14 sentyabr 2020 18:14
2790

Təhsilin, insan kapitalının  inkişaf etdirilməsi  dövlət siyasətinin mühüm  istiqamətidir

2020-2021-ci tədris ilinin ilk günündə   yeni  məktəblərin, həmçinin modul tipli məktəblərin  istifadəyə verilməsi bir daha onu təsdiqləyir ki, pandemiya dövründə də təhsilə diqqət və qayğı prioritetliyini saxlayıb

 Bilik Günü 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin dövlətimizin başçısı İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış və beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

2020-2021-ci tədris ili üçün Bilik Günü məlum səbəblərə görə qeyd edilmir. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təhsil müəssisəsində şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri vasitələrin yetərincə olması təmin edilməlidir. Təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməyəcək.

Qeyd etdiyimiz kimi, dünyanı bürüyən koronavirus infeksiyası digər sahələr kimi, təhsilə də təsirsiz ötüşmədi. 2019-2020-ci il tədris ilində Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən  Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah  bu qərarın koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə verildiyini açıqladı. Lakin təhsil müəssisələrinin fəaliyyətində fasilə yaransa da, həyata keçirilən operativ tədbirlər nəticəsində tədrisin davamlılığı təmin olundu. İstər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən teledərslər, istərsə də onlayn dərslər təşəbbüsünə müəllimlərin fəal qoşulması şagirdlərin bilik səviyyələrini artırmalarını təmin etdi.  Təhsil Nazirliyi tərəfindən həyata keçirilən çoxsaylı layihələr  təhsilverənlər və təhsilalanlar arasında rəğbətlə qarşılandı. Azərbaycan təhsili müxtəlif layihələrlə pandemiya ilə mübarizə aparmağa başladı.

  Onu da qeyd edək ki, ümumtəhsil məktəbləri üçün 2020-2021-ci dərs ilinə aid əsas və uyğunlaşdırılmış tədris planları, “Tədris planlarına dair qeydlər” Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilib. Əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planlarına uyğun təşkil olunacaq. Ümumtəhsil məktəblərində sinif otağında sosial məsafənin (1,5 metr) gözlənilməsi məqsədilə zərurət yarandığı halda əyani formada tədris zamanı siniflər qruplara bölünəcək. Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır. Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil ediləcək. Həmçinin dərs cədvəllərinin tərtibatı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək. Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər. Eləcə də ibtidai sinif şagirdlərinin valideynləri sentyabrın 11-dən övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumatı birbaşa təhsil müəssisələrindən əldə edə biləcəklər. Ümumi orta və tam orta təhsil səviyyələrində oxuyan şagirdlərin də virtual dərs cədvəlləri həmin tarixdən müəyyənləşəcək. Təhsil Nazirliyinin məlumatına əsasən, tədris planlarında fənlərin tədrisinə ayrılmış saatlar (dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş saatlar da əlavə edilməklə) əyani və distant olmaqla tədris ediləcək. Şagirdlərə əyani formada tədris edilməyən mövzular teledərslər və “Virtual məktəb” üzərindən keçirilən distant dərslərlə əvəzlənəcək.

    Qe yd olunanlar fonunda onu da deyə bilərik ki, istər pandemiyadan əvvəl, istərsə də  pandemiya dövründə təhsilə diqqət və qayğı öz prioritetliyi ilə diqqət çəkib. Ölkəmizdə  aparılan təkmil  islahatlar təhsil sektoruna da öz  müsbət təsir göstərir. Təhsil üzrə strategiya və proqramlar qəbul edilib. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident  İlham Əliyev son 17 ildə neft kapitalını insan kapitalına çevirmək istiqamətində atdığı addımları ilə təhsilin-elmin-iqtisadiyyatın  birliyini yaratmış, yeni texnologiyaların  ölkənin hərtərəfli inkişafında rolunu önə çəkmişdir.

