27 oktyabr 2020 18:37
626

Xalqımız qətiyyətli, uzaqgörən Ali Baş Komandanı və müzəffər ordusu ilə fəxr edir

«Artıq dünya ictimaiyyəti də görür ki, işğalçı Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozur, illərdir azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təbii ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. BMT Təhlükəsizlik Şurası tərəfindən ard-arda qəbul olunan 4 məlum qətnamənin qəbulundan 27 ilə yaxın bir dövr keçir”. Ancaq bu müddət ərzində nə sülh, nə danışıqlar prosesi bir nəticə verib, nə də məlum 4 qətnamənin icrası mümkün olub.  Mənfur qonşularımız hər zaman beynəlxalq hüququn norma və prinsiplərini beynəlxalq ictimaiyyətə və demokratiya qanunlarına etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərinin azad olunması barədə  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır.  Təcavüzkar Ermənistanın keçmiş və indiki qanlı, cinayətkar hakimiyyətləri, Qarabağda, elə Ermənistanın özündə, yüzminlərlə həmvətənimizin öz dədə-baba yurlarından zorla, vəhşicəsinə qovulmasına şərait yaradıblar. Ermənistanın həyata keçirilən son deportasiyası zamanı Quqarkda, Masisdə azərbaycanlı gənclərin dəmir borulara doldurulub ağızları qaynaqlanaraq, qəddarcasına, barbarcasına qətlə yetirilməsində, Xocalı, Ağdaban, Meşəli, Cəmilli, Qaradağlı, Bağanıs Ayrım qətliamlarında əli olanlar nə cəzalandırılıb, haqq divanına, Haqqa Tribunalına çəkilib, nə də BMT və onun Təhlükəsizlik Şurası, vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu və həmsədrlər öz üzərilərinə düşəni etməyiblər. Sadəcə, quru, mənası, effekti, təsiri olmayan, işğalçı ilə işğala məruz qalanı eyniləşdirən bəyanatlarla, söz yığını olan açıqlamalarla çıxış ediblər.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.

Jalə Əliyeva qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bir çox hallarda az qala Ermənistanın vəkili, vəziri, sözçüsü rolunda çıxış ediblər. Açıq şəkildə demək lazımdır ki, hər 3 həmsədr ölkə-Rusiya, Fransa və ABŞ tarixən ermənipərəstlikləri ilə seçiliblər.  Xüsusilə də ötən illərdə Fransa ilə Rusiya daha çox ermənipərəst mövqe sərgiləyiblər. Bu, nə onların vasitəçilik missiyasının ruhuna, nə də ölkələrimiz arasında mövcud olan əməkdaşlığın, bəzi hallarda tərəfdaşlığın ruhuna, mahiyyətinə uyğun gəlmir. Ələlxüsus, Şimal qonşumuzun mövqeyi bir çox hallarda ziddiyyətli, ziyanlı və xoşagəlməz təsir bağışlayır. ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri olmasına rəğmən, Rusiya tərəfindən münaqişə başlanandan, xüsusilə 90-cı illərdən işğalçı ölkə zaman-zaman silahlandırılıb.  Buna 90-cı illərin ortalarında da, sonrakı illərdə də, elə bu günlərimizdə də rast gəlinib. Bunlar artıq gizlədilməsi mümkün olmayan faktlardır, gerçəkliklərdir. Artıq hər şeyi adı ilə çağırmaq lazımdır. Çünki bu faktlar, gerçəkliklər hətta zaman-zaman onların öz siyasiləri, rəsmiləri tərəfindən də etiraf olunub, dilə gətirilib. Heç təsadüfi deyil ki, telefon danışıqlarında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu yöndə olan faktları, o cümlədən sonuncu faktı həmsədr dövlətin-Rusiyanın Prezidenti Vladimir Putinin diqqətinə çatdırıb, Azərbaycan cəmiyyətinin haqlı narahatlığını və narazılığını ifadə edib”. İnanmaq və ümid etmək istərdim ki, heç olmasa bundan sonrakı dönəmdə bu cür hallara yol verilməyəcək, Ermənistanın silahlandırılması dayandırılacaq”.

