19 iyul 2019 10:27
1149

YAP Binəqədi rayon təşkilatından “İki sahil”ə bayram təbriki - FOTO + VİDEO

Milli Mətbuat Günü ərəfəsindəyik. Həm çoxsaylı mətbuat orqanlarının, həm də geniş oxucu auditoriyasının bayramı olan bu günlə əlaqədar olaraq ölkəmizin bütün strukturlarında, idarə və müəssisələrində tədbirlər keçirilir, cəmiyyətimizin güzgüsü kimi dəyərləndirilən mətbuatın keçdiyi şərəfli yola bir nəzər salınır.

Bu bayramı media nümayəndələri ilə birgə böyük sevinc hissi ilə qeyd edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və təşkilatın digər təmsilçiləri “İki sahil” qəzetinin redaksiyasında oldular. Başda qəzetimizin baş redaktoru Vüqar Rəhimzadə olmaqla bütün əməkdaşlarımızı 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edən, qəzetimizlə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, Azərbaycanda azad və müstəqil mətbuatın yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndərimiz kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, ölkəmizdə jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Kütləvi informasiya vasitələrinin dövlət qayğısı ilə əhatə olunması ənənəsi bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Kütləvi informasiya vasitələrinin inkişafının stimullaşdırılması, mətbuat işçilərinin mükafatlandırılması dövlət orqanları ilə mətbuat arasında qarşılıqlı inam və etimad olmasına səbəb olmuşdur. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin edilməsi, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri, mətbu fəaliyyətin maneəsiz  həyata keçirilməsinə yaradılmış şərait mətbuata dövlət qayğısının əyani ifadəsidir.

Ramiz Göyüşov qeyd etdi ki, YAP Binəqədi rayon təşkilatı mətbuatla əməkdaşlığa böyük önəm verir. Regionda əsl söz sahibinə çevrilən Azərbaycanın dünyada iqtisadi və siyasi mövqeyi günbəgün möhkəmlənir. Bunu olduğu kimi dəyərləndirmək hər bir Azərbaycan vətəndaşında  böyük iftixar hissi yaradır. Bu hisslərin formalaşmasında mətbuatımızın rolu böyükdür.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bu diqqətə görə YAP Binəqədi rayon təşkilatına qəzetin kollektivi adından  minnətdarlığını bildirdi. Qeyd etdi ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan  Yeni Azərbaycan Partiyasının hər bir üzvü ulu öndər Heydər Əliyevin ideyalarının təbliğatçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin dəstəkçisidir. Sıralarında 750 minə yaxın üzvü birləşdirən partiyaya milyonların  sevgisi şəksizdir. Bu gün partiyanın hər bir üzvü belə güclü, qüdrətli təşkilatda təmsil olunmaqdan qürur duyur. Azərbaycan reallıqlarının təbliğatçısı missiyasını şərəflə yerinə yetirən mətbuatımız dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur.  XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanda mətbuatın çiçəklənmə dövrünün ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra başladığını vurğulayan  baş redaktor bildirdi ki, Ulu Öndər milli mətbuatın inkişafına həmişə böyük əhəmiyyət vermiş, vaxtaşırı mətbuat işçiləri ilə görüşmüş, onların fikirlərinə, təkliflərinə böyük həssaslıqla yanaşmışdır. Məhz bu dövrdə Azərbaycanda mətbuatın mükəmməl qanunvericilik bazası yaradılmış, onun fəaliyyətini tənzimləyən ən zəruri qanunlar qəbul edilmişdir.  Azərbaycan mətbuatı bütövlükdə 1998-ci il avqustun 6-dək 123 il müddətində senzura şəraitində fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə KİV üzərində senzura ləğv olunmuş, ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində əməli tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. 2003-cü ildən yaradılmış Azərbaycan Mətbuat Şurası və 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi milli mətbuatımızın inkişafına mühüm töhfədir. Bu gün Azərbaycanda azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu mövcudluq sosial sifarişə, ən əsası isə Prezident İlham Əliyevin siyasi iradəsinə söykənir.

Görüşdə çıxış edənlər cəmiyyətin informasiya təminatında, maariflənməsində mətbuatın əvəzsiz rolunu qeyd edərək bildirdilər ki, bu gün qəzet, jurnal, informasiya agentliyi təsisi üçün münbit şərait var. Ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılıb.  Jurnalistlərin əməyi yüksək qiymətləndirilir, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkili, onlara birdəfəlik yardımların göstərilməsi, “Əməkdar jurnalist” adının bərpa olunması buna bariz nümunədir. 22 iyul - Milli Mətbuat Günü təkcə mətbuat işçilərinin deyil, bütün Azərbaycan xalqının bayramıdır.

Görüşdə Ramiz Göyüşov 22 iyul Milli Mətbuat Günü münasibətilə “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə təbrik blaketi təqdim etdi.

Sonda bayram rəmzi olan tort kəsildi.

Şəmsiyyə Əliqızı, “İki sahil”