06 dekabr 2019 10:24
2389

Sumqayıt: şəhərin yeni inkişaf mərhələsi

Bu gün müstəqil Azərbaycan dövlətinin öz dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Bu, milli maraqlara əsaslanan siyasət, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətin nəticəsidir. Müstəqil Azərbaycanın bütün bölgələri kimi, Sumqayıt şəhəri də dinamik inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində şəhərdə həyata keçirilən genişmiqyaslı uğurlu layihələr, abadlıq, quruculuq və tikinti işləri sumqayıtlılara xoş ovqat və sakit həyat tərzi bəxş edib.

Ulu öndər Heydər Əliyev Sumqayıta, onun zəhmətkeş insanlarına xüsusi qayğı ilə yanaşırdı, şəhərin inkişafına çox böyük diqqət yetirirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev şəhərimizə 16 dəfə səfər etmişdi. Sumqayıtın müasir bir şəhər kimi formalaşması, inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndərin Sumqayıta olan bu münasibəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilir.

Bu günlərdə Prezident İlham Əliyev Sumqayıta səfər edib. Cənab İlham Əliyev səfəri çərçivəsində şəhərin 70 illik yubiley tədbirində vurğuladı ki, Sumqayıt, əlbəttə, sənaye şəhəri kimi inkişaf edir: “Bugünkü sənaye bugünkü çağırışlara cavab verir. Köhnədən qalan sənaye müəssisələrinin demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb. O ərazidə - yüz hektarla ölçülən ərazilərdə sənaye parkları yaradılıb - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Texnologiyalar Parkında 10, Sumqayıt Kimya Sənaye Parkında isə 13 zavod fəaliyyət göstərir və əlavə 7 zavod yəqin ki, gələn il fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Onların arasında dövlət xətti ilə tikilmiş “SOCAR Polymer”, karbamid və digər zavodlar var. Özəl sektor da çox böyük maraq göstərir. Ona görə Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Ona görə Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək.”

Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Sumqayıta bu səfəri 15 il ərzində sayca 24-cü səfərdir. Yəni bu özlüyündə göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrasının nəticəsi olaraq ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb. Xüsusən iqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində şəhərdə yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac potensialı yüksəlib.

Dövlət başçısının son illərdə Sumqayıta səfərləri zamanı açılışını etdiyi “SOCAR Polymer”, polipropilen və yüksək sıxlıqlı polietilen, Karbamid zavodları və digər müəssisələr hesabına minlərlə yeni iş yerləri yaradılıb. Hazırda Kimya Sənaye Parkında şüşə, yunəyirici və boyaq fabrikinin tikintisi başa çatmaq üzrədir. Artıq əminliklə demək olar ki, Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. Son illərdə Sumqayıtın  iqtisadiyyatı sürətlə inkişaf edir, aparıcı sahələrdə müsbət irəliləyişlər təmin olunub, yeni istehsal sahəsinin yaradılması nəticəsində ümumi daxili məhsul istehsalının həcmi 2,5 dəfə, sənaye məhsulu istehsalı isə 3 dəfə artıb.

Son illərdə gücü 525 MVt olan elektrik stansiyası, “Sumqayıt-3” yarımstansiyası tikilmiş, “Azərkimya” İB-in müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, mis emalı zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı, Texnoil MMC mühərrik yağları istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, xortum və fitinq birləşmələri, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış 13 zavodu, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları, Aqrokimya Azərbaycan MMC tərəfindən pestisidlər istehsalı zavodu, “SOCAR Polymer” layihəsi çərçivəsində polipropilen zavodu istifadəyə verilib. Yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir.

Bir sözlə, Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarır və bu işlərdə inamla irəliləyir. Ona görə, əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir.

Prezident İlham Əliyevin Sumqayıta hər səfəri zamanı verdiyi tövsiyə və tapşırıqların, sərəncamların icrası və həyata keçirilən genişmiqyaslı tədbirlər sənayedə olduğu kimi, həm də tikinti, abadlıq və quruculuq sahəsində əsaslı dönüş yaradıb.

Son illər Sumqayıtda ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Heydər Əliyev Mərkəzi, Uşaq incəsənət məktəbi, əsaslı təmirdən sonra istifadəyə verilmiş Sumqayıt Dövlət Dram Teatrı, Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının inzibati binası, Bayraq muzeyi, Gənclər mərkəzi, “ASAN xidmət” mərkəzi, Mərkəzi Bankın ehtiyat sistemi binası, Bayraq meydanı, paralimpiya və olimpiya idman kompleksləri, Sumqayıtın Tarix muzeyi, 1 saylı şəhər mərkəzi xəstəxanası, “Kimyaçılar” mədəniyyət sarayı və digər sosial obyektlər sakinlərin istifadəsinə verilib.

Dövlət başçısının Sumqayıta son  səfəri çərçivəsində isə “Nizami” kinoteatrının yeni binası və Sumqayıt Bulvarı ərazisində yerləşən  Muğam Mərkəzi istifadəyə verilib. Həmçinin cənab İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə də tanış olub.

İndiyədək Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi, avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 15 Sərəncam imzalanıb.

Sumqayıtda reallaşdırılan qlobal layihələrdən biri də yeni Dənizkənarı bulvarın çox yüksək səviyyədə salınmasıdır. Bu tapşırıq şəhər rəhbərliyi tərəfindən ən qısa müddətdə icra edilib və cənab İlham Əliyev bu faktı xüsusi qeyd edib.

Bir sözlə, görülən işlər sakinlər tərəfindən müsbət qarşılanır və bu barədə onlar ürəkdolusu söhbət açırlar. Hər bir şəhər sakini aparılan və səngimədən davam etdirilən abadlıq və quruculuq işlərinin nəticəsində gündən-günə gözəlləşən şəhərdən, sözün əsl mənasında, zövq alır.

Orxan Vahidoğlu, “İki sahil”