Jalə Əliyeva diqqətə çatdırıb ki, ermənilər humanitar atəşkəs üçün Azərbaycana üç dəfə minnətçi düşdülər və üç ölkənin Xarici İşlər nazirlərinin 11 saat keçən görüşünün nəticəsində atəşkəs elan edildi. Atəşkəs razılaşmasının mürəkkəbi qurumadan ermənilər Gəncəyə raket ataraq, mülki əhaliyə qarşı qətliam törətməklə bu sazişi pozdular. Mülki insanlara qarşı hərbi cinayət həyata keçirdilər. Bu hadisə ikinci Xocalı hadisəsidir. Təəssüf ki, beynəlxalq təşkilatlar, xüsusilə  Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri yenə də  seyrçi mövqedədirlər. Bu da  işğalçı ölkəni daha da həyasızlaşdırır”. Ötən 32 ildə erməni vandalizmini, erməni terrorizmini bütün dünyaya çatdırdığımız kimi, Gəncədə törədilən son terror aktını da dünyaya çatdırmalıyıq. Erməni terrorçuları 28 il sonra ikinci Xocalı soyqırımını törətdilər. Bunun başqa adı yoxdur. Ancaq çox təəssüflər olsun ki, 28 il öncə olduğu kimi, yenə də dünya birliyi, beynəlxalq təşkilatlar Gəncədə törədilən vandalizm, soyqırımı aktına səssiz qaldılar, özlərini karlığa, korluğa, lallığa vurdular. Bu, qəbuledilməz və yolverilməzdir. Onların cavabı verilməlidir və müzəffər ordumuz bunu mütləq edəcək.

Jalə Əliyeva əlavə edib ki, guya bu gün də danışıqlar masasına oturacaqlarmış kimi bəyanatlar irəli sürürlər. Üçüncü humanitar atəşkəsdən də az vaxt keçdikdən sonra Tərtər rayonunun kəndləri  ağır artilleriya atəşlərinə məruz qalıb.  Artıq Azərbaycan 25-30 il əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan güclü, qüdrətli dövlətdir və öz ərazi bütövlüyünü təmin etməkdədir.

Jalə Əliyeva xüsusi olaraq vurğulayıb ki, xalqımız bu günü çoxdan gözləyirdi. Azərbaycanın güclü ordusu və qətiyyətli, uzaqgörən, müdrik Ali Baş Komandanı var. Prezident İlham Əliyev xalqa müraciətində vəziyyəti ətraflı təhlil etdi. Dövlətimizin başçısı Ermənistanın xüsusən son illər törətdiyi təxribatları diqqətə çatdıraraq bildirdi ki, işğalçı ölkə danışıqlardan yayınır. Azərbaycan xalqı iki əsrdir erməni təcavüzündən, milliyyətçiliyindən, terrorundan və işğalından əziyyət çəkir. Artıq Azərbaycan Ordusu, xalqı, dövləti bu işğala son qoymağın vaxtının çatdığını düşmənə göstərdi. Qələbə Azərbaycanındır. Bütün Azərbaycan xalqı vahid bayraq altında birləşib, vətəndaşlarımız ordumuzun yanındadır. Biz böyük tarixi anlar yaşayırıq”. Hesab edirəm  ki, yaxın günlərdə bizə böyük qələbəni görmək qismət olacaq. Xalqımız həmrəydir, gənclərimiz, ehtiyatda olan döyüşçülərin hamısı bir bayraq altında, vahid amal uğrunda sıx birləşib. Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür. Bir fikrimiz, bir amalımız var: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu bizdən şəhidlərimizin tökülən qanı tələb edir. Bu gün xalqımız  qətiyyətli, uzaqgörən Ali Baş Komandanı və müzəffər ordusu ilə fəxr edir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»