10 sentyabr 2020 18:35
1526

Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir, yüksək zirvədədir

Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahələrdəki imkanların birləşdirilməsi hər iki ölkə üçün önəmlidir

 

Keçilən yola qısa nəzər salsaq, görərik ki, Türkiyə -Azərbaycan birliyi dərin köklərə malikdir. İki qardaş ölkənin   birgə səyləri, qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində gerçəkləşdirilən irimiqyaslı layihələr strateji tərəfdaşlığı səciyyələndirən mühüm məqamlardır.  Qarşılıqlı səfərlər, hər iki dövlətin rəsmilərinin birgə görüşləri və sair kimi addımlar  əlaqələrin inkişafında mühüm önəm daşıyır.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının işgaldan azad olunmasının 100 illiyinə həsr olunan paradda səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik.  “Biz bu gün yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik: “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik.”

Hər bir məsələdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyi ilə Azərbaycanın yanında olan rəsmi Ankara bəyanatlarında ərazi bütövlüyü prinsipinin əsas olduğunu önə çəkərək, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll olunmasında maraqlı olduğunu bildirir. Türkiyə Prezidenti R.T.Ərdoğan bu mühüm məqamı da hər zaman bəyan edir ki,  Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir: “Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir.”

İqtisadi güc hər bir ölkənin davamlı inkişafında, siyasi mövqeyinin möhkəmlənməsində əsas amillərdən biridir. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Türkiyə ilə Azərbaycanın siyasi iradəsi və qətiyyəti sayəsində reallaşdırılan layihələr bu gün nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına geniş imkanlar açır.  Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, ilk olaraq regional əməkdaşlığın qurulmasına və inkişafına önəm verildi. BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi növbəti layihələrin gündəmə gətirilməsinə, ən əsası çoxtərəfli əməkdaşlığa yol açdı.  Cənub Qaz Dəhlizi  bu günə qədər görülən işlərin zirvəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın, “Star” neft emalı zavodunun  istifadəyə verilməsi iki dost, qardaş ölkənin siyasi iradəsinin gündəmə gətirilən hər bir layihənin uğurlu icrasında əsas rol oynadığını bir daha ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirmişdir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur.

  Cənub Qaz Dəhlizinin dörd böyük layihədən - “Şahdəniz-2” qaz yatağının işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihəsindən ibarət olduğunu, onlardan üçünün artıq reallaşdığını önə çəkən cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, cari ildə  TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi icra edilmiş olacaq.

Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir layihə əməkdaşlıq əlaqələrinin dünəninə və bu gününə bir daha işıq salır, gələcək perspektivlərin müəyyənləşdirilməsində bir növ katalizator rolunu oynayır. Ölkə Prezidenti İlham Əliyev iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu önə çəkərək bildirir ki, bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir. Bu inam da ifadə edilir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək.

Türkiyənin son illərdə böyük və şərəfli yol keçdiyini qeyd edən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da xüsusi qeyd edir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib: “Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.”

  Böyük iqtisadi gücə sahib olan Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulub.  “Türkiyənin dünya miqyasında çox güclü ordusu var” söyləyən cənab İlham Əliyev bildirir ki, o dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha  diqqəti 12 iyulda ermənilərin törətdikləri təxribata yönəldərək bildirmişdir ki,  Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir.

    Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan qardaş Türkiyə ilə ölkəmizin bu illərdə birgə addımları sayəsində hər sahədə qazandığı uğurlar göz önündədir. “Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi- bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Bu məqamı da xüsusi qeyd etmək istərdik ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə dövlətimizin başçısı İlham Əliyev bu mühüm hadisəni Azərbaycanla Türkiyənin müştərək yeri kimi dəyərləndirmişdir.

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan birliyinə işıq salan çıxışlarında da bu reallıqlar öz əksini tapır ki, birgə səylər, ən əsası qarşıya qoyulan məqsədlər inkişafa böyük yol açır. Xatırlasaq, TANAP-ın istifadəyə verilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdə də “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, TANAP, həmçinin qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəçisidir.

Hər bir uğurlu addım, mühüm əhəmiyyət kəsb edən tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoymaqla yanaşı, qarşıdakı dövrün konturlarının cızılmasında stimulverici amil rolunu oynayır. Türkiyə-Azərbaycan birliyinin təzahürlərindən olan  TANAP-ın əhəmiyyətindən bəhs edərkən cənab İlham Əliyev  bildirir ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Bu inamı da ifadə edilir ki, bundan sonra da Türkiyə-Azərbaycan birliyinin təcəssümü kimi yeni-yeni layihələr gündəmə gətiriləcək və uğurlu icrası ilə tariximizə mühüm səhifələr yazılacaq. Hər iki dövlətin siyasi iradəsi əsasında reallaşan layihələr   Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə qoyulan sərmayələr  kimi dəyərləndirilir.

