23 sentyabr 2020 12:22
1236

Ukrayna Prezidenti Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı paylaşım edib

Ukrayna Prezidenti Vladimir Zelenski öz “Twitter” səhifəsində Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçinin yaradılması ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, belə bir audiobələdçinin yaradılması ilə əlaqədar qarşılıqlı razılıq 2019-cu ilin dekabr ayında, Ukrayna Prezidentinin və ölkənin birinci xanımının Azərbaycana səfəri çərçivəsində Yelena Zelenskayanın Azərbaycan Milli Xalça Muzeyini ziyarəti zamanı əldə edilib. Yelena Zelenskayanın Ukrayna dilinin dünyada geniş yayılması, o cümlədən dünyanın ən iri muzeylərində Ukrayna dilində audiobələdçilərin tətbiq edilməsi layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində yaradılan audiobələdçi Ukraynanın Müstəqillik Günü - 24 avqust 2020-ci il tarixində təqdim olunub.

Artıq Azərbaycan Milli Xalça Muzeyini Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı Ukrayna dilində audiobələdçi ilə kəşf edə bilərsiniz. Azərbaycan Milli Xalça Muzeyi həm yerli əhalinin, həm də turistlərin muzeyimiz haqqında ətraflı məlumat almaq imkanlarını genişləndirmək üçün səylərini davam etdirir.