26 mart 2020 15:00
836

Vüqar Bayramov: Sahibkarlar sosial məsuliyyət nümayiş etdirməlidir

Koronavirusun qlobal miqyası genişləndikcə həm dünya üzrə iqtisadi artım tempinin, həm də strateji məhsulların, o cümlədən neftin qiymətinin kəskin azalması müşahidə olunur.

Bunu Trend-ə millət vəkili Vüqar Bayramov bildirib.

Deputat deyib ki, əhalinin sağlamlığının və təhlükəsizlyinin qorunması üçün ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması ölkədə işgüzar fəallığa və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərsə də, Azərbaycan iqtisadiyyatında baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi həyata keçirilməkdədir.

İqtisadçı alim bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 1 milyard manat vəsaitin ayrılması sahibkarlara dəstəyin gücləndirilməsi üçün yeni imkanlar yaradır. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib ki, bu da bu vəsaitdən səmərəli və şəffaf istifadənin təmin olunması zəmin yaradır.

V.Bayramov bildirib ki, sahibkarların gözləntisi və reaksiyası başadüşüləndir. Azərbaycan hökuməti vergi güzəştləri tətbiqini müzakirə etməklə yanaşı, sahibkarlığın, xüsusilə KOB-ların kreditləşdirməsi şərtlərinin yumşaldılması, kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması, özünəməşğulluq proqramının genişləndirilməsi ilə bağlı yeni təşəbbüsləri reallaşdırmaqdadır.

Millət vəkili qeyd edib ki, hazırkı dövrdə sahibkarların sosial məsuliyyətinin daha da artırılması vacib olmaqla yanaşı, güzəştlərin tətbiqi zamanı şəffaf, vicdanlı, sosiallıq nümayış etdirən biznes nümayəndələrinə üstünlük verilməsi çox zəruridir. Bu baxımdan, leqal fəaliyyətin biznesin fundamental şərti olması, vergilərin vaxtında ödənilməsi, iş yerlərinin və məşğulluğun qorunması, əmək müqavilələrinə xitam verilməməsi, ödənişsiz məzuniyyətlərə yol verilməməsi və əməkdaşlarını ixtisar etməyən şirkətlərə əlavə vergi və gömrük preferensiyalarının verilməsi zəruridir.

V. Bayramov deyib ki, istehlak kreditləri üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması ilə bərabər, yaranmış vəziyyətdə şəffaf iqtisadiyyatın vacibliyi bir daha aktualdır.

Millət vəkili sahibkarları korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, iş yerlərini ixtisar etməməyə çağırıb. O bildirib ki, koronavirusa qarşı mübarizə sahibkarların korporativ sosial məsuliyyət prinsiplərinə əməl etməsi və bütövlükdə həmrəylik nümayiş etdirməsini zəruri edib. Belə həsas dövrdə, sahibkarların sosial öhdəlikləri qarşılaması çox vacibdir: “Cənab Prezidentin qeyd etidyi kimi, biz birlikdə daha da güclüyük”.