   Bu gün ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabag münaqişəsidir. Təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanan Azərbaycan işğalçı dövlətin əsl simasını ortaya qoymaqla yanaşı, dünyaya bu çağırışı edir: Artıq işğalçını adı ilə çağırmaq zamanıdır. Dünyanın ən nüfuzlu təşkilatlarında  vahid mövqe nümayiş etdirərək dünyanı Ermənistanın işğalçılıq siyasətinə göz yummamağa  çağıran rəsmi Bakı və rəsmi Ankara  diqqəti Dağlıq Qarabağ problemi ilə yanaşı, qondarma “erməni soyqırımı” məsələsinə də yönəldirlər. Erməni yalanlarına uyub, daha dəqiq desək, ədaləti maraqların arxasında əridən dünyanın böyük dövlətləri bunu unudurlar ki, belə yanaşmalarla  özlərinə inamsızlıq formalaşdırır, dünyanın  hüquq problemi yaşadığına şübhə yeri qoymurlar. Fransa kimi dünyanın böyük dövləti qondarma “erməni soyqırımı”nı tanımaqla kifayətlənməyərək digər dövlətləri də belə bir addımı atmağa çağırırlar. Amma unudurlar ki, işğalçını dəstəkləməklə işğalçılıq siyasətini müdafiə edirlər. Belə olduğu təqdirdə həmin dövlətlər siyasi müstəvidə hansı ədalətdən danışa bilərlər? Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun digər həmsədr dövləti olan Rusiya işğalçı Ermənistanı silahlandırmaqla məşğuldur,  ABŞ bu ölkəyə maddi və mənəvi dəstəyini əsirgəmir. ABŞ Konqresinin demokratiyaya dəstək adı altında daha çox yardım ayırdığı Ermənistanla qondarma “Dağlıq Qarabağ respublikası”dır. Belə olan təqdirdə, ədalət meyarının ölkələrə məkana görə tətbiq edildiyi bir zamanda münaqişənin ədalətli həllindən danışmaq mümkündürmü? Azərbaycan və Türkiyə diaspor təşkilatları dünyanın müxtəlif ölkələrində birgə təşkil etdikləri tədbirlərdə,  aksiyalarda ermənilərin çirkin əməllərini və dünyanın bunlara göz yummasını əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırırlar.  Diplomatik mübarizədə qələbə  münaqişənin həllində əsas amillərdən biridir. Bu fikir ən yüksək tribunalardan bəyan edilir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi şəksizdir. Yuxarıda bəhs etdiyimiz Bakının işğaldan azad olunması ilə bağlı parad Azərbaycan və Türkiyə ordusunun hansı imkanlara, maddi-texniki bazaya malik olduğunu nümayiş etdirdi. Hazırda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib.  Belə ki, Azərbaycanla Türkiyə  arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi.

    Dövlətimizin başçısı İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məqamı xüsusi qeyd etmişdir ki, həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsində əhəmiyyəti və faydası var: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.”

    Bu günlərdə dövətimizin başçısı  İlham Əliyev  tərəfindən Türkiyəyə böyük dəstək qürurverici olmaqla yanaşı, dünyaya bir mesaj da oldu: Azəzrbaycan və Türkiyə hər zaman bütün məsələlərdə biri-birinin yanındadır. Yunanıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirini qəbul edərkən  cənab İlham Əliyev  Şərqi Aralıq dənizi bölgəsində Yunanıstanla Türkiyə arasında yaşanan gərginliyə toxunaraq, birmənalı şəkildə Türkiyəyə dəstəyini ifadə etmişdir. “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir” söyləyən dövlətimizin başçısı  qətiyyətlə  bildirmişdir ki, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Çünki biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər.

Azərbaycan-Türkiyə münasibətləri daim ən yüksək səviyyədə müzakirə olunur, hər iki dövlətin maraqlarına uyğun qərarlar qəbul olunur. İki ölkə arasında  bütün sahələrdə əməkdaşlıq bu gün media istiqamətində də bir zərurət kimi irəli sürülür. Belə ki, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Cümhuriyyətinə səfəri bu baxımdan mühüm əhəmiyyətə malikdir. Səfərdə əsas məqsəd Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir.  Aparılan müzakirələrdə  Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığı xüsusi qeyd edilmişdir.

    Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı indiki zamanda belə bir platformanın yaradılması vacibdir. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alaraq, hazırkı zamanda  müasir dövrün  yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olar. Türkiyə-Azərbaycan Media Platforması vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması bugünümüzün əsas tələblərindəndir. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud  əlaqələrin inkişafında yeni  bir səhifə olacaq.

Yeganə Əliyeva, “İki sahil”