30 iyul 2020 18:12
2406

Ümid, sevgi, qayğı, xeyirxahlıq, həmrəylik bayramı…

Bir-birini əvəzləyən günlərin işığında təqvim vərəqinə nəzər saldıqda,  bayram tarixlərinin yaxınlaşdığını gördükdə qəlbimizə və ruhumuza  sevinc hissləri dolur. Sanki əhvalımızda şadlıq  gülləri qönçələnir, həyat eşqi yüksəlir. Çünki bayram elə bir məfhumdur ki, yaşından asılı olmayaraq hər kəs onun gəlişinə körpə uşaq kimi sevinir.

Bayram bərəkətdir, ümiddir, sevgidir, qayğıdır. Bu gün millət, xalq, müsəlman olaraq bölüşdüyümüz sevincli və özünəməxsus özəl günlər var. Bunlar dini bayramlarımız olan Ramazan və Qurban bayramlarıdır. Bu bayramlar dünya müsəlmanlarının ortaq şadlıq günlərinə çevrilib. İllərdir ki, ölkəmizdə keçirilən bayramlar milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təcəssümünə çevrilir.

Həmrəylik və qardaşlığın, humanizm, mərhəmət və səxavətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. “Qurban” kəlməsinin lügəvi mənası “Allaha yaxınlıq etmək üçün vəsilə olan” deməkdir. Dini termin olaraq isə qurban “ ibadət məqsədi ilə müəyyən bir vaxtda müəyyən şərtləri olan heyvanı qaydalara görə kəsmək və ya bu şəkildə kəsilən heyvan” deməkdir. 

Müsəlmanlar Allah adına qurbanlar kəsir, birlik, bərabərlik, həmrəylik nümayiş etdirir, xoş niyyətlərini dilə gətirir, onların həyata keçməsini arzulayırlar. Bununla da onlar xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.Bu bayram həm də humanist dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Kəsilən qurbanlardan ehtiyacı olan insanlara pay göndərilir ki, bu da insanlarda mərhəmət hissini aşılayır.

Hər kəsə məlumdur ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Sevindirici haldır ki, cəmiyyətimizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Dövlətin gücünü əhalisinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident İlham Əliyev bütün dünyaya göstərir və sübut edir ki, tolerantlıq xalqımızın ruhundadır və bu baxımdan Azərbaycan bir ölkə kimi dünyanın digər dövlətlərinə nümunə ola bilər. Bu gün belə bir ölkədə yaşayan Azərbaycan xalqı insanları halallığa, paklığa səsləyən Qurban bayramını qeyd edir. Qurban bayramı dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət, tolerantlıq demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir.  Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd edilir.

Qurban bayramı bir daha onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Bu hadisənin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün ixtiradır. Allah özünün yaratdığını öz yolunda qurban kəsilməsini qəbul etmir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, Orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din və məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi Qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Qurban bayramının əsas şərtlərindən biri də odur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq islamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi və qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə, gördükləri mərhəmətə və qayğıya görə.

Bu deyilənlərdən bir daha aydın oldu ki, Qurban bayramı mənəvi-əxlaqi dəyərlərimizi özündə təcəssüm etdirərək insanları hallalığa, paklığa, birliyə səsləyir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.

Təəssüflər olsun ki, bu il bir çox bayramlar kimi, Qurban bayramı da dünya dövlətlərinin, eləcə də Azərbaycanın qarşılaşdığı çətin sınaq dövrünə, bəşəri bəla statuslu koronavirus pandemiyası ilə mübarizə dönəminə təsadüf etdi. Buna baxmayaraq, şübhəsiz ki, vətəndaşlarımız mövcud sərt karantin rejiminin qaydalarına əməl etməklə Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirəcək, öz nəcib əməlləri ilə belə kritik günlərdə cəmiyyətimizdə birlik və bərabərlik, həmrəylik ovqatı bəxş edəcəklər.

Sonda bir daha dünya müsəlmanlarını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə ən xoş arzularımızı çatdırırıq. Kəsdiyiniz qurbanlar, etdiyiniz dualar Uca Allahın hüzurunda qəbul olunsun. Canınız sağ, süfrələriniz isə bərəkətlə dolsun.

Ümidvarıq ki, növbəti il xəstəlikdən, bəladan uzaq daha hüzurlu, firavan bir bayram qeyd etmək bütün müsəlmanlara, eləcə də həmvətənlərimizə yenidən nəsib olar. Əminik ki, əsl bayram səviyyəsində qeyd edəcəyimiz özəl günlər hələ çox olacaq. Həmin bayram tarixləri isə növbəti illərin təqvim vərəqlərində bizi gözləyir...

Yaqut Ağaşahqızı, “İki sahil”