İyulun 4-də Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı və H.Z. Tağıyev adına Neft - Qaz Çıxarma İdarəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirildi.
Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyev hələ Sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Ulu Öndər hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta İttifaq səviyyəsini ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini 2 dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, xalqımızın güzəranı qat-qat yaxşılaşdırıldı. Məhz o illərdə milli azadlığın və özünüdərkin təbliği istiqamətində atılan addımlar, yaradılan şərait növbəti illərdə öz bəhrəsini verdi. Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Ulu Öndərin siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin deputatı Rauf Əliyev bildirdi ki, Azərbaycan xalqının keçdiyi çətin və mürəkkəb inkişaf yoluna işıq saçan, onun bugünkü müstəqilliyinin yaranmasında və inkişafında, müasirləşməsində və yeniləşməsində müstəsna xidmətləri olan Heydər Əliyev fenomenini xüsusi qeyd etmək lazımdır. Ölkəmizin dünya birliyinə inteqrasiyası bir daha göstərir ki, Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası, neçə-neçə onillər üçün hesablanmış perspektivlər ölməz siyasətçinin fədakarlığının nəticəsidir. Bütün məqamlarda insan amilinə diqqəti önə çəkən Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hissini daha da gücləndirmişdir.
H.Z. Tağıyev adına Neft - Qaz Çıxarma İdarəsinin rəisi Fəxri Haqverdiyev bildirdi ki, Ulu Öndər öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsl xilaskarlıq nümayiş etdirmişdir. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, Vətənə sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb. Azərbaycanın iqtisadi, sosial inkişaf səviyyəsinə görə bölgənin lideri olması, müasirləşməsi, yeniləşməsi, respublikanı əhatə edən quruculuq işlərinin geniş vüsət alması ümummilli liderimiz Heydər Əliyev ideyalarının hər bir Azərbaycan vətəndaşı tərəfindən həyata keçirildiyinin bariz nümunəsidir. Ulu Öndərin ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çoxşaxəli fəaliyyətin əsasında dayanır.
Tədbirdə çıxış edən gənc neftçilər bildirdilər ki, təməlini Ümummilli Liderin qoyduğu milli dövlətçilik ideologiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısının uğurlu daxili və xarici siyasəti sayəsində müstəqilliyi tam təmin olunan Azərbaycan durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.
Şəmsiyyə Əliqızı, “İki sahil”