15 oktyabr 2019 19:48
9600

Təzyiqi normada saxlamaq üçün nə etməli?

Yüksək təzyiq ürək-qan damar sistemi xəstəlikləri arasında çox geniş yayılan bir problemdir. Arterial təzyiqin xroniki qalxması orqanizmə ciddi ziyan vurur və bir çox pozulmalara yol açır. İnsanda arterial təzyiqin qalxmasına bəzi xəstəliklər səbəb ola bilər:

- Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).

- Qalxanvari vəzi xəstəlikləri (tireotoksikoz).

- Böyrəküstü vəzilərin şişləri.

- Ateroskleroz.

- Bəzi ürək və damar xəstəlikləri (ürək qüsurları və s.).

- Baş və onurğa beyini xəstəlikləri və travmaları və s.

Sadə qaydalara əməl etməklə onlar təzyiqini normaya sala bilərlər.

Həkimlərin tövsiyələrini sizə təqdim edirik:

Müasir insanlar həddən artıq çox miqdarda duz qəbul edir. Duz böyrəklərin fəaliyyətini çətinləşdirir və orqanizmdə mayeni saxlayır ki, bu da ödemlərə və təzyiqin qalxmasına səbəb olur. Bu səbəbdən təzyiqiniz qalxırsa, duzun qəbulunu azaldın. Gün ərzində 1 çay qaşığı duzla kifayətlənin. Nəzərinizə çatdıraq ki, duzdan tam imtina etmək olmaz. Bu da sağlamlığımız üçün ziyanlıdır.

Axşam saatlarında qida, çay və spirtli içkiləri qəbul etməyin. İnsan qidanın əsas hissəsini səhər və günorta saatlarında qəbul etməlidir. Bu halda qida ilə orqanizmə daxil olan kalorilər daha tez sərf olunur, həzm prosesləri normal gedir, orqanizm isə yüklənmir. Axşam saatlarında qəbul olunan qida isə (xüsusilə yatmazdan əvvəl) yalnız artıq çəki və arterial təzyiqinin qalxması kimi problemlərə səbəb olacaq. Şam yeməyi mümkün qədər yüngül olmalıdır (məsələn, salat və ya sıyıq, yoqurt, meyvələr, kefir və s.). Axşam saatlarında çayın, suyun həddən artıq qəbulu təzyiqin artmasına səbəb olur. Artıq maye böyrəkləri yükləyir ki, bu da təzyiqin artmasına səbəb olur.

Daha çox hərəkət edin. Həkimlərin müşahidələrinə görə, azhərəkətli həyat tərzi hipertoniyanın (xroniki xəstəlik olub arterial təzyiqin vaxtaşırı və ya daimi olaraq yüksəlməsi) əsas səbəblərindən biridir. Əgər insan günün bir çox hissəsini oturursa, qanın damarlarda hərəkəti çətinləşir, qan daha “ağır” hərəkət edir, damarlar gərginləşir və bu da təzyiqin artmasına gətirib çıxardır. Bu səbəbdən insan gün ərzində daha çox hərəkət etməlidir - piyada gəzməli, bədən tərbiyəsi ilə məşğul olmalı, daha az uzunmalı və oturmalıdır. Üzgüçülük, yoqa təziyiqi çox yaxşı salır.

Kifayət qədər yatın və dincəlin. Normal gecə yuxusu insanın sağlamlığı üçün olduqca önəmlidir. Əgər insan gecələr müxtəlif səbəblərə görə (iş, təhsil, yuxusuzluq və s.) yatmırsa, onun endokrin sisteminin fəzliyyəti pozulur. Hormonal pozulmalar isə bir çox hallarda təzyiqin qalxmasına səbəb olur.Həkimlər müşahidələrinə görə, gecə vaxtı 6 saatdan az yatan insanlarda hipertoniyanın riski artır.

Düzgün qidalanın, artıq çəki yığmayın. Piylənmə hipertoniyanın və bir çox digər pozulmaların əsas səbəblərindən biridir. Təzə meyvə və tərəvəzlərin qəbulu ürək əzələsinə və qan damarlarına çox müsbət təsir edir, sağlamlığını qoruyur. Çuğundur və onun şirəsi, sitrus meyvələri, sarımsaq, qara qarağat, itburnu dəmləməsi damarlar üçün xüsusilə xeyirlidir. Bundan əlavə, insanın qidalanmasında kalium və maqnezium mineralları ilə zəngin olan qidalar olmalıdır. Bu iki mineral ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir.  Qarabaşaq, yulaf yarmasından sıyıqlar, lobya, ərik və qara qavalı qurusu, xurma, badımcan, göyərti, qoz-fındıq bu minerallarla zəngindir.

Yaqut Ağaşahqızı, “İki sahil”