  böyük xidmətləri olan, ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış, Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutaraq ali dəyərlərə söykənən Heydər Əliyev Fondunun proqram və layihələri ilə diqqəti cəlb edir.  Beynəlxalq səviyyəli dialoqlarda iştirakı ilə bəşəri dəyərlərə sadiqliyini, Azərbaycanın dünya mədəniyyətinin bir parçası olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən Mehriban xanım Əliyevanın sessiyadakı çıxışına başladığı fikirlər bir çox məqamlara, xüsusilə Azərbaycanın bu gün inkişafın hansı mərhələsində olmasına, beynəlxalq münasibətlər sistemində yeri və roluna bir daha işıq saldı: “Sizin hamınızı Bakıda- Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam.”

Bütün bu uğurlarımız Azərbaycanın müxtəlif mövzularda beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsini şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün ictimai-siyasi, humanitar mərkəzə çevrilib. Əvvəllər Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bu və ya digər ölkələrə səfər etməyə böyük ehtiyac yaranırdısa, bu gün ölkəmizin hər gün, hər həftə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər bunun üçün geniş imkanlar yaradır. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, tariximizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə bağlılığımız fonunda dünyanın mədəni irsinin qorunmasına töhfələrimizin nümayişidir.

Yeganə Əliyeva, “İki sahil”