08 oktyabr 2019 10:33
1097

Uğurlarımızın əsası: gələcəyə hesablanmış inkişaf strategiyası

1993-2003-cü illərdə qoyulan möhkəm təməl Azərbaycanın bütün çətin sınaqlardan şərəflə çıxmasını və bugünkü sürətli inkişafa nail olmasını təmin edir

“Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.” Ötən il keçirilən prezident seçkilərində bir daha qələbəsini təmin edərək növbəti 7 il üçün Azərbaycanın uğurlu gələcəyinə hesablanmış inkişaf strategiyasını  irəli sürərək hədəflərə çatmağın yollarını göstərən dövlətimizin başçısı İlham Əliyev  bugünkü uğurların əsasında  Heydər Əliyev siyasətinin dayandığını böyük inam və qətiyyətlə  qeyd edir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən, ən əsası dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.  Müstəqilliyimizin ilk illəri səbəbsiz yerə hakimiyyətsizlik illəri kimi xarakterizə olunmur.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə  düşünülmüş və məqsədyönlü siyasəti ilə bugünkü reallıqlarımızın təməlini qoydu.  Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən ümummilli lider Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi.  Məhz o dövrdə qoyulan möhkəm təməlin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 263 milyard dollardan artıqdır.  Yenə də xatırlatmağa məcburuq ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın marağında olub. Lakin bu maraq müstəqilliyimizin ilk illərində ictimai-siyasi durumun gərginliyi fonunda çox zəif görünürdü. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər, şirkətlər  qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin olmadıqlarına görə tərəddüd edirdilər. 1993-cü ildən sonrakı dövr artıq bu tərəddüdlərə son qoyulması ilə müşayiət olundu. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində atəşkəs sazişinin imzalanması uğurlarımıza geniş yol açdı. Həmin il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə  inamı bir daha ortaya qoydu.  Artıq həmin dövrdən bizləri ayıran 25 ilə yaxın  zamana diqqət yetirsək, əldə olunan uğurların miqyasının genişliyi bir daha bu reallığı ortaya qoyacaq ki, sabitlik bütün inkişafın əsasıdır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurla baş çatması və yeni layihələrin gündəmə gətirilməsini şərtləndirməsi beynəlxalq aləmdə qazandığı etirbarlı tərəfdaş imicinin təsdiqidir. Xatırlasaq,  “Əsrin müqaviləsi”nin 20 illiyi Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi isə “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə yadda qaldı. Bu uğurlarımızın ardınca ötən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, TANAP istifadəyə verildi, yaxın zamanlarda isə TAP-ın istifadəyə verilməsi  nəzərdə tutulur.  Dövlətimizin başçısı “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində bildirmişdir: “Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir. “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi.”

“Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bu gün  görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda  məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki,  uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da  elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin.

Məhz sabitlik fonunda Azərbaycan  əldə olunan uğurlara söykənərək, yeni-yeni hədəflər müəyyənləşdirir və onlara nail olmaq üçün mühüm addımlar atır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının  ardınca müxtəlif istiqamətləri əhatə edən, davamlı inkişafa yol açan Strateji yol xəritələrinin hazırlanması və icrası da deyilənlərin təsdiqidir. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı dövründə  Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bu problemlərdən az itki ilə çıxmasına səbəb oldu. Ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində, maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqdadır. Azərbaycanın dünyada 10 ən  islahatçı ölkə sırasında təmsil olunması  da uğurlu sosial-iqtisadi göstəricilərinə əsaslanır.

İstər ölkə daxilində, istərsə də hüdudlarından kənarda  sorğu mərkəzlərinin apardıqları sorğuların nəticələri də xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını əsaslı şəkildə təsdiqləyir.  Respondentlərin 82 faizdən çoxu  “Əgər sabah prezident seçkiləri keçirilərsə kimə səs verərdiniz” sualına cənab İlham Əliyevə cavabı bu birliyin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanın gələcəyinə inamı ortaya qoyur. Xatırlasaq, 2018-ci il prezident seçkilərindən öncə  “Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında  bu səpkidə sorğu keçirilmişdir.  Respondentlərin böyük əksəriyyəti ölkəmizdə həyata keçirilən siyasətin alternativsizliyini  bildirmişdilər. Bu sorğu, həmçinin dünyanın Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə diqqət və marağına işıq saldı.  Çünki xalq populizmdən uzaq olan Heydər Əliyev siyasətinin uğurlarını hər sahədə görür və bundan qürur hissi keçirir.

Hansı sahəyə diqqət yetirsək, böyük inkişafın, tərəqqinin şahidi oluruq. Təkcə ölkəmizin son 16 ilə yaxın dövrdə demokratik islahatlar sahəsində əldə etdiyi uğurlara nəzər salmaq kifayətdir. Bircə faktı nəzərə alsaq ki, seçkilər ölkədəki ab-havanın göstəricisidir, bu halda geniş şərhə ehtiyac duymuruq. Çünki ölkəmizdə hər bir seçkinin nəticəsi Heydər Əliyev siyasətinin təntənəsi. Uğurlarımıza verilən yüksək dəyərdir.

Seçkilərin demokratikliyinin, şəffaflığının təmin olunması istiqamətində atılan addımlara diqqət yetirək. Hər bir seçki prosesi, eyni zamanda, ümumxalq səsverməsi Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin də nümayişidir.  Beynəlxalq təcrübələrin tətbiqinə verilən önəm  Azərbaycanın təkmilləşməyə, yeniləşməyə marağını göstərir. Əvvəldə də qeyd etdiyimiz kimi,    Seçki Məcəlləsinə zamanın tələbinə uyğun olaraq əlavə və dəyişikliklərin edilməsi beynəlxalq birlik tərəfindən də təqdir olunur. Ötən il ölkəmizdə prezident, bu il bələdiyyə, gələn il isə parlament seçkiləri ilidir. Hər bir seçki keçirilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. Hər bir təhlil bu kimi məqamlara işıq salır ki, Azərbaycan demokratiya yolunu strateji kursunun əsası kimi qəbul edib.