   Təhsilin  keyfiyyətinin artırılmasında məktəb infrastrukturunun yenilənməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  yeni məktəb binalarının tikintisinə, mövcud məktəblər üçün əlavə korpusların inşasına, onların əsaslı təmirinə, müasir avadanlıqlarla təminatına, ümumilikdə, infrastrukturun tam yenilənməsinə göstərdikləri diqqət və qayğı nəticələrdən də aydın görünür. Hər yeni tədris ili onlarla yeni məktəbin tikintisi və əsaslı təmiri ilə yadda qalır. Dövlətimizin başçısı, eyni zamanda,  paytaxt və bölgələrdə  qəzalı vəziyyətdə olan bütün məktəblərin tamamilə yenidən qurulmasını qarşıya əsas məqsəd kimi qoyur, mütəmadi olaraq görülən işlərlə yaxından tanış olmaq üçün həmin məktəblərdə olur.  Dövlətimizin başçısı İlham Əliyevin  Əmircan qəsəbəsindəki 154 nömrəli məktəbin açılışında iştirak etməsi də bu tərkibdəndir. Belə ki, məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək yerində 58 sinif otağından ibarət 960 şagird yerlik müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək. Məktəb  müasir avadanlıqlarla təchiz edilib. Şagirdlərin biliklərə yiyələnmələri üçün bütün zəruri imkanlar yaradılıb. Hər yeni tədris ilinin yeni məktəblərin tikintisi və ya əsaslı təmiri ilə yadda qalması yalnız şagirdlər deyil, müəllimlər tərəfindən də böyük rəğbətlə qarşılanır. 2020-2021-ci tədris ilinin ilk günündə istifadəyə veriləcək yeni məktəblərin say tərkibinə və  yerləşdikləri bölgələrə diqqət yetirmək kifayətdir.  İstifadəyə verilməsi nəzərdə tutulan məktəblər bunlardır: Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsi «Bağlar» massivində yerləşən Laçın rayonu 21 nömrəli tam orta məktəb, Astara rayonu  Burzubənd kənd  tam orta məktəbi, Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəb, Beyləqan  rayonu Dünyamalılar kənd orta məktəbi, Şamaxı rayonu Şəhriyar kənd tam orta məktəbi, Cəlilabad şəhəri yeni yaşayış massivində yerləşən tam orta məktəb, İmişli rayonu Muradxanlı kənd tam orta məktəbi və Şamaxı şəhəri 2 nömrəli tam orta məktəbin əlavə korpusu.

  Təhsilin  keyfiyyətinin yüksəldilməsinə xidmət edən addımlar sırasında  müxtəlif regionlarda modul tipli məktəblərin inşasını qeyd etməliyik. Bu gün Azərbaycanın ən ucqar bölgələrində, kənd və qəsəbələrində  quraşdırılan modul tipli məktəblər təhsilə əlçatanlığı təmin edir. Həmçinin modul tipli məktəblər   mürəkkəb  relyefə malik olan  ucqar kəndlərdə, qəsbələrdə   qəzalı,  istismar müddəti başa çatmış məktəb problemini də  tamamilə aradan qaldırır. Yenə də göründüyü kimi, əsas məqsəd  məktəblilərə dərin biliklərə yiyələnmək, öz bacarıqlarını ortaya qoymaq üçün lazım olan şəraiti yaratmaqdır. Bu günün əsas tələblərindən biri də məktəblərin kompyuterləşdirilməsidir. Məhz son illərdə bu sahədə əldə olunan uğurlar pandemiya dövründə distant təhsilə geniş imkanlar yaratdı. 2020-2021-ci tədris ilinin ilk günündə Quba, Xaçmaz,  İsmayıllı,  Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy,  Bərdə, Neftçala, Cəlilabad, Astara, Lerik rayonlarında modul tipli  məktəblər istifadəyə veriləcək. Bu tip məktəblər, eyni zamanda,  məcburi köçkünlər üçün də nəzərdə tutulub və yeni dərs ilində istifadəyə veriləcək.

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın  "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi  çərçivəsində inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər də təhsilin inkişafına yönələn addımların tərkib hissəsidir. Bu layihə çərçivəsində 2 mindən artıq  məktəb tikilib, yaxud əsaslı təmir olunub.

   Ölkədə ali təhsil sistemində xeyli islahatlar aparılıb. Tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrlar hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində ölkə Prezidenti tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub. 2019-cu ildə dövlət hesabına təhsil alan tələbələrin sayı 66 faiz artıb. Belə ki, 2018-ci ildə 12 min 300 nəfər dövlət hesabına ali təhsil müəssisələrinə qəbul olunubsa, 2019-cu ildə bu rəqəm 20 min 500-ə çatdırılıb. Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıb. 2020-2021-ci tədris ilində isə təqaüd alan tələbələrin sayının 50 faizə çatdırılması nəzərdə tutulur.

   Dövlətimizin başçısı İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən  hər bir ölkənin bu günü və gələcəyinin  təhsillə bilavasitə bağlı olduğunu önə çəkərək ölkəmizdə təhsilin inkişafı istiqamətində atılan addımlardan  bəhs etməklə yanaşı yeni təyinata  tapşırıq və tövsiyələrini çatdıraraq bildirmişdir ki, təhsildə islahatlar dərinləşməlidir.