Cənab İlham Əliyev daim çıxışlarında bəyan edir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, hərtərəfli inkişafın əsasıdır.  Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərləri, eyni zamanda, iştirak etdiyi beynəlxalq tədbirlər çərçivəsində keçirilən mətbuat konfranslarında Azərbaycan demokratik inkişafla bağlı suallara cavablarını xatırlayanda ancaq bir məqam daha çox diqqəti çəkir ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Davos İqtisadi Forumunun ötən il keçirilən  48-ci sessiyası çərçivəsində  jurnalistin sualını xatırlayaq.   “Gəlin, siyasi fəallıq və insan hüquqları ilə bağlı Avropa normasından danışaq. Bir çoxları hesab edir ki, bu, yalnız fərdlərin şəxsi inkişafına deyil, ümumi iqtisadi inkişafa da təsir edir. Yəni, bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Azərbaycanda bu sahədə vəziyyət necədir? Sizin ölkə mətbuat azadlığı ilə bağlı tənqid olunur”  sualına cavab olaraq dövlətimizin başçısı bildirmişdir: “Hesab edirəm ki, bu tənqidin əsası yoxdur. Məsələnin mahiyyətinə baxdıqda məlum olur ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır.” “O zaman necə olur ki, Azərbaycan mətbuat azadlığına görə dünyada 162-ci yerdədir” sualına gəldikdə isə  “Bunun siyasi səbəbləri var. Bunun reallıqla heç bir əlaqəsi yoxdur” söyləyən cənab İlham Əliyev vurğulamışdır ki,  Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur,  dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirmişdir. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub:  “Hərdən bu yanaşma bədxah olur. Bunlar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur.”

Eyni fikirləri cənab İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə də səsləndirmişdir.  Dövlətimizin başçısının avropalı parlamentarlara ünvanlanan açıq  iradlarını təşkilatın təmsilçiləri də etiraf etmişdilər. Qurumla Azərbaycanın  gələcək inkişafına  aydınlıq gətirən, ədalətsiz olaraq Azərbaycanı guya insan hüquqlarının pozulması ilə ittiham edən Avropa Parlamentində ölkəmiz əleyhinə  kampaniyanı ikili standartların növbəti  mərhələsi kimi qonaqların diqqətinə çatdıran cənab  İlham Əliyev fikirlərini real faktlar əsasında açıqlayaraq  bildirmişdir ki, təşkilatla əməkdaşlığımız qarşılıqlı maraqlar və  hörmətə əsaslanır. “Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?” söyləyən ölkə Prezidenti İlham Əliyev vurğulamışdır ki,  Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, əlaqələrin qarşılıqlı maraq əsasında inkişafında maraqlıyıq. Müstəqil dövlət kimi gələcək  xarici siyasətini müdrikliklə    müəyyənləşdirən, ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirən cənab İlham Əliyev ölkəmizdə ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırmışdır.  Xatırlasaq, dövlətimizin başçısı İlham Əliyev görüş zamanı bu faktı da diqqətə  çatdırmışdır ki,  Avropa Parlamentinin  qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı  qərəzli mövqe nümayiş etdirildiyi halda qurum Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib.

Bu kimi faktları xeyli  sayda sadalamaq olar. Amma reallığı hansısa qərəzli fikirlərlə inkar etmək qeyri-mümkündür. Azərbaycan dövlətinin  uğurlu siyasəti son zamanlar yanaşmalarda müsbət istiqamətdə dəyişikliyə yol açıb. İstər dünya dövlətləri, istərsə də beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, ölkəmizdə demokratik inkişafı düzgün dəyərləndirməyə çalışır. Ötən ilin uğurları sırasında yer alan Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdalşlıq priortetləri” sənədi də bir çox məqamlara işıq saldı. Azərbaycanda demokratik  təsisatların inkişafını təqdir edən qurum, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətimizin mövqeyini dəstəkləyərək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipinə üstünlük verildiyini bəyan etdi.   Cənab İlham Əliyevin çıxışlarında daim  bu fikir önə çəkilir ki, ölkəmizə qarşı  əsassız yanaşmalara cavab Azərbaycanın reallıqlarıdır.

Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan ölkədir. “Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq” söyləyən dövlətimizin başçısı bir məqamı da xüsusi qeyd edir ki, o qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir: “Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Müstəqil siyasət bundan sonra da aparılacaq. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir. Harada ki, bu maraqlar təmin edilirsə, biz əlbəttə, bu təşəbbüslərə qoşuluruq. Harada ki, görürük maraqlarımıza ziddir, əlbəttə, Azərbaycan o təşəbbüslərin iştirakçısı ola bilməz.”

Qısa təhlil Azərbaycanda daxili ab-havanın, eyni zamanda, beynəlxalq baxışın nə qədər  yüksək səviyyədə olduğunu açıqlayır.     1993-2003-cü illərdə qoyulan möhkəm təməl  Azərbaycanın bütün çətin sınaqlardan şərəflə çıxmasını və bugünkü sürətli inkişafa nail olmasını təmin edir. Bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Cənubi Qafqazın parlayan ulduzuna çevrilən Azərbaycan, eyni zamanda, dünyanın 10 xoşbəxt ölkəsi sırasındadır.  Məhz bu uğurlarımıza əminlik  Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi şərtləndirdi.  Bu hədəfimiz də xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda reallığa çevrilir.

Yeganə Əliyeva, “İki sahil”