    Son illərin statistikasına diqqət yetirək.  3500-dən çox məktəb ya yenidən tikilib, ya da  əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, o cümlədən  yeni ali məktəblər yaradılıb.

   Dövlətimizin başçısı İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamları ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Ölkə  Prezidentinin  “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamları,  “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da təhsilin inkişafına yönələn addımların davamlılığının göstəricisidir.  Bu kimi mühüm addımlar tələbələr arasında rəqabət mühitinin formalaşmasında əhəmiyyətli rol oynayır. Rəqabətin artması isə öz növbəsində təhsilin inkişafı və bunun davamı olaraq iqtisadi tərəqqiyə stimuldur. İqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafın əsasıdır. Ödənişli təhsil alan tələbələrin də təqaüd almaq imkanı əldə etməsi bu rəqabətin daha da artmasına öz müsbət təsirini göstərir.

   Bu uğurlar fonunda dövlətimizin başçısı İlham Əliyev  «Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz» söyləyərək diqqəti həmin məsələlərə yönəldir.  Xüsusilə, əsas tapşırıqlar sırasında dağ kəndlərində  modul tipli məktəblərin tikintisi layihəsinin yaxın iki il ərzində başa çatdırıdması nəzərdə tutulur.  Bununla paralel olaraq, təhsilin keyfiyyətinin artırılması əsas məqsəd kimi qarşıya qoyulur. Baxmayaraq ki, bu gün təhsilimizin keyfiyyətinin yüksək olduğunu  müxtəlif reytinqlər də təsdiqləyir. Amma dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Azərbayanın hər sahədə təcrübəsi nümunə olmalıdır. Təhsilin keyfiyyətinin artırılmasında əlbəttə, əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığı ilə sıx bağlıdır.  Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər.

   Digər vacib məsələ  Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Reallıq budur ki, rəqəmsallaşma, müasir texnologiyaların geniş  tətbiqi  bəzi peşələrin ixtisara salınmasını zərurətə çevirir.  Artıq həmin  peşələrin siyahısı var. «O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur» söyləyən cənab İlham Əliyev bildirir ki, amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq  ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, onlar üzrə  mütəxəssislər hazırlanmalıdır.

   Ölkə Prezidenti eyni zamanda, bu məqamı da istisna etmir ki,  bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər. Çünki Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər: «Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik.»

   Dövlətimizin başçısı İlham Əliyev həmin qəbulda  gənclərin xarici təhsilinin prioritetliyini önə çəkərək bu məqsədlə təsdiqlənən və icrasını uğurla başa çatdıran, yaxud icra edilən Dövlət Proqramlarına yönəldib. Hazırda aktivlərinin həcmi 43 milyard dollardan artıq olan Dövlət Neft Fondunun maliyyələşdirdiyi istiqamətlərə diqqət yetirməklə xarici təhsilin, dünya təhsil sisteminə inteqrasiyanın  dövlət siyasətinin əsasını təşkil etdiyi daha aydın şəkildə nümayiş olunur. Artıq gənclərin xarici təhsili ilə bağlı Dövlət Proqramının icrası başa çatıb. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasına Dövlət Neft Fondundan  77,9 min dollar vəsait ayrılıb.  Xaricdə təhsil alan gənclərin elmin dərinliklərinə yiyələndikdən sonra əldə etdikləri təcrübəni ölkəmizdə tətbiq etmələri əsas çağırışlardandır.  Dövlətimizin başçısı “Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik» sualına cavab olaraq bildirir ki,  Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır: «Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər.»

     Azərbaycanın ev sahibliyi etdiyi  beynəlxalq əhəmiyyətli tədbirlər   ölkəmizin bu və ya digər sahələrdə  malik olduğu imkanların,  elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının,  ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında  əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni  çağırışlar qarşımızda durur. Qeyd olunan qəbulda «Ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir və hesab edirəm ki, hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Azərbaycanda  təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini  şərtləndirir. Ölkə Prezidenti inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən qeyd edir ki,  onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.  Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı da  edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. «Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır» söyləyən  cənab İlham Əliyev bildirir ki, biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Yenilikçi,  müasir dünyagörüşə malik gənclər  qarşıya qoyulan hədəflərin gerçəkləşməsində fəal iştirak etmək, öz potensial imkanlarını ortaya qoymaq imkanlarına malikdirlər.

Yeganə Əliyeva, “İki sahil”